Deputat: “3 min manat maaş alıram...” – Müsahibə

Deputat: “3 min manat maaş alıram...” – Müsahibə
  12 Fevral 2015    Oxunub:8760
“Hamı nazir, icra başçısı ola bilməz”

“Bu dəfə deputat seçilsəm, növbəti dəfə namizədliyimi verməyəcəyəm”


AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevdir.

Millət vəkili AzVision.az -a müsahibəsində gördüyü işlərdən, deputat həmkarlarının fəaliyyətindən, şəxsi biznesindən tutmuş, yaşlı deputatlarının parlamentdən uzaqlaşdırılmasına kimi bir sıra mühüm məqamlara aydınlıq gətirib.

- Eldar müəllim, bildiyimiz kimi qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu il sizin də deputat fəaliyyətiniz başa çatacaq. İlk öncə geridə qalan 5 ilə nəzər salmaq istərdik. Deputat fəaliyyətinizi necə qiymətləndirirsiniz? Seçicilərinizin etimadını doğrulda bildinizmi?

-Bildiyiniz kimi, parlamentdə Sabunçu rayonunu təmsil edirəm. Seçildiyim dairə Maştağa, Nardaran, Bilgəh və Zabrat qəsəbələrini əhatə edir. Bu ərazidən iki dəfə millət vəkili seçilmişəm. Bundan əvvəl isə Nizami rayonundan seçilmişdim. Bu illər ərzində həmin qəsəbələrdə böyük işlər görülüb. Sabunçu rayonu nəznində 10 qəsəbə var. Bu qəsəbələrin hər birində böyük işlər görülüb. Orada ilk növbədə sosial problemlərin həllinə çalışmışıq.Vaxtilə bu bölgədə qaz, su və işıqla bağlı problemlər olub. Hazırda bunların hər biri aradan qaldırılıb. Fərdi şəkildə kiminsə mənzilində problem olurr, amma bu problem kütləvi şəkildə deyil.

Bu illər ərzində qəsəbələrdə qurunt sularının qalxması ilə problemlər olub. Xüsusən də Maştağa. Biz bu məsələni bir neçə dəfə qaldırmışdıq. Cənab prezidentə təşəkkür edirəm ki, həmin məsələ ilə bağlı FHN və baş nazirin müavini Abid Şərifova, iqtisadiyyat nazirinə, Maliyyə Nazirliyinə, “Azərsu”yun rəhbərliyinə göstərişlər verdi ki, bu məsələlər öz həllini tapsın. Həmin ərazidə evlərə su dolmuşdu və bu problemlər aradan qaldırıldı.

Qeyd etmək istərdim ki, bu illər ərzində həmin qəsəbələrdə bir neçə yeni məktəb tikilib. Köhnə məktəblər isə yenidən təmir olunub. Ümumiyyətlə təhsil sahəsi hər zaman ölkə prezidentinin nəzarətində olub. Heydər Əliyev Fondunun rəhbəri və bizim həmkarımız Mehriban xanım Əliyeva , həmçinin ölkə başçısı İlham Əliyev tez-tez bizim qəsəbələrdə təhsil və sosial sahəyə diqqət yetirirlər.

Maştağa da son ildə 2 yeni məktəb tikilib. Həmçinin iki məktəb təmir olunub. Nardaran da da bir məktəb tikilib, ikisi isə yenidən təmir olunub. Həmçinin Zabartda iki yeni məktəbdə yenidənqurma işləri aparılıb. Bilgəhdə də o cümlədən. Bütün bu məsələlər göstərir ki, məktəblə bağlı problemlər demək olar ki, bu qəsəbələrdə öz həllini tapıb. Bu gün insanlar üçün öndə olan əsas məsələ sosial məsələdir.

Səhiyyə sahəsində də işlər görülüb. Maşatağa qəsəbəsinin poliklinikası işləmirdi və bərbad vəziyyətdə idi. Səhiyyə naziri Oqtay Şirəliyevin köməkliyi və bizim fəallığımız nəticəsində həmin poliknika təmir edildi. Həmçinin Maştağada böyük bir park salınıb. İnsanlar orada istirahət edirlər.

Cənab prezidentin dəstəyi ilə Azərbaycanda idman çox inkişaf edib. Bizim seçki dairəmizdə də gənclər idmana meyllidirlər. Əlimizdən gəldiyi qədər onlara da dəstək göstəririk. Yarışlara gedəndə, uğur qazanıb gələndə görüşlər keçiririk, hədiyyələr veririk.

Özünüz bildiyiniz kimi indi bəzi mənfi istiqamətdə olan gənclər qrupu da var. Hərdən gənclər onlara qoşulmağa meyl edirlər. Biz onlara izah edirik ki, onlar dövlətin gələcəyidirlər və inkişaf etməlidirlər. Hamı nazir, icra başçısı ola bilməz. Amma hər kəs insandır və ziyalı ola bilər.

Bildiyimiz kimi din təmsil etdiyi bölgədə yüksək yer tutur. Onu da nəzarətdə saxlayırıq ki, radikallaşma olmasın. Din adamları ilə görüşlərimiz olur və bəzi məsələləri müzakirə edirik. Hüquq-mühafizə orqanları da bu məsələləri nəzarətdə saxlayır. Biz ömzümüz də nəzarət edirik.

- Fəaliyyətiniz zamanı seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edirdilər?

-Seçicilər əsasən maddi durumları, iş yeri və evlərinin təmiri ilə bağlı bizə tez-tez müraciət edirlər. Demək olar ki, hər həftə seçicilərimlə görüşürəm. Onların problemlərini dinləyirəm. Əlimdən gəldiyi qədər onlara köməklik göstərirəm.

Bəziləri var ki, iş üçün müraciət edirlər və iş tapılanda da seçim etmək istəyirlər. Hər cür seçici var. Bəziləri var ki, kommunal borclarının çox olmasına görə qəbula gəlirlər. Gərək insanlar da işlətdiyi işıq, qaz və suyun pulunu vaxtında ödəsin. Hər kəs cibinə uyğun olaraq bunlardan istifadə etməlidir. Eləsi var övladı cinayət törədir, bunun üçün bizə müraciət edir. Bunlarla da maraqlanırıq. Doğurdan da orada hər hansı bir ədalətsiz iş varsa, biz o məsələdə köməklik göstəririk. Bəziləri isə haqlı olaraq öz cəzasını alır. Qanunun qarşısında hər birimiz baş əyirik. Azərbaycan dövləti bu gün hüquqi dövlətdir.

- Növbəti seçkilərdə bir sıra dəyişikliklərin olacağı bildirilir. Bir çoxları belə fikir səsləndirir ki, parlamentdəki deputatların əksəriyyəti yaşlıdır, Milli Məclisdə gəncləşmə siyasəti aparılmalıdır. Sizin buna münasibətiniz necədir?

-Bu gün yaşa görə nəyəsə qiymət verilmir. O insanlara qiymət verilir ki, ilk növbədə öz seçicilərinin etimadını qazanıb. Seçildiyim ərazidə bu gün reytinqimi araşdırsanız görərsiniz ki, həmin dairədə 70-75 faiz reytinqim var. İnsanlar artıq görürlər ki, biz görüşlərdən qaçmırıq, tapşırıqdan qaçmırıq və lazım olan məsələləri ölkə rəhbərinə çatdırırıq. Lazım olan məsələləri ayrı-ayrı nazirlərin qarşısında qaldırırıq. İşimizin əsası odur ki, hər bir millət vəkili öz seçicisi ilə dövlət arasında körpü yaratmalıdır. Bəlkə də elə cavan var ki, bütün günü orda-burdadır. Seçiciləri onu axtarır, tapa bilmirlər. Millət vəkili həmkarlarım bu sözümə görə inciməsinlər, görürsən məlumat verirlər ki, hansısa bir deputat seçiciləri ilə görüşüb. Bunu təəccüblə qarşılayıram. Hər bazar seçicilərimlə bir yerdəyəm. Bunu da hamı bilir. Ağlımız, savadımız, bacarığımız var və əlimizdən gələni edirik.

-Eldar müəllim, keçək əsas məsələyə. Növbəti dəfə namizədliyinizi irəli sürəcəksinizmi?

