Azərbaycanda siyasi islam toparlanır – TƏHLİL

Azərbaycanda siyasi islam toparlanır – TƏHLİL
  10 Aprel 2013    Oxunub:2450
Son vaxtlarda Azərbaycanda siyasi islamın mərkəzləşməsi və fəallaşması prosesləri gedir. Radikal islamçı siyası qüvvələr həm real siyasi meydanda, həm də internetdə fəallaşırlar.
Real siyasət meydanında siyasi islamın fəallığında bir meyl aşkar sezilir: əgər onların çağırışları əvvəllər əsasən Amerika və İsrail əleyhinə yönəlirdisə, indi daha çox daxili siyasi-sosial-iqisadi məsələləri qabardırlar. Məsələn, son günlər məşhur fiqura çevrilmiş Hacı Tale Bağırovun bu sözləri çox yerdə tirajlanır: “Mənim problemin təkcə hicab problemi, ya da dini məsələlərlə bağlı deyil. Bütün pozulan hüquqlarla bağlı mübarizəmi davam etdirəcəyəm”. Göründüyü kimi, açıq-aşkar radikal siyasi mövqedir. Sadəcə, dini ideologiya ilə pərdələnib.

Başqa sözlə, islamçı siyasi qüvvələr daxili siyasət faktoruna çevrilməyə başlayıblar. Həm də “özbaşına” yox – bu prosesi idarə edən qüvvələr var. Bir neçə gün əvvəl Nardaranda keçrilən mitinq və onu müşayiət edən hadisələr də bunu təsdiqləyirdi.

Facebook-da isə dini təmayüllü qrupların sayı və fəallığı sürətlə artır. Hazırda bu sosial şəbəkənin Azərbaycan seqmentində üzvlərinin sayı 500-dən çox olan 9 qrup var ki, orada 19.000-dən artıq insan birləşib. Təxmini hesablama görə, birbaşa dini ad daşımayan, amma həmin xəttə quluq edən qruplarda da 10.000-ə yaxın adam var.

Qruplardakı müzakirələr əsasən hakimiyyət əleyhinə, Azərbaycanın dünyəvi dövlət quruluşunu dəyişməyə yönəlib. Ayrı-ayrı din xadimləri “lider” kimi təqdim olunur, onların fikirləri, çağırışları tirajlanır. İnsanlar məhz dini ideologiya əsasında, dini prinsiplərlə mübarizəyə çağırılırlar. Məsələn, belə: “Azərbaycan dindarları üçün din uğrunda zindana düşmək qorxusu silinib. Artıq Azərbaycan möminləri şəhadət mədəniyyətini öz ruhlarında tərbiyələndirsinlər” (“Evrovision-a YOX deyək” adlı qrupdan). Yəni faktik olaraq, insanlar siyasi mübarizədə ölümə hazır olmağa səslənilər. Bu, çox qorxulu tendensiyadır!

Bir sözlə, din məhz müxalif ideologiya kimi təqdim olunur. Daha da dəqiqləşdisək, şiəlik. Belə ki, dünyanın hər yerində vəhabbilik radikal islami ideologiya kimi çıxış etsə də, Azəbaycanda bu rolu şiəlik oynayır. Facebook-dakı siyasi-islami qrupların hamısı şiə təmayüllüdür. Bu da, əlbəttə ki, təsadüfi deyil: onlar İranın təsiri altında formalaşıb, fəallıqlarını artırırlar.

Düşünməyə tam əsas var ki, İran bu bazadan Azərbaycanın daxili siyasət meydanına nüfuz etmək məqsədilə faydalanır və faydalanacaq. Həmin qruplarda İranın müxtəlf siyasətçilərinin (məsələn, Mənsur Həqiqətpur kimi) Azərbaycan əleyhinə fikirləri haqlı və həqiqət kimi təqdim olunur. Bu, artıq ciddi təhlükədir.

Orası daha pisdir ki, belə vəziyyətdə ənənəvi siyasi müxalifət siyasi islam təhlükəsinə müqavimət göstərməkdənsə, əksinə, dar maraqları uğrunda onlara reverans edirlər ki, bəlkə dindarların hesabına sosial bazaları bir az genişlənsin. Həm də təkcə ənənəvi müxalifət yox – “El” kimi yeni yaranan təşkilat da bu məqsədlə islamçıların üzünə gülümsəyirlər. Bu isə bütün cəmiyyət üçün olduqca təhlükəli taktikadır!

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti