Məsələ ilə bağlı AzVision.az -a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, 2025-ci ilin dövlət büdcəsi qarşıdan gələn il və sonrakı illərdə ölkəmizdə sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə imkan verəcək: “Dövlət büdcəsi layihəsində xərclərin azaldılması nəzərdə tutulmur. Əksinə, bütün sahələrdə dövlətin iqtisadi imkanları daxilində xərclər artırılır və bütün bu tədbirlər vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlmasına imkan verəcək. Bu baxımdan hesab edirəm ki, 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi olduqca peşəkar şəkildə hazırlanıb və ölkəmizin qarşıdan gələn ildə də inkişafının, müdafiəsinin maliyyə təminatını qarşılaya biləcək”.
Deputat qeyd edib ki, parlamentarilər aparılan müzakirələr zamanı dövlət büdcəsinin hazırlanmasını yüksək dəyərləndiriblər.
“Bu gün bizdən fərqli olaraq dünyanın inkişaf etmiş ölkələri dövlət büdcəsinin xərclərini azaltmağa çalışır və qənaet rejiminə keçməklə maddi təminatları azaldırlar. Məsələn, fransızlar dövlət büdcəsinin qənaətə keçidinə görə kütləvi şəkildə etiraza qalxdılar və büdcə layihəsinin ləğv olunmasını tələb edərək hökumətə etimadsızlıq göstərildi. Bizim müzakirə etdiyimiz dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat olmaqla ÜDM-in 29,7% təşkil edir və bu, 2024-cü illə müqayisədə 5,3% çoxdur. Xərclər isə 41367,6 milyon manat olmaqla 4,1% çoxdur. Dövlət büdcəmizin artımla nəzərdə tutulması 2025-ci ildə dövlətimizin qarşısına qoyduğu bütün məsələlərin həyata keçirilməsinə maddi təminat yaradacaq”, - Azər Badamov qeyd edib.
Gələn il 17 milyon kimlərə veriləcək? |
Müsahibimiz təhsil, səhiyyə sosial müdafiə və sosial təminat sahələrində artımlara da münasibət bildirib. O, 2025-ci ilin dövlət büdcəsini 41% sosial yönümlü xərclər təşkil etdiyini xatırladıb. Bu da 2024 cü ilin dövlət büdcəsi ilə müqayisədə 1370,0 milyon manat və ya 8,8% çox deməkdir: “O cümlədən təhsil xərcləri 4946,1 milyon nəzərdə tutulmaqla 2024-cü illə müqayisədə 8,75%, elm sahəsi üzrə xərclər 244,4 milyon manat olmaqla 3,5% , səhiyyə xərcləri 1999,4 milyon manat olmaqla 7,1% , sosial müdafiə və sosial təminat xərcləri 4811,8 milyon manat olmaqla 9,65%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid xərclər 635,3 milyon olmaqla 10,4% çox nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsində sosial sahənin elə bir sektoru yoxdur ki, onun büdcəsində artımlar olunmasın.Xərclərin artırılması üçün gəlirlərin də dayanıqlı mənbələri olmalıdır. Bu gün dövlət büdcəsi ilə bağlı proqnozlar hesablananda mövcud gəlirlərimiz xərclərimizi artırmağa imkan verir. Hesab edirəm ki, bu, iqtisadiyyatın dayanıqlılığının göstəricisidir. Təbii ki, xərclər nə qədər artırılsa da, az kimi görünür. Amma real artımlar ürəkaçandır və bu rəqəmlər sosial sahədə nəzərdə tutulmuş bütün proqramların icrasına, əhalinin pul gəlirlərinin artmasına xidmət edəcək”.
Hazırda cəmiyyətimizi ən çox maraqlandıran amillərdən biri də büdcə zərfində nəzərdə tutulanların Böyük Qayıdışın bundan sonra da uğurla reallaşdırılmasına, bu sahədə canlanmaya öz töhfəsini verib-verməyəcəyi məsələsidir.
Azər Badamov xatıladıb ki, hökumət dövlətin iqtisadi imkanları çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən maksimum vəsaitlər ayırır: “Belə ki, erməni işğalına son qoyulandan sonra bu 4 ildə məlum istiqamətə 19 milyard manata qədər vəsait ayrılıb. Son 4 ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı böyük layihələrə imza atılıb. Dövlət başçısının imzaladığı Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Artıq 100 yaşayış məntəqəsinin təməli atılıb, bəzi şəhər və kəndlərimizə isə keçmiş məcburi köçkünlər qayıdıblar. Belə ki, cari ilin sonuna qədər 20 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması nəzərdə tutulub. 2026-cı ilin sonuna kimi isə 140 min keçmiş məcburi köçkün və qaçqının qayıdışı təmin olunacaq. Bu gün işğaldan azad olunmuş ərazilər sanki böyük bir quruculuq, tikinti meydanına çevrilib. Yeni şəhərlər və kəndlər qurulur. Beynəlxalq hava limanları, avtomobil və dəmir yolları yenidən tikilib bərpa olunur. Kiçik su elektrik stansiyaları qurularaq dövriyyəyə buraxılır. Ağdam və Araz vadisi sənaye parklarında sürətli tikinti işləri aparılır. Torpaqların güzəştli şərtlərlə icarəyə verilməklə yenidən dövriyyəyə qaytarılması prosesi də aparılır. Bütün bu işlərin sürətlə həyata keçirilməsi üçün təbii ki, maddi təminat vacib idi. 2025-ci ilin dövlət bütcəsində də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsait dövlətin qarşısına qoyduğu bütün planların vaxtında icrası istiqamətində maddi təminat yaradacaq. Məlum olduğu kimi Ermənistan 30 il işğal altında saxladığı tarixi ərazilərimizdə daşı daş üstündə qoymamışdı. Biz hər şeyi sıfırdan, yenidən qurmalı olmuşuq. Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilər artıq cənnətə çevrilmək üzrədir. Hesab edirəm ki, 30 il çətin məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız üçün layiqli şərait bundan sonra da qurulacaq və onlar müasir şəhərlərdə, kəndlərdə yaşamaqla öz həyatlarını davam etdirəcəklər”.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə deyib ki, gələn ilin göstəriciləri və proqnozlarına əsasən hazırlanan 2025-ci ilin dövlət büdcəsi layihəsi bəzi xırda nüanslar nəzərə alınmasa, kifayət qədər qənaətbəxş sayılır: “Səhiyyə xərcləri 1,9 milyard manat olmaqla təhsil xərclərindən 2 dəfəyə qədər az nəzərdə tutulub. Səhiyyə xərclərinin böyük hissəsi, yəni 63-64 faizə qədər tibbi sığorta istiqamətinə aid olan xərclərdir. Bu da təbii ki, insanların sığorta istiqamətində olan xərclərinə aiddir və vətəndaşların tibbi xidmətə olan əlçatanlığını təmin etmək üçün yaxşı göstərici sayıla bilər. Zənnimcə, qarşıdakı illərdə səhiyyə xərclərinin ən azından tibbi sığorta paketinin genişləndirilməsi üçün bir qədər artırılmasına ehtiyac var. Eyni zamanda bu sənəddə məni təəccübləndirən məqam Dövlət Neft Fondundan ayırmaların həddindən artıq yüksəldilərək 14,5 milyard manata qədər çatdırılmasıdır. Amma bunu da anlamaq olar. Hazırda qloballaşan dünyada müəyyən istiqamətdə olan xərclərin qarşılanması üçün gəlirlərə ehtiyac yaranır. Bu gəlirin də bir forması olaraq Dövlət Neft Fondundan vəsaitlər transfer vasitəsilə həyata keçirilməlidir”.
Ekspert qeyd edib ki, ölkəmizdə ən böyük xərc istiqamətlərindən biri mili təhlükəsizlik məsələsinin daha yüksək səviyyədə təmin olunmasıdır. Bunun üçün də də təxminən 8 milyard manatlıq vəsait nəzərdə tutulub.
“Həmin rəqəm kifayət qədər böyük vəsait sayılır. Əgər Ermənistanla sülh müqaviləsi imzalansa, bu xərc maddəsi üzrə göstəricilərin kifayət qədər aşağı salınması mümkündür. Təbii ki, belə olan halda ən azı 3-4 milyardlıq vəsaitin digər istiqamətlərə yönəlməsinə imkan yaranacaq. Ümumilikdə isə büdcədə nəzərdə tutulmuş vəsaitlərin sosialyönümlü tərəflərinə baxdıqda 16 milyard manatdan bir qədər çox olan hissənin məhz sosial paketə daxil edilən hissə olduğunu görərik. Bu da ümumi dövlət büdcəsinin 42 faizini təşkil edir. Yəni 42 faizlik hissənin sosialyönümlü olması dövlətin bilavasitə sosial həssas qrupları düşünməsindən irəli gəlir”, -Eldəniz Əmirov vurğulayıb.
Mütəxəssis Böyük Qayıdışla bağlı proqnozlaşdırılan 4 milyard manata da toxunub. O, bu rəqəmin yüksək olmasını təqdir edib: “Qarşıdakı illərdə də davamlı olaraq işğaldan azad olunmuş ərazilərə böyük miqdarda vəsaitlərin ayrılması zərurətə çevriləcək. Çünki Böyük Qayıdışın təmin olunması olduqca vacib məsələdir. Uzunmüddətli dövr ərzində isə Böyük Qayıdışa sərf edilən vəsaitlər bu regionların ölkə iqtisadiyyatına iqtisadi dividend qatması ilə nəticələnəcək. Yəni bir növ obrazlı şəkildə desək, işğaldan azad olunmuş ərazilər istiqamətində xərclənən vəsaitlər mütləq şəkildə ölkə iqtisadiyyatına geridönüşünü edəcək”.
Ekspert onu da deyib ki, neft qiymətlərinin nəzərə alınması məsələsində olan yanaşma əvvəlki illərin tərzindən fərqlənib. Əvvəlki illərdə aşağı qiymətlər nəzərə alınırdı və daha sonra yay aylarında neft qiymətlərinə uyğun yenidən büdcəyə baxılaraq həm gəlirlərlə bağlı prqonozlar artırılır, yenilənirdi, həm də buna müvafiq olaraq xərclər çoxaldılırdı: “Hazırda isə neft qiymətləri 70 dollardan götürülüb ki, bu da nəzərə alına biləcək ən yuxarı həddir. Çünki bu həddən yuxarı rəqəm riskin çox olduğu bir hədd olacaqdı. Həm qlobal maliyyə institutlarının, həm də beynəlxalq neft ekspertlərinin, yerli mütəxəssislərin təhlili onu deməyə əsas verir ki, illik gösətiricilər üzrə neft qiymətlərinin orta statistik göstəricisi 70 dollar üzərində olması ehtimalı çox böyükdür. Ona görə də büdcədə neftin qiymətinin 70 dollardan götürülməsi məqsədəuyğun hesab edilə bilər”.
Tural Tağıyev
AzVision.az