-Yayda bu barədə fikirlərimi bildirərəm. Uyğun olarsa, bizə etimad göstərilərsə namizədliyimi yenidən verərəm. Səhhətimlə bağlı elə bir problem yoxdur. Hesab edirəm ki, bu dəfə namizədliyimi irəli sürüb deputat seçilsəm, növbəti dəfə namizədliyimi irəli sürmüyəcəm. İstəyərəm ki, həmin ərazidən seçilən şəxs seçici üçün, milləti və dövləti üçün can yandıran olsun. Yalnız millət vəkili döş nişanını vurmaqdan ötrü gələn millət vəkili millətə lazım deyil. Millətin qayğısını çəkmək lazımdır. Xeyrində və şərində yanında olmaq lazımdır.

-Bəzi həmkarlarınız var ki, 5 il ərzində bir dəfə də olsun parlamentdə çıxış etməyiblər.

-Bilirsiniz ki, parlamentdə Aqrar siyasət komitəsinin sədr müaviniyəm. Ən ağır sahələrdən biridir aqrar sahə. Bizim komitədə belə bir deyim var ki, hansısa problem varsa, onunla bağlı fikrimizi bildiririk. Biz çalışırıq ki, öz işimizi elə quraq ki, orada da vaxt alıb hansısa məsələyə münasibət bildirməyək.

Bizim komitənin ab-havası elədir ki, biz əsasən hazırlanan qanunlar barədə müzakirə aparırırq. Bizdə qanunlar çoxdur. Hazırda iki vacib qanun hazırlayırıq. “Kənd təsərrüfatı kopperasiyası” və “Kənd təsərrüfatı informasiya xidməti haqqında” qanunlar tərəfimizdən hazırlanıb. Bu qanunlar yaz sessiyasında müzakirə olunacaq.

-Mətbuatdan da izlədiyimiz ki, bəzi deputat həmkarlarınızın parlament fəaliyyəti ilə yanaşı özəl bizneslərinin olduğu deyilir. Bəs, sizin necə biznesiniz varmı? Yoxsa deputat maaşınızla dolanırsız?

-Özəl biznesim yoxdur. Milli Məclislə yanaşı Azərbaycan Kooperasiya Universitetinin rektoruyam və həmin universitetdə dərs deyirəm. Əsas iş yerimiz Milli Məclisdir. Ümumilikdə 3000 min manata yaxın maaş alıram. Bildiyiniz kimi həm də Milli Məclisdə Aqrar siyasət komitəsinin sədr müaviniyəm. Cəmiyyətlə ayaqlaşmaq lazımdır. Əndazədən kənara çıxmaq olmaz. Dövlət məmuru öz əndazəsindən kənar çıxmamalıdır. Bu illər ərzində kimsə deyə bilməz ki, özüm və yaxud övladım hardasa, ənadəzən kənar hərəkət edib.

- Deputat həmkarlarınızla münasibətiniz necədir? Aralarında dostluq etdikləriniz varmı?

-Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla yaxın dostam. Eldar müəllim dostumuzdur. Ulu öndər Heydər Əliyevə və dövlətçiliyə sadiq insandır. Həmçinin həmkarım Novruz Aslanla da dostluq münasibətlərimiz var. Gözəl insandır. Müəllifi olduğum sözlərə bir neçə dəfə mahnı yazıb. Sözün düzü o qədər rəqəmlə işləyirik ki, baş yorulanda şeir yazıb dincəlirəm.

Novruz müəllim deyir ki, şeirlər yazın. Deyirəm ki, Novruz müəllim mən şair deyiləm, həvəskaram. O da mənə deyir ki, “ay Eldar həvəskar şair olmur.. “ (gülür). Deyir o qədər şeir yazmısan, deyirsən də həvəskarsan.

Əsasən “Azərbaycan-Türkiyə” və cənab prezidentə həsr etdiyimiz “Sən oldun” mahnısı daha çox sevilir. Dostlarımdan biri də Ziyad Səmədzadədir. Vaxtilə elmi rəhbərim olub.

- Bəzi həmkarlarınız Milli Məclisin plenar iclaslarına çox az gəlirlər. Bu cür hallara qarşı hansı tədbirlər görülür?

-Milli Məclisin İntizam Komitəsi bununla məşğul olur. Seçildiyim bu illərdə cəmi 2-3 dəfə üzrlü səbəbdən iclaslarda iştirak etməmişəm. Bu da ya xəstəlikdən və yaxud da xaricdə olmağıma görə olub. Özüm xoşlamıram ki, plenar iclaslarda iştirak etməyim. Əgər millət vəkiliyəmsə, nə işim də olsa, iclasda iştirak etməliyəm. Əgər evdə oturacağamsa, bu deputat mandatlığını nədən daşıyıram? 10 il bundan qabaqla indi arasında xeyli fərq var. İntizam komissiyasında bu məsələlərə baxılır. Üzürlü və ya üzürsüz olması araşdırılır.

- Eldar müəllim, necə düşünürsüz 2015-ci ilin parlament seçkilərində hansı dəyişikliklər olacaq? Gözləntiləriniz nədən ibarətdir?

-Hesab edirəm ki, bu məsələ qabaqcadan planlaşdırılımır. Yenidən namizədliyimizi verəcəyik və bizim də rəqiblərimiz olacaq. Belə düşünürəm ki, bu il 125 yer uğrunda ən azı 2000-dən çox şəxs namizədliyini verəcək. Bunu səsvermədən sonra biləcəyik. Bütün dünyada olduğu kimi bizdə də seçkilər qanuni şəkildə keçirilir. Seçkidə əsas rol oynayan seçicidir. Son zamanlar seçkilərdə seçici aktivliyi müşahidə olunur. Seçki vaxtı təbliğat aparmaq lazımdır. Hesab edirəm ki, parlamentdəki deputatların 85-90 faizi növbəti dəfə yenidən seçilməlidir. Hazırda çox layiqli və savadlı həmkarlarımız var. Son 10 il ərzində ölkəmizin hər yerində xeyli işlər görülüb. Bu gün Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Bu gün Azərbaycan inkişaf etməkdə olan dövlətlər arasında aparıcı yer tutur. Ümid edirəm ki, bir neçə ildən sonra inkişaf etmiş dövlətlərdən olacayıq.

-Bəzən parlamentdə mandat yerlərinin sayınının artırılması barədə fikirlər səsləndirilir...

-Hesab edirəm ki, 125 mandat yeri bizə bəs edir. Sayın artması əlavə xərcdir. Bu vəsaiti digər sahələrə ayırmaq olar. Yerin artırılmasına məncə, ehtiyac yoxdur. Həmkarlarım tam enerjiləri ilə işləsələr, 125 mandat yeri bəs edər. Uzun müddət millət vəkili olan şəxs kimi bunu deyə bilərəm.

- Eldar müəllim indiyədək parlamentdə hansı qanunvericilik təşəbbüsləriniz olub və yadınızda qalan qanun layihələri hansılardır?

-“Torpaq islahatları haqqında” qanunu misal çəkə bilərəm. Ayrı-ayrı sahələr üzrə qanunlar qəbul olunub ki, onların da dövlətimiz üçün böyük əhəmiyyəti var. Ən vacib qanun “Büdcə haqqında” qanundur. Onu bir ildir müzakirə edirik. Komitələr şəklində müzakirə edirik və daha sonra birlikdə müzakirə olunur, plenar iclasa çıxarılır.

-Bildiyimiz kimi 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilib və bununla bağlı hansı işləri görməyi planlaşdırırsınız?

-Mən dəfələrlə demişəm, biz kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etməliyik. Çünki dünyada ərzaq təhlükəsizliyi problemləri var. Ölkəmizdə neftdən sonra ikinci prioritet məsələ aqrar sahə sayılır. Aqrar sahənin də əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Hesab edirəm ki, ilk növbədə torpaqdan başlamalıyıq. Kənd təsərrüfatına dövlət ehtiyyatlarından bir az torpaq verilsin. Həmçinin torpaqlarımızın bir hissəi melorasiya və aqreqasiya olunmalıdır. Belə ki, şoranlaşmış torpaqlarımız var. Həmçinin kimlərəsə torpaq paylanıb və əkilməyib, həmin torpaq sahələrinin monitorinqini aparmaq lazımdır. Mütləq həmin torpaqlardan istifadə olunmalıdır. Həmçinin toxumçuluğu inkişaf etdirmək lazımdır ki, məhsuldarlıq artsın. Məhsuldarlığın aşağı olduğu sahələrə xüsusi diqqət yetirilməlidir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahə ilə məşğul olanlar üçün marağı daha da artıracaq. İstəmərik ki, xaricdən kənd təsərrüfatı məhsulları alaq. Özümüzü bu məhsullarla təmin edə bilərik.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti