Kreditlərin artmasının qarşısını necə almaq olar? – TƏHLİL

Kreditlərin artmasının qarşısını necə almaq olar? – TƏHLİL
  20 Fevral 2013    Oxunub:2434
Ölkədə banklar tərəfindən istehlak kreditlərinin verilməsinin son vaxtlar getdikcə daha sürətlə artması narahatlıq doğurur. Bu, Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin bu yaxında keçirilən iclasında da vurğulandı.
Komitənin sədri Ziyad Səmədzadə qeyd olunan sahədə yaranmış vəziyyətlə əlaqədar Mərkəzi Bankın (AMB) rəhbərliyi ilə görüş keçiriləcəyini bildirmişdi. Görüşdə ölkədə kredit siyasəti, istehlak kreditlərinin verilməsi üzrə yaranmış vəziyyət və bu sahədə gələcək barədə müzakirələr aparılacağı deyilirdi.
Ancaq məsələ bundadır ki, AMB-in ölkədə həyata keçirilən pul-kredit siyasətinə nəzarəti göz qabağındadır. Odur ki, istehlak kreditləşdirməsinin artmasının qarşısını məhz adı çəkilən qurumun almalı olduğu əslində absurd sayılır.
Bununla belə, ölkəmizdə iqtisadiyyatın maliyyə-kredit və bütövlükdə bank sistemində, xüsusən də, onun real sektorla qarşılıqlı əlaqəsində hökm sürən bəzi problemlər səbəbindən bu sahədə də əsas ağırlıq, belə görünür, AMB-in üzərinə düşməkdədir.
Kommersiya banklarına pərakəndə satış şəbəkələrində kreditləşdirməni dayandırmaları üçün AMB tərəfindən göndərilən məktub da bunu təsdiq edir. Həmin məktuba əsasən, bir çox banklar tərərəfindən avtomobillərin, mebellərin, məişət elektrik avadanlıqlarının, o cümlədən mobil telefon aparatlarının daha asan satılması üçün tələb olunan kreditlərin verlməsi əgər indiyədək məhz onların satıldığı “köşklərin” özlərində həyata keçirilirdisə, bundan sonra bu sahədə tələb olunan prosedura yalnız mərkəzləşdirilmiş qaydada, başqa sözlə desək, bankların özlərində aparılacaq.
Qısa desək, kommersiya banklarının pərakəndə satış məntəqələrilə bu sahədə əməkdaşlığına son qoyulub.
Sual yaranır ki, bunun səmərəsi olacaqmı? Başqa sözlə desək, ölkədə istehlak kreditlərinin verilməsinin getdikcə daha sürətlə artması məgər təkcə pərakəndə satış şəbəkələrinin “şirnikləndirici” təklifləriylə əlaqədardımı?
Bizcə, yox...
Bankların məcmu, habelə yeni yaradılacaq banklar üçün nizamnamə kapitalının minimum məbləğinin 2014-cü ilin yanvarın 1-dən etibarən 50 milyon manata çatdırılacağı barədə şərhimizdə yazmışdıq ki, bu, ölkə iqtisadiyyatında qeyri-neft sektrorun inkişafında bank sisteminin rolunun artırılması baxımından ilkin addımdır. Və qeyd etmişdik ki, həmin kapitala sahib oduqdan sonra bankların iqtisadiyyatın real sektoruna kredit qoyuluşunda fəallaşacaqlarını gözləmək hələ əbəsdir.
Çünki bizdə bu sahədə vəziyyət qeyri-qənaətbəxşdir. Məsələ ondadır ki, banklar iqtitsadiyyatın əslində bütün sahələri - sənaye, kənd təsərrüfatı, hətta İKT ilə belə, sıx əlaqədə fəaliyyət göstərməli olsalar da, ölkəmizdə yalnız əhali ilə, başqa sözlə desək, istehlak kreditləri ilə işləyirlər. O səbəbdən ki, bu gün heç bir kommersiya bankı sərbəst şəkildə iqtisadiyyatın hər hansı bir sahəsinə sərmayə qoymaq istəmir və yaxud da buna hazır deyillər. Çünki bu, onlar üçün böyük risk sayılır. Əhaliyə kreditlər verməkdə isə bütün banklar sərbəstdirlər və hətta, bunda canfəşanlıq da göstərirlər.
Halbuki oturuşmuş bank iqtisadiyyatın istənilən sahəsinə sərmayə qoymalı və bunda maraqlı olmalıdır. Ümumiyyətlə, heç bir bank yalnız istehlak kreditləri verməklə güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz ki, bu, onlar üçün nizamnamə kapitallarının təşkili baxımından da böyük problemlər yarada bilər.
Bütün bunlardan ötrü isə kommersiya bankları iri infrastruktur, sənaye, istehsal və yaxud xidmət layihələrinin maliyyələşdirilməsinə cəlb edilməli və onların aktivləri ən çox məhz, bu yolla artmalıdır.
MM-nin İqtisadi siyasət komitəsinin sədri Z.Səmədzadə ölkə əhalisinin böyük bir hissəsinin banklara borclarının yaranmasına “göz yumulmamalı” olduğunu deyib. Bu fikirdə əsas həqiqət ondan ibarətdir ki, istehlak kreditlərinin artımı iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir.
Cari ilin əvvəlinə ölkə iqtisadiyyatına ümumi kredit qoyuluşu 12399,4 min manat olub ki, bunun da az qala 40 %-ə yaxın hissəsi ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.
Üstəlik nəzərə almaq vacibdir ki, sözügedən kreditlərin faiz dərəcələri olduqca yüksəkdir. Və AMB-in uçot dərəcəsini dəyişdirməsi heç vaxt buna təsir etmir və borc vəsaitləri əvvəl hansı şərtlərlə verilirsə, vəziyyət o cür də qalır. Ölkədə fəaliyyət göstərən bankların ümumi kredit portfelində AMB-dən alınan kreditlər üzrə vəsaitlərin xüsusi çəkisinin az olması (cəmi 5-6 %) əsas səbəb kimi göstərilir ki, bizə görə isə həmin kreditlərə tələbin kifayət qədər yüksək olması faktı da bunda az rol oynamır.
Odur ki, bu fonda, kommersiya banklarının istehlak kreditlərinin verilməsində pərakəndə satış şəbəkələriylə əməkdaşlığına son qoyulması əslində, səmərəli nəticə verməyə də bilər. Əksinə bu, bankların əhaliyə xidmətinə ola bilsin, mənfi təsir göstərsin.
Bəs, çıxış yolu nədədir?
Ümumiyyətlə, kommersiya banklarının daha çox istehlak kreditləri verməyə meyilli olmasının qarşısını bilavasitə AMB-in gücü və yaxud da “müdaxiləsi” yolu ilə almaq və bu sahədə əsas yükü məhz onun üzərinə atmaq fikrimizcə, düzgün deyil.
Sadəcə olaraq, ölkə iqtisadiyyatının real sektorunda risk səviyyəsini azaltmaq lazımdır ki, bunun yolu isə istehsal xarakterli sahələrin inkişafı üçün uzunmüddətli kreditlərin yatırımı məqsədilə müvafiq yumşaldıcı tədbirlər mexanizmi hazırlayaraq həyata keçirməkdən keçir.
Bu yolla bizcə, daha uğurlu nəticələr əldə etmək mümkündür.





Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti