HƏMAS niyə bayramda hücum etdi? - İsraillilərin ordu sevgisi, müəmmalı kəşfiyyat uğursuzluğu

  HƏMAS niyə bayramda hücum etdi? -  İsraillilərin ordu sevgisi, müəmmalı kəşfiyyat uğursuzluğu
  19 Oktyabr 2023    Oxunub:3728
İsrail və Fələstin arasında genişlənən münaqişə dünyanın Yaxın Şərqə olan marağını xeyli artırıb. Xüsusən də, İsrail ordusunun, ümumilikdə müdafiə qüvvələrinin necə fəaliyyət göstərməsi diqqətlə izlənilir.
Bu ölkədə bloger kimi fəaliyyət göstərən və əslən Çelyabinskdən olan Darya Dolqinova adlı qadın Rusiya mediasına bu mövzuda maraqlı açıqlamalar verib . 10 ildir ki, İsraildə yaşayan qadın Andrey adlı ərinin ehtiyatda olan əsgər kimi necə orduya çağırılmasından və fəaliyyətindən də danışıb.

İsrail HƏMAS-ın 6 yüksək rütbəli rəsmisini məhv edib
Qadın qeyd edib ki, Andrey İsrail polisinin ölkənin şimal sərhədlərinin təhlükəsizliyinə cavabdeh olan xüsusi təyinatlı "Maqav" bölməsində xidmət edir. Lakin şimalda da kifayət qədər riskli vəziyyətlər yaranır.

- Mən artıq 11 ildir ki, İsraildə yaşayıram. Bu illər ərzində oktyabra qədər baş verən ən ciddi hadisə məlum son əməliyyatlar olub. Doqquz il əvvəl Andrey ehtiyatda olan əsgər kimi ay yarım orduda oldu. Və bir müddət sonra da onu yenidən çağırdılar. Onda münaqişə müharibə sayılmırdı, sadəcə əməliyyatlar aparılırdı. Əsgərlərimiz Qəzzaya daxil olaraq ərazini terrorçulardan təmizləyirdi. Yerli ərəblər üsyan etdiyi üçün ölkə daxilində də hərbi əməliyyatlar gedirdi. Bu, yadımda qalan ən uzun və ən ciddi hadisə idi, - o qeyd edib.

"Maqav"ın zirehli maşını

Ümumiyyətlə, İsrail ordusunda xidmət edən hər kəs ehtiyata buraxılır. Daryanın sözlərinə görə, burada ehtiyatda olan hərbçilər üçün xidmətə qayıdıb-qayıtmamaqla bağlı seçim yoxdur. Hətta insanlar orduya geri çağırılmasalar belə, vətəndaşlar könüllü olaraq öz ölkələrini müdafiə etməyə gedirlər. Onlar adətən bununla bağlı smartfonlarında mesaj alırlar, planlaşdırılmış toplantılar zamanı onlara əvvəlcədən xəbər verilir.

“Ərimin indi olduğu yerə yaxın heç nə yoxdur. Elementar şəkildə mağazaya getmək üçün öz maşınını götürüb sürür. Biz avtomobilin yoxlama məntəqələrində saxlanılmaması üçün onun üzərinə “sayrışan işıq”lar və bir neçə stiker vurduq. Amma onlar əməliyyatlar zamanı zirehli maşınlar sürürlər. Bizim maşını o zonalara heç kimi buraxmaz”, - İsraildə yaşayan rus qadın qeyd edib.

O, əlavə edib ki, əri həftədə iki dəfə evə gələ bilər. Lakin indi tam səyahət və ya evə getmək qadağaları var.

Blogerin sözlərinə görə, İsraildə kəskin döyüşlər, gərginliklər iki-üç ildə bir dəfə baş verir və bu, ölkədə heç kəsi təəccübləndirmir. HƏMAS isə bir neçə ildir ki, raket toplayırmış. Onlar İsrail xalqını qorxutmaq üçün raketlərin hamısını bir atışla mülki obyektlərə yönəldirlər: "Qoşunlarımız onlara cavab verir. Lakin HƏMAS-ın əlində olan hər şey tez tükənir və silahlılar yenidən sursat toplamağa üz tuturlar".

Hazırda baş verən hadisələr miqyas baxımından gözlənilməz proseslərdir. HƏMAS hücum üçün istənilən gün fəaliyyətə keçmir, bayramları, yəhudilər üçün vacib olan tarixləri seçir. Bu hücum şənbə günü Sukkot bayramında baş verdi. Belə günlərdə insanlar daha rahat olur, hücum gözləmirlər.

Darya deyir ki, artıq israillilər açıq şəkildə anlamağa başlayıblar ki, bu arzuolunmaz proseslərə ötən illərdə olduğu kimi yarımçıq son qoyulmamalıdır.

HƏMAS indi kökündən məhv edilməlidir: "Əgər bu baş verməsə, o zaman inanıram ki, İsrail xalqı öz hökumətini bağışlamayacaq. Artıq insanlarda hakimiyyətdən narazılıqlar xeyli artıb. Axı çoxlarının fikrincə baş verənlər kəşfiyyat uğursuzluğu idi. Qəzza hasarı dediyimiz ən etibarlı müdafiə hasarıdır və orada heç kimin fərqinə varmadan bir hissənin yarılması tamamilə anlaşılmaz olaydır. Amma indi biz daha aktual problemlə - HƏMAS-ın məhv edilməsi ilə məşğuluq. Sonra bu kimi başqa məsələlərlə məşğul olacağıq".


Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Ordu  





Xəbər lenti