İsmayıllı hadisəsinin

İsmayıllı hadisəsinin
  29 Yanvar 2013    Oxunub:2199
Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisəsinin təşkilatçıları kimi ittiham olunur.
Respublika Prokurorluğu Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin müxbiri Tofiq Yaqublunu və REAL hərəkatının sədri İlqar Məmmədovu yanvarın 24-də İsmayıllı rayonunda baş verən hadisənin təşkilatçılığında – iğtişaş təşkilatçılığında ittiham edir. Məlumatı “Media forum” saytına Tofiq Yaqublu verib.

Tofiq Yaqublunun sözlərinə görə, yanvarın 28-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyev zəng edərək onu idarəyə dəvət edib: “Məni istintaqa nəyə görə dəvət etdiklərini bilmədim. Yanvarın 29-da istintaq idarəsinə gedəndə məlum oldu ki, məni İsmayıllı hadisələrinə görə istintaqa şahid qismində dəvət ediblər. Mən və “Yeni Müsavat” qəzetinin digər müxbiri Nemət Kərimli yanvarın 24-də İsmayıllıya getmişdik. Necə getdiyimizi, jurnalist kimi araşdırma apardığımızı tam təfsilatı ilə danışdıq. Sonda müstəntiq yazılı sual verdi və onu cavablandırmağımı istədi. Sual belə idi: İstintaq materialları ilə sübut olunub ki, siz Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllıda olarkən əhalini iğtişaşlara təhrik etmisiniz, polislərə daş atmağa, maşınların yolunu kəsməyə, yandırmağa təhrik etmisiniz”.

Tofiq Yaqublunun “Media forum”a bildirdiyinə görə, onun istintaqa çağırılması İsmayıllı hadisələrinə görə açılmış ümumi cinayət işi üzrə olub: “Cinayət işi Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən kütləvi iğtişaşlar törətmə, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, başqasının əmlakına ziyan vurma maddələri ilə açılıb”.

Tofiq Yaqublu ittiham olunmasını tam əsassız, cəfəngiyyat sayır: “Biz ora jurnalist kimi getmişik və araşdırma aparmışıq. Bunu istintaqa verdiyim ifadədə geniş yazdım. Biz yanvarın 24-də saat 12-13 radələrində Bakıdan çıxımışıq, iki saatdan sonra İsmayıllıya çatmışıq. Orada hər yer polisin, mülki geyimli xüsusi xidmət orqanı əməkdaşlarının nəzarətində idi. Hamının gözü qarşısında 15-20 dəqiqə meydanda olmuşuq, gördüklərimizin şəkillərini çəkib geri qayıtmışıq. Özləri də bilirlər ki, heç nə yoxdur”.


Teqlər:  





Xəbər lenti