Deputatlara müraciət:“Siz buna borclusunuz”
“Hörmətli Millət Vəkilləri! Siz də bu cəmiyyətdə yaşayırsınız və təbii ki, Silahlı Qüvvələrdə gedən proseslərdən xəbərsiz deyilsiniz. Əksinə, Millət Vəkilləri olaraq vəzifənizə və cəmiyyətdə tutduğunuz mövqeyinizə görə sizlər Ordu quruculuğu sahəsində gedən proseslərdən əsaslı şəkildə məlumatlı olmağa borclusunuz. Bununla yanaşı, dövlət hakimiyyətinin qanunverici orqanının nümayəndəri kimi sizlər bu proseslərə görə xalq qarşısında həm də məsuliyyət daşıyırsınız.
Yəqin ki, Vətən övladı kimi hər dəfə hərbi xərclərin artırılmasına səs verdiyiniz zaman əminliklə düşünürsünüz ki, ölkəmizin müdafiə qüdrətinin artırılması üçün daha bir xeyir işə imza atdınız.
Əfsuslar olsun ki, hərbi büdcəyə ayrılan böyük vəsaitlər də, hərbi hissə və birləşmələrdə mövcud olan neqativ atmosferə ciddi təsir edə bilmir. Çünki Ordu rəhbərliyi tərəfindən aparılan “islahatlar”, fundamental əsaslara söykənmədiyindən, sadəcə olaraq ölkə rəhbərliyi qarşısında gözləri və qulaqları rahatlaşdırmağa hesablanmış kosmetik kamuflyaj xarakteri daşıyır və müsbət nəticə verməyə əsla qadir deyil.
Hətta, son illər ərzində sizlərin də səs verdiyi dövlət büdcəsi hesabına alınan texnika, silah, sursat və müxtəlif təyinatlı avadanlıqlar da, bu boşluqları doldura və əvəzləyə bilmir. Son illər ərzində Silahlı Qüvvələrdə baş verən hadisə və cinayətlərin statistikası və hərbi büdcə ilə bərabər şəxsi heyət arasında artan itgilərimiz deyilənlərə əlavə sübutdur.
Atəşkəs dövründə verdiyimiz itkilərdən əlavə, mövcud sistem - minlərlə hərbi qulluqçunun, o cümlədən minlərlə zabit və gizirin cinayətkara çevrilməsinə və həbsxanalara düşməsinə şərait yaradıb. Yüzlərlə 10 il, 15 il, 20 il, bəzən də daha çox, hərbi xidmət keçmiş mayorlar, polkovnik-leytenantlar, polkovniklər canlarını bu dözülməz vəziyyətdən qurtarmaq üçün “öz arzuları ilə” Ordu sıralarından “xidməti uyğunsuzluq” maddəsilə tərxis olunmağa can atırlar. İndiyədək “öz istəklərinə” nail olan belə zabit və gizirlərin sayı isə son 18 il ərzində bütün dünya ordularının rekordlarını ötüb. Hərbi büdcə ilə bərabər şəxsi heyət arasında artan itgilərimiz, “cinayətkarlarımız” və “xidmətə uyğunsuzlarımız” inkarolunmaz bir faktdır.
Qanununa əsasən, 15 təqvim ili və daha çox xidmət etmiş zabit və gizirlər, o cümlədən ehtiyatda olanlar daimi yaşayış sahələri ilə təmin olunmalıdırlar. Zabit və gizirlərin qanunla nəzərdə tutulmuş bu hüquqları dövlət tərəfindən hərbi geyimdə olan və həyatlarının ən gözəl çağlarını dövlətin hərbi təhlükəsizliyinə və müdafiəsinə həsr etmiş vətəndaşlar qarşısında götürülmüş öhdəlikdir. Müstəqilliyimizin bərpa edilməsindən 21 ildən çox vaxt ötsə də dövlət hərbi qulluqçuların böyük bir qismi qarşısında götürdüyü bu öhdəliyi hələ də yerinə yetirməmişdir.
Kənardan nəzər salanda uzun bir müddətin durğunluğu, anlaşılmayan acizlik nəzərə çarpır və belə bir fikir formalaşır ki, itgilərimizin sayının azalması və hərbi nizam-intizamın qanunların aliliyi, əsas insan və vətəndaş hüquq və azadlıqları, haqq-ədalət prinsipləri ilə uzlaşdırılması məsələlərində, sanki hamı ümüdünü yalnız Ulu Tanrıya bağlayıb.
Bugünkü Ordu rəhbərliyinin hələ 18 il bundan öncə sovet təfəkkürünə və yanaşmasına uyğun yaratdığı mövcud sistem, sadəcə olaraq, bölgədə yaranmış yeni hərbi-siyasi vəziyyətin və dinamik şəkildə dəyişən daxili faktorların tələblərilə ayaqlaşmaq və uzlaşmaq iqtidarında deyil.
Hörmətli Millət Vəkilləri!
Sülhsevər bir dövlət olaraq bizim müharibə etmək niyyətimizin olmaması, düşmənin bizə qarşı müharibəyə başlamayacağı zəmanətini vermir.
“İranın nüvə proqramı” ilə əlaqədar regionda gedən proseslər, Xəzərdə silahlanmanın surətlə artması, Rusiya və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın güclənməsi fonunda biz necə arxayın ola bilərik ki, bizim özümüzə qarşı hərbi müdaxilə olmayacaq və ya biz iradəmizdən asılı olmayaraq döyüş əməliyyatlarını bərpa etməyə məcbur olmayacağıq?
Hörmətli Millət Vəkilləri!
Yuxarıda göstərilənlərə əsasən dövlət hakimiyyətinin qanunverici orqanının nümayəndəri kimi sizləri Silahlı Qüvvələr üzərində Parlament nəzarətini gücləndirməyə, deputatlıq fəaliyyətiniz dövründə Ordu quruculuğu məsələlərinə daha çox diqqət ayırmağa, Parlamentin iclaslarında Sılahlı Qüvvələrin döyüş hazırlığının və ölkəmizin müdafiə qüdrətinin ən yüksək səviyyəyə qaldırılması üçün daha təsiredici qərarlar qəbul etməyə çağırırıq.
Əgər siz və təmsil olunduğunuz dövlət hakimiyyətinin qanunverici orqanı, xalqımızın və dövlətimizin taleyini düşünərək, bu sahədə müsbət çıxış yolları axtarışında və zəruri dəyişikliklər arzusundasınızsa, onda biz sizə, Silahlı Qüvvələrin mövcud imkan reallıqları ilə tanış olmaq, planlaşdırılan islahatlarla müqayisə edə bilmək və alternativlik məqsədilə, mövcud vəziyyət əsasında hazırlanmış bəzi təkliflər paketini də təklif edə bilərik.
Unutmayın ki, bu telehyüklü məsələlərə görə, istərsə bir Millət Vəkili olaraq hər biriniz ayrı-ayrılıqda, istərsə də dövlət hakimiyyətinin qanunverici orqanı olaraq hamınız birlikdə, xalq qarşısında Ordu rəhbərliyindən daha çox məsuıiyyət daşıyırsınız”.
Teqlər: