Türkiyə iğtişaşlarının pərdəarxası – TƏHLİL

Türkiyə iğtişaşlarının pərdəarxası – TƏHLİL
  03 İyun 2013    Oxunub:1900
Ərdoğan 10 illik iqtidarı müddətində heç vaxt bu cür gərgin vəziyyətlə üzləşməmişdi. Buna əsas da yox idi – ölkənin daxilində iqisadiyyat tədricən güclənirdi, sosial vəziyyət yaxşılaşırdı... Və bu taktiki uğurlaırın fonunda AKP hökumətinin strateji xəttləri hansı tərəfə döndərdiyi əhalini o qədər də narahat etmirdi. Amma son zamanlarda deyəsən, etməyə başlayıb. Əks təqdirdə, Türkiyədə baş verənləri bir parkda ağacların kəsilməsilə izah etmək mümkün deyil.

Aksiyaların miqyası və ona qoşulan insanların cəmiyyətin olduqca geniş spektrini əhatə etməsi göstərir ki, toplumda uzun illər ərzində Ərdoğanın yürütdüyü strateji xəttə qarşı narazılıqların yığılması prosesi gedib. Və artıq elə bir məqam yetişib ki, həmin narazılıqlar AKP hökumətinin sosial-iqtisadi uğurlarının gətirdiyi kütləvi məmnunluğu üstələməyə başlayıb. Gəzi Parkında ağacların kəsilməsi sadəcə, tətiyin çəkilməsi idi, tüfəng çoxdan doldurulurdu.

Bəs cəmiyyətin real narazılığının artmasına səbəb nədir?..
Ərdoğan hökumətinin strateji səhvlərini xeyli sadalamaq olar. Amma ən böyüyü Türkiyənin dövlət olaraq mahiyyətini, təbiətini dəyişmək istəyidir. AKP hakimiyyətə gələndən sonra Atatürk Türkiyəsi əvvəl yavaş-yavaş, sonra isə sürətlə Ərdoğan Türkiyəsinə çevrilməyə başladı. Ölkənin daxili siyasi quruluşundan tutmuş, geosiyasi konsepsiyasına qədər hər şey dəyişdi və dəyişməkdə davam edir. İndi gündəmdə olan əsas məsələ Konstitusiyanın dəyişməsidir. O da baş tutandan sonra Türkiyənin transformasiya prosesi qismən yekunlaşmış olacaq.

Türkiyə bunu istəyirmi?.. Əslində bəli. Ərdoğan dindar insanlar və orta təbəqə - əsnaf üçün ideal rəhbərdir. Dünyəvi və Avropa təfəkkürlü insanlar Türkiyədə heç vaxt dindar əsnaf qədər iri güc ola bilməyəcək. Ən azından, yaxın onillərdə ciddi azlıqda qalacaqları şübhəsizdir. Hətta bütün yaşananlardan sonra belə, Ərdoğan yeniləşmiş Konstitusiyaya əsasında keçiriləcək seçkidə prezidentliyə namizədliyini versə, seçiləcəyi şübhə doğurmur. Ən maraqlısı da elə buradan başlayır.

Nitsşenin “Səni öldürməyən hər şey daha da gücləndirir” fikri siyasətdə öz təsdiqini belə tapır: sistemi dağıtmayan hər şey onu daha da gücləndirir. Ona görə də, bu gün meydanlara çıxanlar yəqin ki, son nəticədə AKP hakimiyətini daha da gücləndirmiş olacaqlar. Şəxsən Ərdoğan özü siyasi fiqur olaraq bu etirazlardan keçib, daha da güclənəcək. Bəs ondan sonra nə edəcək?

Bundan sonra iki yol qalır. Ya güclənib öz xəttini yenə də özünün bildiyi kimi yürütmək, ya da əks düşərgəyə müəyyən qədər güzəştlərə getmək. Birinci halda Türkiyə tez-tez indiki kimi iğtişaşların yaşandığı dövlətə çevrilə bilər. Narazıların getdikcə artması da mümkündür. Çünki cəmiyyətdəki eyforiya artıq bitib.

İkinci halda Atatürk Türkiyəsiin Ərdoğan Türkiyəsinə çevrilməsi daha uzun vaxt aparacaq. Amma proses, hər halda, gedəcək.

Tariyel Həsənov
AzVsion.az


Teqlər:  





Xəbər lenti