Çinin “Qara güzgü”sü: Sosial reytinq sistemi necə işləyir?!
Çinin bəzi əyalətlərində etimad reytinqinin tətbiqi ilk dəfə rəsmi olaraq 2014-cü ildə elan edilib. Bununla belə, ideyanın özü kifayət qədər uzun müddət əvvəl ortaya çıxıb və iqtisadi səbəblərlə bağlı olub. Den Syaopin 1978-1979-cu illərdə xaricdən şirkətləri cəlb etmək üçün "açıq qapı" siyasətini yürüdürdü. İnvestisiya axınını artırmaq və Çin bazarını xarici tərəfdaşlar üçün cəlbedici etmək üçün hökumət korrupsiya və biznesin şəffaflığı ilə bağlı problemləri həll etməli, etimad böhranını aradan qaldırmalı idi. Bunun həlli yolu sosial kredit sistemində tapıldı.
Maraqlıdır ki, oxşar kredit reytinqi sistemi ABŞ-ın bank sektorunda (FICO) mövcuddur. Bununla belə, Çin sistemi daha çox “etibar” və “bazarda dürüst davranış” üzərində köklənib. Bu gün korporativ sosial reytinq xarici sahibkarlara potensial biznes tərəfdaşları axtarmağa və onların “etibarlılığını” yoxlamağa imkan verir. Bu məqsədlə məlumat bazasından - Milli Müəssisə Kredit Məlumatının Təbliğat Sistemindən istifadə olunur. Reytinq xarici şirkətlərə də tətbiq edilir. Yaxşı kredit balını saxlamaq Çində özəl və dövlət şirkətləri ilə iş görmək şansını artırır.
Amma hazırda sosial etimad reytinqi iqtisadiyyatdan çox-çox kənara çıxıb. Vətəndaşların ictimai şüurunun yüksəldilməsi, cəmiyyətin bütün sahələrində “səmimiyyət mədəniyyəti”nin qurulması qərara alınıb. Təşəbbüs şəxsi həyata da toxunub. Rəsmi səviyyədə müəyyən sosial normalar təsbit edilir. İnsanın bunlara nə dərəcədə əməl etməsi onun sosial müavinətlərə çıxışını - səyahət etmək, daşınmaz əmlak almaq, otellərdə qalmaq imkanlarını müəyyən edir. “Etibarlı” vətəndaş mükafatlandırılır, “etibarsız” isə cəzalandırılır.
Sosial reytinq sistemi necə işləyir
Dövlət, yerli hakimiyyət orqanları və ya şirkətlər şəxsin sosial davranışını 0-dan 1000-ə və ya A-dan D-yə qədər qiymətləndirirlər. Reytinq rəsmi mənbələrdən - vergi, hüquq-mühafizə orqanları, dövlət qurumları, qeydiyyat idarələri, təhsil müəssisələri, şirkətlər, eyni zamanda, rəqəmsal mənbələrdən alınan məlumatlardan: axtarış tarixçələrindən, onlayn aliş-verişdən və sosial şəbəkələrdəki fəaliyyətdən əldə edilən məlumatlardan ibarətdir. Bundan əlavə, məlumatlar video-müşahidə kameraları və üztanıma sistemləri vasitəsilə də əldə edilir. Çində təxminən 400 milyon belə kamera var.
Reytinqi rəsmi şəxslər və təşkilatlar hesablayır. Gələcəkdə bu işin süni intellekt vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Amma bütün əyalətlərdə belə yüksək texnologiyalı məlumat toplama sistemi yoxdur. Əgər Jejiang əyalətinin paytaxtı Xançjouda sakinlər identifikasiya kartlarından istifadə edirsə, kəndlərdə sistem köhnə qaydada işləyir: qələm və kağızla. Kəndləri dolaşan nümayəndələr yerli sakinlərin həyatını müşahidə edir, onların xidmətlərini, əməllərini qeydə alırlar.
Qara və qırmızı siyahılar
Sosial kredit sistemində qara və qırmızı siyahılar mühüm rol oynayır. Bunlar ətrafında sistem qurulan iki əsas anlayışdır. Lakin milli, regional, kommersiya xarakterli siyahılar da var və hər biri üçün şərtlər fərqli ola bilər. Dövlət qurumlarının birgə qərar qəbul edərək “qara siyahı”ya salınmış şəxsləri “cəzalandırması” üzrə “ümumi cəza sistemi” mövcuddur.
“Qara siyahı”ya qanunu və ya sosial normanı dəfələrlə pozan “etibarsız”, yolu müntəzəm olaraq səhv yerdə keçən və ya sükan arxasında sərxoş olan, vergini və kredit borcunu ödəməyən vətəndaşlar düşür. Ağır cinayət törədən adam dərhal “qara siyahı”ya salınır. Videooyunlarda fırıldaqçılıq etmək də reytinqi aşağı salır, ancaq buna görə siyahıya düşmə ehtimalı çox azdır.
Cəza olaraq bir sıra məhdudiyyətlər qoyulur: i nternetin sürətinin azaldılması, sosial və dövlət xidmətlərinə, eləcə də ictimai nəqliyyata çıxışın məhdudlaşdırılması (aviabiletlərin və ya sürətli qatar biletlərinin bron edilməsinə qadağa) və s. “Etibarsız” vətəndaşlar kreditdən, ipotekadan və sığortadan məhrum edilə və ya övladlarını özəl məktəbə yazdıra bilməzlər.
“Qara siyahı”dan çıxmaq mümkündür: əgər bir şəxs ictimai əhəmiyyətli fəaliyyətlə məşğul olursa və ya, məsələn, qəhrəmanlıq göstərirsə, adı siyahıdan çıxarıla bilər.
“Qırmızı siyahı”ya ictimai faydalı fəaliyyətlə fəal məşğul olan "nümunəvi" vətəndaşlar - xeyriyyəçilik, donorluq edənlər, qan verənlər, yoxsullara kömək edənlər düşür. Onlar fəaliyyətlərinə görə imtiyazlar əldə edir, aşağı faiz dərəcələri ilə kreditlər alır, pulsuz velosiped və avtomobil icarəsi hüququ, mobil rabitə üçün güzəştli tariflər, məktəbdə və ya işdə prioritetlər qazanırlar.
2023-cü ilin aprelində hökumət sosial kreditli ərzaq mağazaları şəbəkəsini işə salıb. Reytinqi yüksək olan vətəndaşlar burada dövlətdən pulsuz məhsullar ala bilərlər. Bunun üçün vəsait sosial reytinqi aşağı olan vətəndaşların vergilərindən götürülür.
Hər iki siyahı sosial reputasiyaya təsir göstərir. “Qara siyahı”da olan insanlar çox vaxt ictimai qınağa məruz qalır, nümunəvi vətəndaşlar isə örnək göstərilir. Onlar haqqında məlumatı qəzetlərdə və reklam lövhələrində görmək olar.
“Qara Güzgü”
Müasir sosial tendensiyaların qaranlıq tərəflərini göstərməklə məşhurlaşan “Qara Güzgü” serialının bir epizodunda vahid sosial kredit sisteminin fəaliyyət göstərdiyi yüksək texnologiyalı dünya təsvir edilib. Hər bir şəxsə 1-dən 5-ə qədər fərdi reytinq verilir. Sosial davranışı dövlət deyil, insanın həm canlı, həm də onlayn, vahid sosial şəbəkə vasitəsilə ünsiyyətdə olduğu insanlar qiymətləndirir. Reytinq uçuşlara, avtomobil icarəsinə və digər məsələlərə təsir göstərir. Ən aşağı reytinqə malik insanlar sosial mühitdən kənarda qalırlar. Bununla belə, hətta “4.2” və “4.8” balları arasında keçilməz uçurum yarana bilər.
“Qara Güzgü”də təsvir olunan reytinq sistemi ilə Çinin sosial kredit sistemi tez-tez eyniləşdirilir. Bir tərəfdən, onlar həqiqətən də oxşardırlar: insanlara sosial müavinətlərə çıxış üçün çox aşağı və ya çox yüksək dərəcələrə görə reytinq verilir. Bununla belə, onlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Çində reytinqlər rəsmi məlumatlara, “Qara Güzgü”də isə subyektiv rəylərə əsasən verilir. İnkişaf etməkdə olan sosial kredit sisteminə görə çinlilərin davranış reaksiyalarını araşdıran bir tədqiqat respondentlərin əksəriyyətinin (98%) kommersiya və ya hökumət reytinq sisteminə cavab olaraq davranışlarını ən azı bir dəfə dəyişdiyini göstərib.
Reytinq digər platformalarda, məsələn, tanışlıq proqramlarında görünə bilərmi? Çin nümunəsi bunun artıq mümkün olduğunu göstərir. “Baihe” proqramında çinlilər potensial tərəfdaşın reytinqini görə bilirlər, çünki o, sosial kredit sistemlərindən biri ilə əlaqəlidir.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Çin Sosial-kredit