`Azərbaycan Rusiya ilə Ukraynanı barışdıra bilər` – MÜSAHİBƏ, EKSKLÜZİV

`Azərbaycan Rusiya ilə Ukraynanı barışdıra bilər` – MÜSAHİBƏ, EKSKLÜZİV
  07 May 2014    Oxunub:2333
Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyskinin AzVision.az-a eksklüziv müsahibəsini təqdim edirik.

- Ukrayna Qafqaz Xalqları Konqresinin fəaliyyəti barədə məlumat verərdiniz...


- Qafqaz Xalqları Konqresi Ukraynada yaşayan Qafqaz xalqlarının nümayəndələrini - azərbaycanlılar, gürcülər, çeçenlər və digərlərini birləşdirir. Qafqaz Xalqları Konqresi bu diaspora nümayəndələrinə eyni mövqedən çıxış etməyə imkan yaradır. Ukraynada bir çox Qafqaz xalqlarının diasporaları var – bu gün üçün təxminən 18 xalqın nümayəndəsi Konqresdə təmsil olunub.

- Ermənilər də təmsil olunurmu?

- Yox, ermənilər yoxdur. Ermənilərin özlərinin Ukraynada bir neçə cəmiyyətləri var. O cəmiyyətlərin arasında da bir ortaq mövqe yoxdur. Biz cəmiyyətin tərkibində olan Qafqaz xalqlarının nümayəndələrinin birgə mövqedən çıxış etməyini təşkil edirik. Onların mövqeləri bizim mövqelərlə bir gəlmirsə, deməli, bizim cəmiyyətdə təmsil oluna bilməyəcəklər.

- Azərbaycanlıların və digər milli azlıqların seçkilərdə iştirakını aktivləşdirmək üçün nələr nəzərdə tutulub?

- Mən Ukraynada yaşayan bütün azərbaycanlıların adından danışa bilmərəm. Bunun üçün azərbaycanlıların konqresi, diasporu, rəsmi nümayəndəlik var. Lakin Qafqaz Xalqları Konqresində və mənim ətrafımda təmsil olunan azərbaycanlıları səsvermə zamanı aktivləşdirməliyik. Bunun üçün müəyyən dövlətlərin, Qafqaza baxsaq, məsələn, Gürcüstanın, Azərbaycanın, Çeçenistanın dövlət proqramları var. Ukrayna vətəndaşı olan azərbaycanlılar təxminən ümumi əhalinin yarım faizinə yaxındır. Real olaraq isə orada 500 minə yaxın soydaşımız yaşayır. Onlar orta və kiçik bizneslə məşğuldurlar, işçiləri var. Dolayı yolla da müəyyən bir nüfuza malikdirlər. Təbii ki, bu nüfuzdan da istifadə etmək lazımdır. Bunun da hesablamasını aprırıq və görürük ki, seçicilərin bir ya iki faizinə azərbaycanlılar təsir edə bilər. Bizimlə qəlbən bir olan xalqları da ətrafımızda birləşdiririk. Çünki müəyyən xalqlar var ki, onlar 5 - 6 min civarındadır. Həmçinin də Kırım tatarları, türkdilli xalqlar, qaqauzlar və digərlərini ətrafımızda cəmliyə bilsək, bizim əlimizdə 3-4%-ə yaxın nüfuz olur. Bu da prezident, Ali Rada, regional seçkilərdə mövqeyimizi daha da möhkəmləndirir və soydaşlarımızın problemlərinin həll olunmasında istifadə olunur.

- Seçkidən gözləntilər nədir?

- Biz Qafqaz Xalqları Konqresi olaraq Nazirlər Kabineti qarşısında bir təkliflə çıxış etdik. İki il bundan öncə Milli Azlıqlarla İş Üzrə Dövlət Komitəsi vardı. Onu bir neçə il bundan öncə ləğv etdilər. Bu gün hazırda Mədəniyyət Nazirliyinin tərkibində bir şöbədir, 5 nəfərlik ştatdan ibarətdir. O 5 nəfər 30% -ə yaxın əhalinin - yəni milli azlıqlar Ukraynada 25-30 %-dir,- problemilə məşğul olurlar. Və biz bu məsələni qaldırdıq ki, heç olmasa komitə şəklində bu qurum bərpa olunsun. Çox sağ olsun baş nazir Arseni Yasenyuk, qərar verdi və milli azlıqlarla iş üzrə ombudsman təsis olunub. Biz təkliflərlə çıxış edəndən sonra görürük ki, milli azlıqları eşitməyə başlayıblar.
Biz partiyalarla da görüşlər keçiririk. Və hər bir partiya ilə öz istəklərimizi, mövqeyimizi, tövsiyələrimizi bölüşürük. Hansı tərəfdən bizi daha çox başa düşəcəklərsə, bizimlə razılaşacaqlarsa, o səmtdə də işimizi davam etdirdəcəyik.

