Məşhur bəstəkar: `Azərbaycanın musiqi məktəbi yoxdur` - MÜSAHİBƏ

Məşhur bəstəkar: `Azərbaycanın musiqi məktəbi yoxdur` - MÜSAHİBƏ
  22 May 2014    Oxunub:6313
AzVision.az-ın müsahibi öz istedadı, savadı, zəhməti bahasına musiqinin ən yüksək zirvələrində duran xalq artisti, tanınmış bəstəkar Xəyyam Mirzəzadədir.

- Xəyyam müəllim, səhhətiniz necədir, günləriniz necə keçir?


- Səhhətim indi pis deyil. Düzələcək. 10-a qədər saya bilirəm (gülür). Mənim günüm həmişə yaxşı keçir. İndi heç yerdə işləmirəm. 55 il konservatoriyada çalışandan sonra oradan çıxmışam. Çıxmağımın da səbəbi odur ki, məndən sonra qoy başqaları dərs desin.

Mənim o adamlardan xoşum gəlmir ki, çəyirtkə kimi hoppana-hoppana oradan- ora, buradan- bura gedir. Mən həmişə konservatoriyada işləmişəm. 55 il az deyil, bir igidin ömrüdür.

`Yalaq olmağı bacarmıram`

- `Özümü və yaxınlarımı adilikdən və başqalarına bənzəməkdən qorumuşam, çünki adamlar müxtəlif olmalıdırlar`-deyirsiniz. 79 il ərzində bu müxtəliflik sizə çətin başa gəlmədi ki?


- Biz adi deyilik, adi olmağımız keçib. Tamamilə başqa işlərlə məşğuluq. Əgər məni bir yerə çağırmırlarsa, çağırmasınlar. Mən gecələr onun üçün ağlayan deyiləm. Özləri uduzurlar. Çox şeyin qədrini də bilirəm, özümə də qiymət verirəm.

Konservatoriyada oxuyanda heç vaxt düşünmürdüm ki, yazdığım musiqini satım, pul qazanım. Mən çalışırdım, bilirdim ki, onsuz da bunun vaxtı gələcək. Heç vaxt demirdim ki, qazanc olsun , orada -burada musiqim çalınsın. Çalışırdım ki, yaxşı olsun, tək Azərbaycanda ifa olunmasın, kənarda da məni tanısınlar. Və buna nail olmuşam.

Əsas məsələ odur ki, heç vaxt yalaq olmamışam. Yalaqlıq mənim üçün qeyri-adi bir şeydir, yaddır. Ona görə ki, yardıcılığın yaxşı və qəliz növü ilə məşğul olmuşam. Çevir tatı, vur tatı ilə yox. Sənətkar kimi dünyanın 40-dan artıq ölkəsində olmuşam. Bəzilərində əsərlərim çalınıb, bəzilərində isə sovet bəstəkarlıq məktəbini təmsil etmişəm.

- 75 illiyinizlə əlaqədar olaraq iki cildlik kitabınızı çap etdirdiniz . Niyə satışda yoxdur?

-75 yaşım olanda ağlıma gəldi ki , özümlə bağlı məqalələrimdən ibarət kitab buraxdırım. Həqiqətən də buraxdırdım. Bunun üçün tələbəm Kəmalə Ələsgərlini çağırdım. Çox gözəl bəstəkar, yaxşı musiqişünasdır. Evimdəki, bütün arxivi onun ixtiyarına verdim. Olduqca gözəl arxivim var. İndi o arxiv Musiqi Mədəniyyəti Muzeyindədir. Çünki mən həyatımda çox böyük insanlarla görüşmüşəm. Əvvəla, bizim evimizə yaxşı adamlar gəlib-gedirdilər. Atam Hadi müəllim dilçi alim idi, böyük bir həyat keçib. Fikirləşirdi ki, məndən musiqiçi çıxmasa da, yaxşı ədəbiyyatçı olaram. Ona görə də məni tez- tez indiki akademiyanın binasında gözəl yığınacaqlara aparardı.

Daha sonra yazıçıların Natavan klubunda görüşərdilər. Başqa ölkələrdən gələn alimlərin çıxışlarına qulaq asardım. Nəticədə bizim evimizdə yaxşı materiallar yığılmışdı.

Kitabla əlaqədar nazir Əbülfəs Qarayevin də qəbulunda oldum. Danışdıq ki, kitabımı və disklərimi Mədəniyyət Nazirliyi buraxsın. Onları nazirliyə təqdim etdim. Amma materiallarla tanış olan nazirliyin bəzi işçiləri - onlardan da biri Fərəh Hüseynova idi, indi rektor qoyublar, digəri də şair Vaqif Bəhmənli,- üstümə düşdülər ki, filan kəlmələri, filankəslərin adlarını oradan yığışdır, Leninin, Stalinin adını poz. Dedim, necə pozum, bu, tarixdir, mənim ixtiyarım yoxdur. Bunu onsuz da tarix pozub. Onlar dedilər “yox”, mən də onlara “yox” dedim. Aldım materialları əllərindən, dedim, eybi yoxdur, kitabı özüm buraxdıracağam. İçəri Şəhərdə “Nurlan” nəşriyyatında kitabımı çıxartdırdım öz hesabıma, təqdimatını da etdim. Nə qədər istədilər, kim istədi, vermədim, vermirəm də. Ancaq bilirəm hara vermək lazımdır - məsələn, müəlliflərə, Axundov kitabxanasına, Akademiyaya, universitetə, musiqiçilərə, musiqişünaslara lazımdır, oralara vermişəm.



Sonra Mədəniyyət Nazirliyi disk buraxdırdı. Diskləri indi də buraxıram. Mənim musiqim ciddi musiq olduğuna görə, toyxanalarda işlənmədiyinə görə, bunu ciddi adamlara, musiqi ilə məşğul olanlara verirəm .

-Maraqlısı budur ki, həmin kitabınızda hətta sizi sevməyənlərin tənqidi fikirləri də yer alıb.

- Bu, vacibdir.

- Yeri gəlmişkən, tanınmış bəstəkarlardan kimlər sizin tələbləriniz olub? İndi sizə baş çəkirlərmi? Onlarla münasibətləriniz dostluğa çevrilibmi?

- Ad çəkmək istəmirəm. Kiminsə adını çəkməsəm inciyərlər. 40-dan artıq tələbəm olub. Hər gün qonağım var, tələbələrim gəlir. Onların bəziləri mənim dostarımdır.

- Gözlədiyiniz nəticələri verdilərmi ?

- Tələbələr cürbəcür olur.

- Kimlərlə dostluq etməyə üstünlük verirsiniz?

- Filioloq Araz Dadaşzadə , kinorejissor Arif Babayev və riyaziyyatçı Arif Babayev uşaqlıqdan dostlarımdır. Mənimlə onların dünyagörüşü çox yaxın olub.

- “Skripka çalanlar ən savadlı musiqiçilərdir. Skripka musiqi tərbiyəsi üçün ən yaxşı alətdir” deyirsiniz. Bəs ümumilikdə insanların tərbiyəsində hansı musiqi alətinin rolu böyükdür?

- Bütün alətlərin rolu böyükdür, fərq yoxdur. İnsanların tərbiyəsi üçün həmçinin, ədəbiyyat, rəsm, teatr, heykəltaraşlıq lazımdır. İndi heç kim oxumur, mütaliə etmir. İstəmirlər oxumaq.

`Eurovision çox səviyyəsizdir`

- Əvvəllər musiqiçilər, sənət adamları Maestro Niyazinin və başqalarının evinə yığışardılar. Yardıclıqdan, musiqidən söhbət edərdilər. İndi o ənənə qalırmı?

- Hər dövrün özünün tələbatı var. Əvəllər cürbəcür məclislər var idi. İndi həmin şeir məclisləri belə yoxdur. Dövran ayrı dövrandır. İnsanların həyatı elə cılızlaşıb, elə mürəkkəbləşib ki... Günü-gündən öz mahiyyətini itirən `Eurovision` musiqisi insanlara zərər verir, xeyir yox. Bir qəpiklikdir. Onun heç kimə xeyri yoxdur. Mən bəyənmirəm, çox səviyyəsizdir.



- Musiqi məktəbimizin formalaşmasına gedən yolu necə qiymətləndirirsiniz?

- Azərbaycan musiqi məktəbi yoxdur, rus bəstəkarlıq məktəbinin qoludur. Bizim ən yaşlı bəstəkarımızın - Üzeyir bəyin 125 yaşı var. Rus musiqi məktəbinin özü də italyan, fransız, alman musiqisinin birləşməsindən əmələ gəlib. Təmizlənib, püxtələşib, indiki rus musiqisi əmələ gəlib.

`Musiqimizin başına oyun açırlar`

Bizə gəldikdə isə, deyim ki, dünyanın ən gözəl musiqisi olan Stravinskinin “Muqəddəs Bahar” baleti yazılanda bizdə “Leyli və Məcnun” yazılıb. Bilirsiniz, Azərbaycan musiqisi 3 amilə borcludur: birincisi Uzeyir bəyə , ikincisi Azərbaycandakı hadisələrə, dirçəlişə və sair, üçüncüsü isə Qara Qarayevlə Cövdət Hacıyevin Moskvada təhsil alıb, Bakıya gəlməərinə. Onlar Bakıya gələndən sonra Azərbaycan musiqisi daha da püxtələşdi və dünya musiqisi səviyyəsinə yaxınlaşdı.

İndi isə gərək Mirməmmədli, Aygün Səmədzadə və başqalarının özfəaliyyət dərnəklərinə, birabırçılıqlarına `sağ ol` deyək . Onlar musiqimizin başına oyun açırlar. Vəzifədə işləyən adamlar və onların qohumları bunların mahnılarının mətnlərini yazır, ona görə də mahnı səs salır.

Yeri gəlmişkən, dilimizlə bağlı olan məsələni də nəzərinizə çatdırmaq istəyirəm. İndi Azərbaycan dilinin atası yanıb. Yandırıblar. Yandıranlar da əldəqayırma alimlər və televiziya işçiləridr. Deyirlər ki, filan musiqi gəlsin. Musiqi gələ bilməz, səslənə bilər. Musiqinin ayaqları var ki, gəlsin ? Onu padşahlar deyiblər ki, rəqqasələr gəlsin. Onlar da gəlib oyanyırdılar.

- Hansı ölkələrin musiqi mədəniyyəti sizi qane edir?

- Avropa və Asiya ölkələrində musiqi zövqü çox yaxşıdır.

- Akademik musiqinin insanlar arasında nüfuzunu qaldırmaq üçün nə etmək lazımdır?

- Akademik musiqi əruz vəzni kimi bir şeydir. Necə ki, əruz vəznini çox adam başa düşmür, akademik musiqini də həmçinin. Akademik musiqi üçün ilk olaraq gərək mədəniyyətin, savadın olsun. Nəsimidən, Fizulidən, Məhəmməd Hadidən şeir desəm, məgər hamı başa düşəcək? Yox , bunun üçün böyük bir tərbiyə lazımdır.

-İndi nə yazırsınız, hansı musiqi üzərində çalışırsınız?

- İnsan yaşlaşdıqca yazmaq məsələsi çətin olur. Mənim gözüm fərli görmür, səhhətim də çox elə fərli deyil . Yenə də hərdən nəsə edirəm. Demək olar ki , 2-3 həftə bundan qabaq bir filmin musiqisini yazmışam. Amma əlimdə işim yoxdur, bitirmişəm. Sonuncu işim skripka üçün konsert olub. İndi onu haçan camaata təqdim edəcəyəm, Allah bilir. Ona görə ki, ifaçısı yoxdur, çox çətin bir konsertdir. Səhhətim yaxşı olmadığına görə o işlərlə məşğul ola bilmirəm.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən olmadı?

- Oğlanlarımın ikisi də Bülbül adına məktəbi bitirsələr də, heç biri atalarının yolu ilə getməyib. Böyük oğlum BDU-nun ərəbşünaslıq fakültəsinə girdi, hazırda XİN-də protokol idarəsinin rəisidir. Kiçik oğlum isə MDU-nun tarix fakültəsini, BDU-nun hüquq fakültəsini və iqtisad universitetini bitirib. Gömrük Komitəsində qaçaqmalçılıq şöbəsinin rəis mavinidir. Polkovnikdir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti