Qarabağda döyüşmüş 13 yaşlı əsgər: O, niyə zabit ola bilmədi? (Müsahibə)

 Qarabağda döyüşmüş 13 yaşlı əsgər: O, niyə zabit ola bilmədi? (Müsahibə)
  04 İyul 2023    Oxunub:4597
Rahib Şərifov Zirəddin oğlu Birinci Qarabağ müharibəsi zamanı 13 yaşında ordu sıralarına qatılıb. O, azyaşlı olmasına baxmayaraq, Ağdam, Füzuli, Kəlbəcər və digər bölgələrdə gedən döyüşlərdə iştirak edib. Ümumilikdə isə, 1992-ci ildən 1996-cı ilə qədər yeniyetmə əsgər Qarabağın azadlığı uğrunda vuruşub.
1994-cü ildə Müdafiə Nazirliyinin hərbi studiyasında xidmət edən istedadlı yazıçımız Nəriman Əbdülrəhmanlının onunla video müsahibəsi də yayılmışdı. Həmin kadrları görən bir çoxunuz üçün yəqin ki, o yeniyetmənin sonrakı taleyi maraqlıdır…Sözügedən qəhrəmanın indi 45 yaşı var. Uzun illər Rusiyada yaşadıqdan sonra Azərbaycana qayıdıb.



-1978-ci ilin 28 yanvarında Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuşam. Atam müəllim idi, anam isə pambıqçılıqla məşğul olurdu. Ailədə 8 uşağıq. Mən evin 3-cü övladıyam. 13 yaşım olanda Qarabağda artıq müharibə başlamışdı. Xocalıda insanların soyqırıma məruz qalması xəbərlərini eşidirdik. Uşaq olsam da, baş verənlərə biganə qala bilmirdim. Qarabağın işğal olunmasını qəbul edə bilmirdim. Buna görə də valideyinlərimə heç nə demədən dostumla cəbhəyə üz tutduq. Yolda bizi görüb geri qaytardılar. Ailəmə dedim ki, məni nə qədər saxlasalar da, ilk fürsətdə yenə qaçacağam. Və belə də oldu.


Ağdərə - Tərtər tərəfdən keçib getdim... Valideyinlərim hər yerdə məni axtarmışdı. Anam demişdi ki, mənim oğlumdusa, tapılacaq... İlk vaxtlar bir uşağın orduda olması, əsgərlik etməsi heç cür qəbul edilmirdi. Nəhayət komandirimiz orada qalmağıma icazə verdi. Dedi, bu oğlana da silah verin. Şəxsiyyət vəsiqəmin olub-olmaması ilə maraqlandı. Ona yaşımla bağlı hələ almadığımı dedim. Ermənilərdən götürdüyüm avtomatı istifadə edirdim. Döyüşdə qoyub qaçmışdılar. Yaşım çox az idi, ancaq içimdə heç bir qorxu yox idi. Bədən ölçüm çox balaca olduğu üçün geyinməyə əsgər paltarı tapa bilmirdim. O zamanki müdafiə naziri Rəhim Qazıyev demişdi ki, bu oğlana yaxşı paltar tikdirin. Silahın ilk dəfə sökülüb yığılmasını Seyfəlidə poliqonda öyrənmişəm. Bu yaşımda da rahatlıqla silahı söküb yığıram.



172- ci hərbi hissədə döyüşürdüm. Hərbi hissə komandirim Əhməd Əliyev Natiq idi. Milli qəhrəman Fəxrəddin Cəbrayılov da həmin hissədə idi. Murovda olanda o bizə nəzarət edirdi. Azərbaycanın Türkiyədəki səfiri mənim döyüş yoldaşım olub. İndi də onunla çox yaxşı əlaqəm var. Respublika Prokurorluğunun baş müstəntiqi Nizami Osmanov da bizim hərbi hissənin əsgəri idi.

Murovda, Kəlbəcərin Çıldıran, Goranboyun isə Gülüstan kəndində, Ağdamda, Ağdərədə, Fizulinin Alxanlı kəndində döyüşmüşük.

Qamışlıya kəşfiyyata gedəndə məni də özləri ilə aparırdılar. O kəndə dağların üstündən gedib gəlmək asan idi. Kəpəzdən keçib gəlirdin. Əsasən gecələr hərəkətdə olurduq. Həmişə deyirdilər: “hərbi hissədə qal”. Deyirdim:“yox, mənlik deyil”. Əsgər yoldaşlarım “malış” ləqəbini vermişdilər.

AzVision.az-ın həmsöhbəti olan Rahib müharibəyə qatıldığı günlərdən və hazırki durumundan danışıb.

Həmsöhbətimiz Ağdamın işğalı ilə bağlı kədərli keçmişi də xatırlayıb.

“Ağdam alınan gün gecə qidamız qurtarmışdı. Əsgərlər dedi ki, hərbi hissəyə gedib yemək gətirmək lazımdır. "QAZ-66" yük maşınında 3 nəfər ərzaq dalınca getdik. Ərzağı götürüb geri qayıdanda gördük yol yoxdur, keçdiyimiz yerlərin hamısı ermənilərin əlindədir. Alternativ yol olaraq Bərdənin Soğanverdilər kəndinə gəldik. Orada kəndin içindən Qarqar çayı keçir. Çayın içi ilə gedib “Qərvənd kafesi” deyilən yerdə dayandıq. Səndemə, ermənilər oranı da işğal ediblərmiş, bizim də xəbərimiz yox idi. Maşından düşmək istəyəndə atəşə tutulduq və güllələr yağış kimi üstümüzə gəldi. Sürücümüz Tahir cəld maşını döndərib geriyə sürdü. Qarqar çayını iməkliyə-iməkliyə keçdik. Başı qaldırmaq mümkün deyildi, dayanmadan atırdılar. Mənim öz qohumum orada itkin düşdü. İndiyə kimi tapılmayıb.



Yaxşı döyüşçülərimiz və onların cəsur ürəyi var idi. Problem silah çatışmazlığında və idarəçiliyin olmamasında idi. Nəcməddin Sadıqov o zaman bizim gəragah rəisi idi. Döyüş başlayanda həmişə arxaya qaçırdı.

Ağsulu Ağayev Namiq, Xaçmazdan Səlimov Arif qəhrəmancasına döyüşüb şəhid oldular. 701-ci hərbi hissənin komandiri Valeh Rəfiyevin oğlu Elçin Rəfiyev Türkiyədə təhsil almışdı. İxtisaslı kadr idi. Əsgərlərə cibindən siqaret alıb gətirirdi. Elə dərəcədə qayğıkeş insan idi”.

Rahib 3 il 3 ay döyüşlərdə iştirak edib. O, 1996-cı ildə təxris olunub. Bir il Azərbaycanda qaldıqdan sonra Rusiyaya köçüb.

“1996-cı ildə ordudan ayrılandan sonra hərbi məktəbə daxil olmaq, təhsil almaq istədim. Bunun üçün məndən rüşvət istədilər. Ona görə də təhsil almaq fikrindən daşınıb Rusiyaya getdim.

27 il Rusiyada yaşadım. 8 ay olar ki, Vətənə qayıtmışam. Sürücülük edib pul qazanıram. Burada evim yoxdur. Maddi vəziyyətimlə əlaqədar heç ailə də qura bilməmişəm”.



Müsahibimiz İkinci Qarabağ müharibəsi zamanı Rusiyada olsa da, döyüşləri hər an izləyib.

“Müharibə ərzində döyüşləri izləyirdim. Vaxtı ilə olduğum yerlər hər azad olunduqca həyəcandan özümü saxlaya bilmirdim.

Ağdamı gözümüzün qabağında yandırırdılar. Bütün bunlara tamaşa etmək dəhşətli idi. Yenidən həmin şəhərin geri alınmasının sevincini sözlə ifadə edə bilmərəm. 44 günlük müharibədə xalam oğlu şəhid oldu, hərbçi qardaşım bir qolunu itirdi. Biz öz ərazilərimizdə döyüşüb qan tökürdük. Kimə və nəyə qarşı vuruşduğumuzu bilirdik. Sizə bir misal çəkim, şəxsən mən Rusiya- Ukrayna müharibəsinə qatılmaqdan imtina etdim. Hətta buna görə məni qınayanlar da oldu. Mən isə belə cavab verdim ki, bizi 20 Yanvarda qıranlar üçün gedib döyüşməliyəm?! ”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti