“Əli Kərimli haqda elə şeyləri bilirəm ki....” – Müsahibə

“Əli Kərimli haqda elə şeyləri bilirəm ki....” – Müsahibə
  21 Fevral 2015    Oxunub:22806
“Məni tənqid edənlər manqurtlaşmış, zombiləşmiş adamlardır”.

“Əli Kərimli “maska”lanıb insanları inandırmağa çalışır”
Bu fikirləri AzVision.az-a müsahibəsində AXCP-dən istefa verən Razi Nurullayev bildirib. O, partiyadan çıxmasının səbəbi açıqlayıb, Əli Kərimli və tərəfdarlarının haqqında səsləndirdiyi iradlara, ittihamlara cavab verib.

- Siz AXCP-dən istefa verəndən sonra partiyada haqqınızda sərt tənqidi fikirlər səsləndirilir. Hətta cəbhəçilər sizi hakimiyyətə işləməkdə ittiham edirlər. Bu haqda nə deyə bilərsiniz?

- Sosial şəbəkələrdə məni tənqid edənlərin çox az hissəsi öz adı ilə bunu edir. Qalanları isə saxta profillər işlədən eyni adamlardır. Bundan əlavə, mənə dəstək olanlar tənqid edənlərdən bəlkə də 100 dəfə çoxdur. O baxımdan bu məni qorxutmur.
Tənqid edənlər 10-12 nəfər və onların saxta profillərindən ibarətdir. Səsləndirdikləri fikirlərin isə heç bir əsasları yoxdur. Öyrədilmiş, manqurtlaşmış, zombiləşmiş adamlardır.

- Bəs, onları sizə qarşı yönəldən kimdir?

- Dediyim adamlar təlimatı birbaşa sədrdən alırlar və yazdıqlarının bir çoxunu da Əli Kərimli öz əlləri ilə yazıb onlara göndərir. Mən partiyada olanda da bunun şahidi olmuşam. Belə xırdaçılıq ancaq onun başının altından çıxa bilər. Buna baxmayaraq, mənim AXCP-də olan, təmiz ürəkli, yaxşı dostlarım çoxdur və onlar dostum olaraq qalırlar. Başa düşürəm ki, onları sədr təlimatlandırıb mənim üzərimə göndərir, anlayıram ki, onlar bunu etməlidirlər.

Tənqidlərimdə haqlıyam, neçə illər partiyada olmuşam, bir çox məsələlərdən xəbərdaram. Yaxın zamanlarda elə şeylər deyəcəyəm ki, elə şeylər bilirəm ki, bəlkə də Azərbaycan bir-birinə dəyəcək. Sonda hər kəs görəcək ki, haqlı, haqsız kimdir?!

- Siz partiya üzvü olanda ünvanınıza heç bir tənqidi fikir, və ya ittiham səslənmirdi. Bir istefanızla hər şey dəyişdi. Cəbhəçilər sizə qarşı sosial şəbəkələrdə kəskin ittihamlar səsləndirirlər.

- Bunlar mənim yaydığım istefa bəyanatımdakı tənqidi fikirlərimlə bağlıdır. Həmin bəyanatda da qeyd etdiyim kimi Əli Kərimli tənqidə, fərqli fikrə dözümsüzdür. Onun özünün dediyindən başqa söz yoxdur. Özü deyir, özü dinləyir və qalanlarını da öz iradəsinə tabe olmağa məcbur edir. Amma bunu elə şəkildə edir ki, insanlar sanki öhdəlik götürür və bunu etməyə məcbur olurlar. Elə “maska”lana bilir ki, insanları inandırmağa nail olur.
Partiyadan öz istəyimlə getməmişəm, getmək istəmirdim. Məni buna vadar edən səbəblər olub. İstəyirdim ki, partiyanı dəyişim. Bununla bağlı ətraflı açıqlama yayacağam.

- Keçmiş həmkarınız Fuad Qəhrəmanlı bildirib ki, siz sədr müavinliyindən azad olunmadan əvvəl Əli Kərimli ilə görüşmüsünüz və bu görüşdən sonra sədr belə sərəncam verib. Görüşdə nə ilə bağlı idi?

- Biz sadəcə olaraq razılığa gələ bilmədik. O, ittihamlar irəli sürdü. Mənə belə gəldi ki, Əli Kərimlinin bu addımının səbəbi məni özünə rəqib görməsi ilə bağlıdır. Çox yanlış yolda idi, yanlış fikirlərə düşmüşdü.

- Bundan sonra siyasi fəaliyyətinizi necə davam etdirəcəksiz?

- Hələ ki, bu barədə ətraflı düşünməmişəm. Hanısa başqa partiyaya üzv olmaq fikrim yoxdur. Fəaliyyətimi necə davam etdirəcəyim barədə dəqiq qərara gəlməmişəm. Yaxın günlərdə bununla bağlı qərarımı verəcəyəm.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti