Büdcəyə yenidən baxıla bilərmi? - TƏHLİL

Büdcəyə yenidən baxıla bilərmi? - TƏHLİL
  15 May 2013    Oxunub:1833
Maliyyə Nazirliyinin cari ilin I rübündə dövlət büdcəsinin icrasına dair məlumatına əsasən, mədaxil 4669,6 milyon, xərclər isə 4514,8 milyon manat həyata keçirilməklə, 154,8 milyon manat profisit (büdcə artıqlığı) qeydə alınıb. 2012-ci ilin I rübündə isə dövlət büdcəsinin mədaxil hissəsi 3487,7 milyon, xərcləri 2843,2 milyon manat yerinə yetirilməklə 644,5 milyon manat profisit yaranmışdı.

Doğrudur, bu ilin dövlət büdcəsinin mədaxil hissəsi 3565,3 milyon manat proqnoza qarşı 4669,6 milyon manat və ya 31%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1181,8 milyon manat və ya 33,9 % çox icra olunub.

Vergilər Nazirliyi proqnozu 103,2% icra etməklə dövlət büdcəsinə 1523,5 milyon manat vəsait ödəyib ki, bu da proqnoza görə 47,2 milyon, ötən ilin eyni dövrü ilə müqayisədə isə 133,0 milyon manat və ya 9,6% çoxdur.

Dövlət Gömrük Komitəsi də proqnoza 100,3% əməl edərək, büdcəyə 289,5 milyon manat vəsait verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% və yaxud 37,8 milyon manat çox olub. Sair daxilolmalardan nəzərdə tutulan 6,3 milyon manata qarşı büdcəyə 16,2 milyon və ya proqnozdan 2,6 dəfə çox vəsait gəlib, Dövlət Neft Fondundan (DNF) isə büdcəyə 2840,4 milyon manat vəsait transfert həyata keçirilib.

Diqqəti çəkən məqam odur ki, 2013-cü ilin I rübündə dövlət büdcəsi xərclərinin 4514,8 milyon manat icra olunduğu və ötən ilin eyni dövrü ilə müqayisədə 1671,6 milyon manat və ya 58,8% çox olduğu bildirilsə də, göstərilən rəqəmin proqnoza əsasən nə qədər təşkil etdiyi açıqlanmayıb.

Maliyyə Nazirliyinin ötən ilin eyni dövrünə dair məlumatında isə 2012-ci ilin I rübündə dövlət büdcəsinin mədaxilinin 98,5 % icra olunmaqla, xərclərin cəmi 79% yerinə yetirildiyi göstərilmişdi. Odur ki, cari ilin İ rübü ərzində bütün gəlirlərin artıqlaması ilə yerinə yetirildiyi halda nəyə görə, məhz cəmi 154,8 milyon manat (keçən illə müqayisədə 489,7 milyon manat az) profisit qeydə alındığı qaranlıq qalır.

Sual yaranır ki, bunun müqabilində büdcəyə yenidən baxıla bilərmi? Hər ilin ortasında dövlətin əsas maliyyə sənədinin icra vəziyyətinə nəzər salınaraq, onun gəlir və xərclər hissəsindəki rəqəmlərin dəyişdirilməsi buil də təkrarlanacaqmı?

Ötən şərhimizdə yazmışdıq ki, Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov cari ilin sonuna kimi Azərbaycanın dövlət büdcəsində heç bir çətinlik olmayacağı və ona yenidən baxılmayacağını deyib. M. Rəhimovun sözləri neftin 1 barelinin dövlət büdcəsində qiymətinin 100 ABŞ dolları səviyyəsində götürülməsinə əsasən söylənilsə də, I rüb ərzində büdcənin icrasına nəzərən profisitin az təşkil etməsi, ölkənin əsas maliyyə sənədinə yenidən baxılacağı ehtimalını azaldır.

O səbəbdən ki, əvvəla, neftin dünya bazarlarındakı qiyməti qeyd olunan məbləğdən aşağı düşməsə də kifayət qədər yaxşı səviyyədə deyil. İkincisi də, ilin ilk 3 ayı ərzində büdcədən xərclərin həcminə diqqət yetirsək, 4514,8 milyon manatın nəzərdə tutulan proqnoza görə nə qədər təşkil etdiyi bəlli olmasa da, hər halda, çox həyata keçirildiyi görünür.

Belə ki, iqtisadi təsnifata uyğun olaraq cari ilin I rübü ərzində dövlət büdcəsi xərclərinin 25,8 %-i və ya 1164.0 milyon manatı əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq daxil olmaqla sosialyönümlü xərclərə, funksional təsnifata uyğun olaraq isə iqtisadi fəaliyyətlə bağlı maliyyələşdirməyə (Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması, İpoteka Fondu) 2,1 dəfə (49,5 milyon manat) çox vəsait yönəldilib.

Sənaye, tikinti və faydalı qazıntı xərclərinə 1,9 dəfə (930,7 milyon manat), müdafiə xərclərinə 1,5 dəfə (100,0 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 49,1 % (29,1 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 18,3 % (6,2 milyon manat), səhiyyə xərclərinə 13,2 % (10,9 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 9,5 % (16,2 milyon manat) çox vəsait sərf olunub.

2013-cü ilin 3 ayı ərzində dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 1913,0 milyon və yaxud 2012-ci ilin eyni dövrü ilə müqayisədə 929,0 milyon manat və ya 1,9 dəfə çox vəsait sərf edilib.
Bütün bunlar da kifayət qədər böyük rəqəmlərdir.

Qarşıda isə sosial istiqamətdə xərclərin – maaş və pensiyaların artırılacağı da gözlənilir. Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı da dedi ki, bu il maaş və pensiyalar artırılacaq.

2009-cu il istisna olmaqla hökumət hər il büdcəyə yenidən baxıb. Qeyd olunan ili çıxmaq şərtiylə Milli Məclisin yaz sesiyasının sonuna yaxın büdcənin icra vəziyyətinə nəzər salınaraq, onun gəlir və xərclər hissəsindəki rəqəmlər həmişə dəyişdirilib. İqtisadi cəhətdən bu, səmərəli hal sayılmasa da, hökuməti qeyd olunan addımı atmağa hər dəfə neftin dünya bazarlarındakı qiyməti vadar edib.

Düzdür, cari ildə neftin qiymətinin 100 dollardan aşağı düşəcəyi istisna deyil. Lakin builin dövlət büdcəsinə DNF-dan transfertin 11 milyard 350 milyon manat təşkil edəcəyi və bunun da gəlirlərin 59,2 %-inə bərabər olduğunu nəzərə alsaq, təlaşa ehtiyac yoxdur. Yalnız profisitin azalması qayğısını qalmaq tələb olunur ki, maaş və pensiyaların artırılacağı təqdirdə, bu, daha da güclənə bilər...



Pərviz Heydərov



Teqlər:  





Xəbər lenti