Niyə Qərb Putinin Bakıya səfərindən narazıdır? – Təhlil

   Niyə Qərb Putinin Bakıya səfərindən    narazıdır? – Təhlil
  20 Avqust 2024    Oxunub:3887
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri qərbdəki bəlli çevrələri təkcə ona görə narazı salmayıb ki, hansı ölkə ilə necə davranacağımızı biz onların diqtəsi ilə deyil, öz milli maraqlarımıza dayanaraq müəyyənləşdiririk.

Haymərkəzli (əslində hayalətli) siyasət yeridən o çevrələri ən çox qıcıqlandıran odur ki, bu, Rusiyanın bizim regionda yaranmış, daha doğrusu yaratdığımız yeni reallıqla, yəni torpaqlarımız üzərində suverenliyimizin tam təmini ilə razılaşdığının və Minsk qrupunu diriltməyin mümkünsüzlüyünün sərgilənməsi idi.

Heç kimə sirr deyil ki, Azərbaycan müstəqillik qazanandan bəri torpaqlarımız üzərində suverenliyimizin tam təminində ən böyük əngəl məhz Rusiya olub. Yəqin həmin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deyərkən bəzilərinin sifətlərinin necə dəyişdiyini xatırlayanlar var. Bax, o çıxışdan təqribən 11 ay sonra 44 günlük savaşla sifəti dəyişənlər qarışıq hər kəsə göstərildi ki, bəli, Qarabağ doğrudan da, de-fakto da Azərbaycandır.

2022-ci ilin fevralında Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə, özəlliklə də oradakı birinci maddə isə əslində həm də Moskvanın 44 günlük savaşın nəticəsi ilə razılaşması, daha dəqiqi razılaşdığının rəsmi sənədlə təsdiqlənməsi idi. Ancaq Qarabağın bir hissəsi hələ bizim tam nəzarətimizdə deyildi. O hissənin üzərində də suverenliyimizin təmin edilməsindən, obrazlı desək, ölkəmiz üçün bədxassəli şiş anlamı daşıyan törəmənin ötən ilki antiterror əməliyyatıyla kəsilib atılmasından on bir ay keçəndən və hərbi kontingenti Qarabağı tam tərk edəndən sonra Rusiya Prezidenti Azərbaycana səfərə, özü də dövlət səfərinə gəldi.

Təkrarlayıram, bununla da Kreml ən azından göstərdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə barışdığı kimi, əraziləri üzərində suverenliyinin təmini də onda qərbdəki bəlli çevrələr qədər qıcıq doğurmur. Bu isə bizim üçün haqqında bəhs etdiyimiz xərçəng yarasının kəsilib atılmasının yan təsirlərini azaltmaq baxımından son dərəcə önəmlidir. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vladimir Putinin bu səfəri haqda dediyi fikirin, yəni onun tarixi mahiyyət daşıdığını bildirməsinin gəlişi gözəl söz, yaxud da lütfkarlıq olmadığı ortadadır.

Səfər dörtərəfli nəqliyyat habı olaraq Azərbaycanın mövqelərinin möhkəmlənməsi və qarşılıqlı faydaya dayanan ikitərəfli əlaqələrin daha da dərinləşməsi baxımından da önəmlidir ki, bu, imzalanan sənədlərdən, verilən açıqlamalardan da bəlli olduğundan üzərində çox dayanmaq istəmirəm. Sadəcə, son olaraq onu da qeyd etməyi lazım bilirəm ki, Rusiya Prezidentinin bu səfəri bəlli çevrələrə bağlı casus və təsir şəbəkəsinin sosial media üzərindən aşılamağa çalışdığı kimi Azərbaycanın yeritdiyi balanslı siyasətin qətiyyən aradan qalxması yox, əksinə daha da güclənməsi deməkdir.

Prezident İlham Əliyev atdığı ölçülü-biçili, bir sıra hallarda isə məhz qabaqlayıcı addımlarla artıq neçənci dəfədir göstərir ki, paradoksal təsir bağışlasa da, hətta subyektliyimizə təhdid sayılan güclərdən belə onu möhkəmlətmək üçün faydalanmağı bacarırıq. Belə hallarda bizdə nə deyirlər? Deyirlər ki, bacarana baş qurban!

P.S. Rusiya Prezidentinin getməyə başqa yer olmadığı üçün Azərbaycana gəldiyini kütləyə sırımağa çalışanlar, görünür, informasiya dönəmində yaşadığımızı və iyulun əvvəlində ŞƏT-in Astanada keçirilən sammiti zamanı cənab Ərdoğanın həmin Putini necə təkidlə Türkiyəyə çoxdandır planlaşdırılan səfərini reallaşdırmağa çağırdığınının hamının gözü qarşısında baş verdiyini unudublar.

Sahib Alıyev, siyasi şərhçi


Teqlər: Putin   Azərbaycan   Qərb  





Xəbər lenti