- Ukraynda baş verən proseslər soydaşlarımıza necə təsir edəcək?

- Bu gün Ukraynda baş verən hadisələr orada yaşayan hər kəsə mənfi təsir göstərir. Biz öz tariximizdə vaxtilə bundan da pis günləri keçirmişik. Ukraynadan fərqli olaraq, bizim bəxtimiz onda gətirdi ki, Milli Lider bütün insanları öz ətrafında birləşdirə bildi, Azərbaycanı belə bəlalardan qurtardı. Biz bu gün Ukraynada baş verən hadisələri görüb, buna daha da böyük qiymət veririk ki, bizdə vaxtilə belə bir parçalanmanın qarşısı alındı.

Gərək biz də əlimizdən gələni edək ki, Ukraynada olan problemlər öz həllini tapsın. Ən vacibi qızışdırıcı rol oynamamaq, radikal mövqe tutmamaq lazımdır. Biz Rusiyada yaşayan soydaşlarımızı da fikirləşməliyik. Ukraynada yaşayan azərbaycanlıların icması MDB dövlətlərində və dünayda Rusiyadan sonra ikinci icmadır. Biz hər iki tərəfi fikirləşməliyik.

Bir şeyi də diqqətdə saxlayaq ki, Ukrayna və Rusiya slavyan xalqlarıdır. Onlar arasında münaqişə yaymaq yolverilməzdir. Bu baxımdan, barışıq yolunda azərbaycanlılar öz tövsiyəsini verə bilərlər. Bu səmtdə mövqeyimiz Ukrayna tərəfindən bu günə qədər alqışlanıb və əminəm ki, Rusiya dövləti də bu barışığa tərfdardır. Bizim tarixmiz göstərir ki, separatizmə qarşı necə mübarizə aparmaq lazımdır. Separatistləri dəstəkləyən qüvvələrin qarşısı alındığı zaman eyforiya yatacaq və münasibətlər düzələcək.

- Ukraynanın federallaşması məsələsinə oradakı azərbaycanlılar və digər Qafqaz xalqları təmsilçiləri necə yanaşırlar?

- Belə yanaşırlar ki, hər bir məsələ xalqın seçimilə həll olunmalıdır. Amma belə bir vəziyyətdə referendum keçirilməz. Gərək vəziyyət sakitləşsin, insanların eyforiyası keçsin, ondan sonra danışıqlar keçirilsin. Ukrayna prezidentinin vəzifəsini icra edən milliyətcə rusdur. Ukraynanın baş nazirinin müavini milliyətcə yəhudidir, iki naziri rusdur, yəni qardaş xalqdır, nə də olsa, bunlar öz yollarını onsuz da tapacaqlar. Biz gərək bu iki qardaşın barışması yolunda fəaliyyət göstərək.

- Rəsmi Bakının Ukraynadakı hadisələrlə bağlı tutduğu mövqe sizi qane edirmi?

- Azərbaycan dövlətinin tutduğu mövqe nəinki Ukraynada, əminəm ki, Rusiyada da alqışlanır. Bir evdə iki qardaş arasında münaqişə olur. O münaqişəyə qonşu gəlib müdaxilə edəndə ziyanı daha çox olur. O baxımdan, rəsmi Bakının münasibəti tamamilə düzgündür. Azərbaycan prezidentinin professional diplomat kimi yürütdüyü siyasətin nəticəsidir ki, azərbaycanlılar həm Rusiyada, həm də Ukraynda heç bir sıxıntı yaşamırlar. Dövlət hər hansı qərarı qəbul edəndə hər iki ölkədə yaşayan soydaşlarını fikirləşməlidir. Azərbaycan bu mənada, düzgün siyasət yürüdür.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti