“Əli Kərimli öhdəçilik götürmüşdü”

“Əli Kərimli öhdəçilik götürmüşdü”
  19 Fevral 2013    Oxunub:1952
“Əli Kərimli Kələkidən Bakı şəhərinə dönəndən sonra 1995-ci ildən etibarən Xalq Cəbhəsini dağıtmaq, parçalamaq öhdəçiliyi götürmüşdü”.
AzVision.az bildirir ki, AXCP sədri Əli Kərimli barədə bu və bundan ağır ittihamları Əbülfəz Elçibəyin qardaşı oğlu, "Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev səsləndirib. O, Əli Kərimlinin 2000-ci ilin əvvəllərində “Yurd” təşkilatını yaratmasını xatırladaraq bunun partiyanı parçalamağa yönəlik addım olduğunu deyib.

“Xalq Cəbhəsinin daxilində həmin dönəmdə guya "islahatçılar" qanadı adı altında, yəni "Yurd"çular Xalq Cəbhəsində təmsil olunan əsl vətənpərvər, hərəkatçı və mübariz cəbhədaşlarına qarşı qarayaxmalar ataraq bölücülük işləri aparırdı. Partiya daxilində və cəmiyyətdə həmin insanları "qaragüruhçu" adlandıraraq ikitirəlik, parçalanma toxumunu səpərək əsl amacına çatmaq üçün bir sıra iyrənc metodlardan istifadə edirdi. Məgər sizlərin xatirində deyilmi ki, Ə. Kərimli hansı çirkin oyunlarla, alverlərlə, hansı xəyanətlərlə, Xalq Cəbhəsini parçalayıb işğal etdi? İllər boyu min məşəqqətlə əzablarla qurulub yaradılan bu nəhəng təşkilatı Əbülfəz Elçibəyin dünyasını dəyişdikdən sonra ən fəal, nüfuzlu, vətənpərvər insanların dəstəyi ilə, sıradan çıxararaq təşkilatı parçalayaraq işğal etmədimi? Ən nəhayət İsa Qənbəri 2003-cü ildə meydanda tək buraxmadımı? Bunların hamısı sizlərin şahidliyi, gözü önündə yaşanmayıbmı? Bu adam 1995-ci ildən etibarən istər daxildən, istərsə də xarici dövlət və təşkilatlardan faydalanaraq Əbülfəz Elçibəy başda olmaqla bütövlükdə Xalq Cəbhəsinə o, cümlədən müxalifət düşərgəsinə xəyanət edib və etməkdədir”, - deyə Hürrü Əliyev AXCP sədrini satqınlıqda ittiham edib.

Elçibəyin qardaşı oğlunun bundan sonrakı ittihamları isə daha ağırdır. O, Əli Kərimlini maliyyə maxinasiyalarında, korrupsiyada ittiham edib: “Əli Kərimli o dönəmdə də, indi də, təşkilata edilən hər hansı maddi dəstəkləri partiyanın inkişafına deyil, yalnız öz maraq və məqsədləri üçün istifadə etməkdədir. Bu məsələ ilə bağlı mən də kifayət qədər faktlar var. O dönəmdə - Əbülfəz Elçibəy Kələkidə olarkən hər hansı bir şəxsi ehtiyaclarına istifadə etməsindən ötrü Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını əmim bütövlükdə Əli Kərimliyə verərək partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırmışdı. Amma Əli Kərimli həmin pulu, yəni 100 000 ABŞ dollarını partiyanın inkişafına, partiya üzvlərinin ehtiyaclarına deyil Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarının istifadəsinə vermişdi. Xatırlatmaq istərdim ki, həmin dövrdə 100 000 ABŞ dollarının dəyəri, hazırki dövrdə olan dəyərindən dəfələrlə artıq idi. Bu və bu kimi hallar müəyyən dönəmlərdə olduğu kimi, hal hazırda da baş verir. Çünki hal-hazırda da istər xaricdən və xarici təşkilatlardan, istərsədə daxildə də partiya üçün kifayət qədər dəstək olunur. Amma heç şübhəsiz ki, nə partiyaya, nədə partiya üzvlərinə bu deyilənlər şamil olunmur, olunsada çox cüzi miqdarda olunur”.

Hürrü Əliyev Əli Kərimlini belə xarakterizə edib: “O elə bir şəxsdir ki, nəinki Əbülfəz Elçibəyə, nəinki Xalq Cəbhəsinə, nəinki İsa Qəmbərə yanında olan, yol getdiyi hər bir kəsə hər an xəyanət etməyi bacaran və artıq onu bir adət halına salan biridir”.




Teqlər:





Xəbər lenti