Bədbəxtlərdən narazılar

Bədbəxtlərdən narazılar
  30 Aprel 2013    Oxunub:1835
Əsəd Qaraqaplan

İçi mən qarışıq, əlinə qələm alan hər kəs kütlədən – bədbəxtlərdən narazı olub və olmaqda davam edir. Onların davranışları, düşüncələri, həyat tərzləri həmişə bizlərin tənqid hədəfi olub. Sanki həmişə onlara yuxarıdan-aşağı baxmaq olub bizlərdə...
Məsələnin bu tərəfləriylə razı olduğum qədər razı olmadığım tərəfləri də var. Öncə onu deyim ki, bədbəxtlərin bədbəxtliklərindən istifadə edib sənət yaratmaq istəkləri də böyük istedad və düşüncə göstəricisi deyil. Olsa-olsa, o bədbəxtlərdən biri olmaq göstəricisidir...

Ola bilsin, bizlər kütlədən çox yuxarıdayıq, onların bu halını aydın görürük və bu hal hardasa bizim azadlığımıza da mane olur. Amma biz onları dəyişmək və bədbəxtləri xoşbəxt etmək istəyində bulunmaqla da yanlış etmirikmi?

Əgər biz şərti adı Xoşbəxt (Seçilmiş) doğulmuşuqsa və onlar da şərti adı Bədbəxt (Seçilməmiş, kütlə) doğulublarsa, onda bizim onları dəyişmək, onları xoşbəxt etmək cəhdlərimiz nə dərəcədə doğrudur?

Yaxşı, deyək ki, onlar belə bədbəxt doğulduqlarından dəyişmirlərsə, bəs biz xoşbəxt ola-ola onları dəyişməyin və xoşbəxt eləməyin mümkünsüzlüyünü niyə duymuruq?..

Bir qız tanıyırdım. Universiteti təzə bitirmişdi. Şeir-filan yazmaq, özünü ədəbi mühitdə görmək və fərqli görünmək istəyirdi. İlk baxışdan hər şey doğal görünməklə inanılacaq qədər aldadıcı görünürdü... Bu qız yeri gəldi-gəlmədi, ağzına gələni yazır, söyüş söyür, içki içir, siqaret çəkir, rahat, sərbəst hərəkətlər edirdi...

Bu qızı yaxından tanıdığıma və tanımaqda olduğuma görə onun həyatı, düşüncəsi və s. mənim qarşımda idi. Hətta yaxşı tanımadığım vaxtlarda yavaş-yavaş ona vurulmağa, az qala onu sevməyə başlamışdım. Amma tanıdıqca hər şey tamam dəyişməyə başladı. Yəqin hamınız belə hallarla qarşılaşmısınız...

Əlbəttə, mən azad, rahat, sərbəst, komplekssiz biri olduğuma görə onun da bu “rahatlığı” xoşuma gəlmişdi. Amma hər şey ciddi mənada dərinləşmək istəyəndə o məni yaxın buraxmırdı. Nə deyirdimsə, “yox” cavabı alırdım...

Əvvəl-əvvəl bunun səbəbini başa düşə bilmirdim. Elə bilirdim bu, sadəcə bir gənc qızın nazıdı və zamanla hər şey qaydasına düşəcək. Amma daha sonralar – münasibətimiz qırılandan sonra anladım ki, bu, naz-maz məsələsi deyil. Elə onun “həqiqətinin” özüdü. Sadəcə mən onun haqqında öz təmiz hisslərimə görə yanlış düşünmüşəm.

Mənimlə “başlamayan” münasibəti tam bitməmiş o qızın artıq başqa bir oğlanla ilişgi qurduğunu gördüm. Mənimlə ilişgidə olarkən hələ uzun müddət kimsəylə sevgili olmağa, ilişgi qurmağa hazır olmadığını deyən bu qızın bir göz qırpımında bu “sevgi münasibəti” anidən mənim də gözümü açdı.

Bir anda aldandığımı və təhqir olunduğumu hiss eləsəm də, indiki halım, düşüncəm bunun niyə elə olduğunu düşünməyə də məni məcbur etdi... Biz o qızla ilk vaxtlar bu cəmiyyətin və o qızın normal anladığı sevgi münasibətindəydik. Sevirdik, əl-ələ tutub gəzirdik, hətta bir gecə saatlarla xəlvət bir ağaclıqda öpüşmüş – sevişmikdik də...

Əslində məni o qızda düşündürən bütün bunlar deyildi, tamam ayrı məsələlər idi.
O qız özünə yeni “sevgi münasibəti” qurandan sonra tamamilə dəyişdi. Mən onu tanıya bilmədim. O, sərbəst, azad, rahat, söyüşcül, çəkən, içən, dəlilik edən qızdan bir anın içində əsər-əlamət qalmamışdı. İndi o, əxlaqlı, təbiyəli, sakit, imanlı bir qız olmuşdu. O oğlanı da tanıdığımdan və sosial şəbəkələrin köməkliyiylə, üstəlik bir neçə söhbətimizdən sonra o qızın davranışları və bütün halı yenə gözlərimin önündəydi. O dərəcədə ki, hətta yeni sevgilisi istəsə, yazmağa çalışdığı şeirdən-filandan da əl çəkərdi. O xəlvət gecəmizdən sonra yazdığı və təkcə mənə oxuduğu bir şeiri də itirib-batırdığını gördüm...

İnana bilmirdim bu qız bircə anın içində dəyişib başqa bir adam ola bilər.

Sonralar, bunun səbəblərini düşünməyə başlayanda hər şey mənə aydın olmağa başladı. Mən onunla sevgili olmaq istəyərkən cəmiyyətin qoyduğu qaydalardan kənara çıxmaq, azad, sərbəst bir sevgi istəmişdimsə, onun indiki sevgilisi isə onunla onun istədiyi kimi – “cəmiyyətin qanunlarına uyğun” davranırdı. Bəli, mən onun özünün də əvvəl-əvvəl sözdə qəbullandığı və “etdiyi” kimi bir sərbəst ilişgi - azad sevgi amacında idim. Çünki biz instinkt olaraq insanlara onlarda gördüyümüz ilkin təsəvvürlərə görə yanaşırıq. Amma onun indiki “sevgilisi” isə onun əsl mahiyyətinə uyğun – standartlara görə onunla davranıb, ilişgi qurmuşdu. Yəni onun görürnən aldadıcı saxta mahiyyətinə görə yox, görünməyən əsl mahiyyətinə görə davranırdı...
(Əslində belə hallara hər addım başı rast gəlirik və heç biri də başqasından ciddi şəkildə fərqlənmir. Mənim danışdığım bu olay da bütün bunların ümumiləşdirilmiş forması idi...)
Bütün bunları görəndən sonra bir kəz daha anladım ki, bu bədbəxtləri dəyişmək və onlarla onların əsl mahiyyətindən – köləliklərindən kənar davranmaq həmişə faciələrə və ayrılıqlara gətirib çıxarır. Yəni bu bədbəxtlərdən – kütlədən onların bədbəxtliklərinə görə narazı olmağımızın özü də bədbəxtlikdi.

Biz xoşbəxtlər çox vaxt bədbəxtlərdən narazı olduğumuza görə bədbəxt oluruq, başqa heç nə...


Teqlər:





Xəbər lenti