Paşinyandan Putinə daha bir zərbə - İrəvanda rus kapitalı sıxışdırılır |
Ermənistan indi sərhəddə "mavi yanacağ"ın 1000 kubmetrinə görə Rusiyaya 165 dollar ödəyir. Halbuki Rusiya eyni qazı Avropa ölkələrinə 1500 dollara satır ki, bu da ermənilərin əldə etdiyi yanacaqdan 1335 dollar bahadır.
"Yəni hər il 2 milyard kubmetr qaz əldə etsək, belə çıxır ki, Ermənistan Rusiya Federasiyasından təxminən 2,6 milyard, ayda isə 220 milyon dollar subsidiya alır" - Bu hesablamaları Ermənistan Respublikasının keçmiş baş naziri Hrant Baqratyan vektor dəyişikliyinin nə qədər təhlükəli olduğunu və qərbyönlü oyunların ardınca nələrin gələ biləcəyini göstərmək üçün aparıb.
"Aydın məsələdir ki, bu sədəqənin də müəyyən "qiyməti" var. Belə bir xeyirxahlığı Vladimir Putin Belarusa qarşı da edir. Belarus isə Rusiya ilə ittifaq dövlətidir və Moskvanın ən sadiq müttəfiqi sayılır. Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Burada xüsusi gömrük rüsumları yoxdur və biz də bundan istifadə edirik. Ən əsası isə 2013-cü ildə qəbul olunan məlum qanundan yararlanırıq. Hansı ki, Rusiyanın Orenburq vilayətində mövcud olan qaz qiyməti əmsalı bizə tətbiq edilir. 2013-cü il müqaviləsi 30 il müddətinə imzalanıb. Yəni o, 2043-cü ilə qədər qüvvədədir. Lakin müqaviləyə əsasən, tərəflər 6 ay əvvəldən bir-birini xəbərdar etməklə istənilən vaxt müqaviləni ləğv edə bilər. Yəni Rusiya hər an deyə bilər ki, "mən indi fors-major vəziyyətdəyəm və Ermənistanı yeni qiymətlə razılaşmağı təklif edirəm". Yeni qiymət isə Ermənistanın indiki anti-Rusiya oyunları fonunda Avropa qiymətinə yaxınlaşacaq. Bu məsələdə Baqratyanın müəyyən hesablamaları da var. Əgər bizdə qazın qiyməti dünya səviyyəsinə yaxınlaşsa, həyat səviyyəsi 30 faiz aşağı düşəcək. Yoxsulluq səviyyəsi 50 faizi keçəcək. Təbii ki, bu halda Rusiya ilə yeni danışıqlara və qazın qiyməti ilə bağlı yeni qaydalara mütləq ehtiyacımız yaranacaq", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az