Torpaq əvəzinə üzvlük?

// Ukraynada NATO yetkilisinin təklifini rədd edirlər

   Torpaq əvəzinə üzvlük?
  12 Sentyabr 2023    Oxunub:3220
Şimali Atlantika Alyansının baş katibinin aparat rəhbəri Stian Yenssen bildirib ki, Ukrayna Rusiya Federasiyasının ələ keçirdiyi ərazilərin əvəzində NATO-ya üzv ola bilər. Yəni NATO-ya üzvlük bir növ “itirilmiş ərazilərin əvəzinə kompensasiya” kimi təklif edilir.
Ukraynanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko sosial şəbəkə hesabında bildirib ki, Ukraynanın ərazilərinin bir hissəsindən imtina etməsi müqabilində NATO-ya daxil olması barədə söhbətlər tamamilə qəbulolunmazdır. "Biz həmişə ondan çıxış etmişik ki, Alyans Ukrayna ilə heç vaxt ərazi alveri etməyəcək. NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı rəy formalaşdırılmasında şüurlu və ya şüursuz iştirakı Rusiyanın əlinə oynamaqdır", - o, Facebook-da yazıb.

Bu durumu AzVision.az -a şərh edən ukraynalı politoloq Yevgeni Maqda bildirib ki, Yenssen indiyədək informasiya məkanında praktiki olaraq görünməyən bir məmurdur. NATO-nun mövqeyini rəsmi şəkildə ancaq baş katib və ya onun müavini ifadə edə bilər.


“Güman ki, bu, bir növ Qərb üçün bəzi fərziyyələri sınamağa imkan verən informasiya əməliyyatıdır. Hadisə Ukraynada daxili islahatları intensivləşdirməyin zərurətini, eyni zamanda, Rusiyanın məğlubiyyətilə bağlı Qərbdə monolitliyin olmadığını başa düşməyə imkan verir. Bunu dərk etmək əslində olduqca çətin və kədərlidir, lakin bunlar demokratik həyatın reallıqlarıdır. Ona görə də, mən bütün bunları dramatikləşdirməz, diqqətimi NATO ilə əməkdaşlığı davam etdirməyə və Şimali Atlantika Alyansına üzv olmaq üçün səy göstərməyə yönəldərdim”, - Maqda bildirib.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Ukrayna   NATO  





Xəbər lenti