“Gen qayçısı” xərçəngə qarşı

// Əsrin bəlasına qarşı peyvəndin hazırlanacağı günə çox qalmayıb

   “Gen qayçısı” xərçəngə qarşı
  25 İyun 2023    Oxunub:4034
Dünya Xərçəng Araşdırmaları Fondunun məlumatına görə, planetdə 18 milyondan çox insan xərçəng xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ölüm sayına görə dünyada ikinci yerdədir.
Amerika Xərçəng Cəmiyyəti 2040-cı ilə qədər 27,5 milyon insanın xərçəng xəstəliyinə tutulacağını proqnozlaşdırır. İnsanların əksəriyyəti – ildə təxminən 1,8 milyon nəfər ağciyər xərçəngindən ölür. Hesab olunur ki, xərçəngin əsas səbəbləri siqaret, qeyri-sağlam qidalanma, artıq çəki və az hərəkətdir.

“Biomedcentral” xəbər verir ki, Harvard Universitetinin tədqiqatçıları xərçəngin müalicəsi üçün yeni peyvənd hazırlayıb və siçanlar üzərində uğurla sınaqdan keçiriblər. Bunun üçün elm adamları CRISPR-Cas9 gen redaktə alətindən (“genetik qayçı”) istifadə edərək, canlı xərçəng hüceyrələrinin DNT-sini dəyişdiriblər ki, onlarla əlaqəli bədxassəli hüceyrələri tapsınlar və öz-özünü məhv etmə mexanizmlərini işə salsınlar.


Bu cür peyvəndlərdə adətən qeyri-aktiv hüceyrələrdən istifadə edilir, lakin tədqiqatçılar canlı hüceyrələrin öz "qohumlarını" tapmaq qabiliyyətindən faydalanmaq qərarına gəliblər ki, bu da terapiyanın məqsədyönlü tətbiqinə imkan verir.

Bundan əlavə, redaktə edilmiş hüceyrələr immunitet sisteminə onları asanlıqla tanımağa və xatırlamağa imkan verir ki, bu da gələcəkdə şişin inkişafına mane ola bilər.


Peyvənd beyin şişinin ən çox yayılmış və aqressiv forması olan qlioblastomalı siçanlar üzərində sınaqdan keçirilib və terapiya nikbin nəticələr verib – şiş nəzərəçarpacaq dərəcədə kiçilib. Tədqiqatın müəllifləri hesab edirlər ki, peyvəndin klinik sınaqları 3-5 il ərzində həyata keçirilə bilər.

Müasir tibb onkoloji xəstəliyi erkən mərhələlərində effektiv şəkildə aşkar etməyi öyrənib, lakin universal peyvənd və ya terapiya hələ hazırlanmayıb. Klassik müalicə cərrahiyyə, kimyaterapiya və radiasiya terapiyasıdır. İnnovativ müalicələrə immunoterapiya və CAR-T terapiyası daxildir. Bu zaman birincisi, immunitet sisteminin süni stimullaşdırılmasını nəzərdə tutur. İkincisi, xəstəyə şiş hüceyrələrini tanımaq üçün xüsusi zülalların birləşdirildiyi öz T-limfositlərinin vurulmasıdır. Bununla belə, bu üsulların hər ikisi hələ də tədqiqat mərhələsindədir.

Samir Quliyev
AzVision.az



Teqlər: Elm   Tibb   Xərçəng  





Xəbər lenti