Mahnıbaran

Mahnıbaran
  12 Aprel 2013    Oxunub:1937
Cavidan

Bilmirəm? bu söz hardan ağlıma gəldi, mahnıbaran deyə ürəyimdə dedim-təkrarladım bütün gün ərzində.
Bəlkə çox əsəbiydim, məktəbdən uşaqlarımla birgə yorğun halda qayıtdığım zaman, hələ tərpənmək vaxtına 20 dəqiqə qalmış marşrut taksidə hirslənmişdim?!
Axı bizim oturduğumuz marşrutkanın arxasında bar-bar bağırırdı təzə peyda olmuş sərsəri müğənniciklərdən birisi – narkomaniyaya, tüfeyli həyata, pessimist düşüncələrə, avara-sərgərdan, məqsədsiz-prinsipsiz ömür sürməyə, həm də bu ömrü sərxoş halda, özləri dediyi kimi “kayfda”, avtoşluq edə-edə sürməyə səsləyərək...

Ətrafa baxırdım, adamların çox az qismi üz-gözünü turşudurdu bu mahnılara, amma mənim kimi onlar da sadəcə dözür, əsəblərini cilovlayır, “ayıbdı, dinərsən, bu mahnıların fanat ordusu daşqalaq edər adamı” çarəsizliyi ilə susmağı seçmişdilər.

Mahnılardan sərməst olub, həm də xoşallanaraq, əl və ayaq, baş və qaş-gözünü ritmik tərpədən fanatlar az deyildi.

Onların halını anlamağa çalışdım, dünyanın olan və olmayan bütün psixoloji araşdırmalarından mənim oxumaq qismətimə düşənlərdən yadımda qalanları və qalmayanları düşünməyə cəhd elədim, huşumu itirəcək dərəcədə qapıldım onların ruh halına, əcəba, necə bir duyğu imiş bu kimi mahnını sevmək, hələ onun ritminə bütün varlığıyla reaksiya vermək, deyə başımı sındırdım...
Tipik bir obraz dayandı qarşımda.

Adətən işsiz, maaşlı bir işə ümidi olmayan, əlinə beş qəpik düşsə, “dərddən” içən, içəndən sonra özükimilər üçün ağlayan, evdəki arvad-uşağı, ananı ağladan, həyatın dibinə çöküb, oradan heç bir zaman çıxmayacağı kimi bir pessimizmə qapılan, çalışıb güzəran və külfət dərdi çəkənləri görməyə gözü olmayan, ətrafındakı hər kəsi özünə borclu kimi hiss edən, miskin və tənbəl həyat tərzinin ona daddırdığı kasıblıq üçün bütün dünyaya nifrət edən, əlacsız və zəif kişi...

Amma bu mahnıları sevən, onları telefonunda saxlayan qadınlar da tanıyıram, yuxarı sinif şagirdləri olan məktəblilər də, bu mahnılara qol götürüb oynamağa başlayan balaca qızlar və oğlanlar da...
Onların hamısı bir-birinin ardınca pessimizmə və idaraksızlığa yuvarlanır göz önündəcə.

Nə baş verir?
Musiqi terrorumu?
Mahnı havasına yoluxmaqmı?
Psixosahə bu qədərmi zəifləyib?
Birdən, dilim-ağzım qurumasın, mən də sabah ya birisi gün yoluxdum bu mahnılara, mənim də ruhumu tarmar elədi bunlar?!

Zarafat deyil, çox ciddi məsələdir bu, musiqinin canlı bir varlıq kimi sağaltmaq, tərbiyələndirmək, aşılamaq, yönəltmək kimi qüdrətini nəzərə alsaq, indi hər yerdə dinlənilən və dinlədilən bu sərsəm mahnıların da insanlarımızı öz içində daşıdığı məna, daha doğrusu, mənasızlıq yükünə maqnit kimi çəkib yoluxdurmaq bacarığını nəzərdən qaçırmamalıyıq.
İmkanım olsa, sözüm keçsə, dövlət, hökumət səviyyəsində qaldırardım bu problemi, bu cür mahnılara yüksək cərimə və hətta həbs cəzası ilə qadağa qoymağa çağırardım aidiyyatlı orqanları.
Məni qınamayın, qərib yerdə bir doğma musiqi eşitsə, kövrəlib ağlayacaq qədər zəifəm indi. Küçələrimizi, nəqliyyatımızı, gənclərimizin telefonlarını və beyinlərini əlinə almış bu mahnıları eşitmək istəmirəm!
Neyləyim, hara köçüm, hansı ölkənin küçə və meydanlarında dinləməyə qaçım “Arazbarı”nı, “Kəsmə şikəstə”ni, “ Koroğlu üvertyurası”nı, bir-birindən gözəl, şirin xalq nəğmələrimizi, bir-birindən dəyərli bəstəkar mahnılarımızı???
Hələ mən düz-dünyanın musiqi mədəniyyəti nümunələrini demirəm...

P.S. Gülləbaran eləməkmi lazım “qəşəy-qəşəy” “kayfda” olan “qaqaş”ları – özünümüdafiə çarəsi kimi?!


Teqlər:  





Xəbər lenti