Təhsildə Korrupsiyaya qarşı atılacaq addımlar açıqlandı

Təhsildə Korrupsiyaya qarşı atılacaq addımlar açıqlandı
  30 Yanvar 2013    Oxunub:4068
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini aidiyyəti qurumlardan tələb etmişdi. Prezident tapşırmışdı ki, xüsusi olaraq təhsil sahəsində bu mübarizəni daha səmərəli təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında bu məsələ müzakirə olunsun.

Komissiyanın təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibli iclası keçirilib. İclasda geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev təhsildə olan problemlərə toxunub, islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata keçirilməsinin çox mühüm olmasını qeyd edib. O, təhsildə həm idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı problemlərin olmasını vurğulayıb və bu halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğunu vacib sayıb.
Komissiyanın sədri ali təhsil müəssisələrində dekanlıqların məsuliyyətinin artırılmasını və şəffaflığın təmin olunmasını, kafedraların, müdafiə şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti və müasir tələblərə uyğun olmaması, kitabxanaların elektron xidmət potensialının və universitetlərin internet səhifələrinin aşağı səviyyəsi, müasir ixtisaslara tələbin olması kimi məsələləri vurğulamış və tədrisin keyfiyyətinin artması üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini bildirib.
Tələbələrin ərizə və müraciətlərinin araşdırılmasından danışan Komissiya sədri universitetlərin idarə edilməsində tələbələrin ehtiyaclarının nəzərə alınması, sosial şəbəkələrdə təhsillə bağlı fikirlərinin təhlil edilməsi və buna adekvat tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub. Bundan əlavə, Komissiyanın sədri orta və texniki peşə təhsili sahəsində çatışmazlıqların qalmasını və bu barədə iradlarını iclas iştirakçılarına çatdırıb.
İclasda xüsusi olaraq ali təhsil müəssisələrində müəllimlərin maaşlarının artırılması ilə bağlı fikirlərini qeyd edən Komissiyanın sədri ödənişli təhsildən daxil olan vəsaitlərdən müəllimlərin əmək haqlarına edilən əlavələr üzrə vahid qaydalara ehtiyac olmasını bildirib.
Komissiya sədri, həmçinin universitetlərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətinə toxunmuş, təşkilatların rəhbərliyinə nüfuzlu gənclərin cəlb olunmasını və onların fəaliyyətlərinin genişləndirilməsi üçün zəruri şəraitin yaradılmasını vurğulayıb. Sədr başqa universitetlərdən olan tələbə köçürmələri və təkrar ali (ikinci) təhsilin təşkili ilə bağlı məsələlər üzrə də ciddi iradları səsləndirib.
Komissiyanın sədri çıxışında ümumtəhsil məktəblərinin fəaliyyətində olan nöqsan və problemlərə geniş yer ayıraraq, əmin olduğunu bildirmişdir ki, qısa müddətdə görülmüş tədbirlər nəticəsində bu sahədə dönüş yaranacaq.
İclasda çıxış edən Komissiyanın üzvü, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov təhsil sahəsində korrupsiya və digər mənfi hallar barədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər və bu sahədə aparılan cinayət işləri barədə məlumat verib. O bildirib ki, 2010-2012-ci illər ərzində Baş Prokurorluq tərəfindən təhsil sahəsində qanun pozuntuları ilə bağlı 536, o cümlədən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 429 müraciətə baxılıb, 72 cinayət işi istintaq olunmaqla, bir sıra hallarda təxirəsalınmaz əməliyyat tədbirləri keçirilərək təqsirli şəxslər cinayət başında yaxalanıblar. Baş prokuror daxil olmuş müraciətlərin və istintaq edilmiş işlərin ümumiləşdirilməsi əsasında təhsil sahəsindəki mənfi halların qarşısının alınması üzrə bir sıra təkliflər verib.
İclasda çıxış edən Komissiyanın üzvü, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin təhsil sahəsini də əhatə etdiyini bildirib. O, təhsil idarəçiliyində korrupsiyaya şərait yaradan bir sıra halları qeyd edib və bu halların aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib.
Komissiya üzvü, həmçinin informasiya-kommunikasiya sistemlərinin təhsilə inteqrasiyası ilə bağlı məsələlərə toxunmuş, yeni fəaliyyətə başlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya mərkəzinin innovativ təcrübəsinin bir neçə ali təhsil müəssisəsində və orta məktəblərin yuxarı siniflərində tətbiq edilməsi barədə təklif verib.
Komissiyanın sədri sonda təhsildə informasiya texnologiyalarının tətbiqi məsələsini xüsusi olaraq vurğulamış, bu vasitələrin tədrisin keyfiyyətinə və korrupsiyaya qarşı mübarizədə səmərəli alət olacağını qeyd edib.


Teqlər:





Xəbər lenti