İki ölüm arasında – ARAŞDIRMA, FOTOLAR

İki ölüm arasında – ARAŞDIRMA, FOTOLAR
  08 İyul 2013    Oxunub:13981
1934-cü il dekabr ayının 1-də Leninqrad vilayət partiya komitəsinin katibi S.M.Kirovun öldürülməsi SSRİ-də total repressiyaların başlanması üçün bəhanə, 1953-cü il mart ayının 6-da İ. Stalinin ölümü isə bu repressiyaların dayandırılması üçün səbəb oldu.

1934- cü il dekabr ayının 1- də Leninqradda baş vermiş dəhşətli qətl hadisəsi bütün Sovet İttifaqını silkələdi. Leninqrad vilayət partiya komitəsinin katibi S.M.Kirov iş yerində - Smolnıda müəmmalı şəkildə qətlə yetirilmişdi.

Başda Stalin olmaqla Kirovu son mənzilə yola salan bütün silahdaşları onun qanının yerdə qalmayacağına bütün sovet xalqı qarşısında söz verdilər.
Kirovun ölüm xəbərindən bir neçə saat sonra Siyasi Büronun təcili yığıncağı çağırıldı və SSRİ MİK-nin “1 dekabr qanunu” adını almış qərarı hazırlandı.

“Müttəfiq respublikalarin qüvvədə olan
cinayət- prosessual məcəllələrinə
dəyişikliklər edilməsi haqqında”


SSRİ Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin Qətnaməsi
1 dekabr 1934- cü il


Terror təşkilatları və sovet hakimiyyəti işçilərinə qarşı terror aktları haqqında işlərin istintaqı və baxılması üzrə müttəfiq respublikaların qüvvədəolan cinayət- prosessual məcəllələrinə aşağıdakı dəyişikliklər edilsin.

1. Bu işlərin istintaqı on gündən gec olmayaraq başa çatdırılsın.
2. İttiham qərarı müttəhimlərə, işlərin məhkəmədə baxılmasına bir sutka qalmış təqdim edilsin.
3. İşlərə tərəflərin iştirakı olmadan qulaq asılsın.
4. Hökmlərdən kassasiya şikayətlərinin, eləcədə əhv haqqında zəmanətlərin təqdiminə yol verilməsin.
5. Ən yüksək cəza hökmləri, hökm verilən kimi təxirə salınmadan həyata keçirilsin.


Kirovun ölümü Stalindən ötrü bir bəhanə idi. Əslində ölkədə aparılacaq total repressiyalar üçün baza ilin əvvəlindən hazırlanmışdı.

1934 – cü il yanvarın 26-da Partiyanın XVII qurultayında ("qaliblərin qurultayı") Stalin tərəfindən antisovet qüvvələrə qarşı total repressiyanın konsepsiyası bəyan edildi. Bu qurultayda Lavrentiy Beriyanın çıxışı ən yadda qalanlardan idi. Onun “Mədəniyyət” sözünü eşidəndə öz brauninqimin qoruyucusunu endirirəm” sözlərini qurultay iştirakçıları gülüş və alqışlarla qarşıladılar. Ancaq bir çoxlari bilmirdilər ki, çox keçməyəcək onların özləri tezliklə “qanlı Lavrenti”nin qurbanlarına çevriləcəklər. Sonrakı illərdə bu qurultayın 1966 iştirakçısından 1108-i, o cümlədən MK-nın 139 üzvündən 98-i güllələndi.

1934- cü il iyul ayının 10-da SSRİ MİK–si “Ümumittifaq Xalq Daxili İşlər Komissarlığının yaradılması haqqında” qərar qəbul etdi. SSRİ- də Konsentrasiya Düşərgələrinin yaradılmasında və onların idarə olunmasında böyük təcrübəyə malik Henrix Yaqoda Xalq Daxili İşlər Komissarı təyin olundu. Azərbaycanda da 25 iyul 1934-cü ildən xüsusi xidmət orqanları bu cür adlanmağa başladı və Respublika Baş Siyasi İdarəsinə rəhbərlik edən Sumbatov -Topuridze Yuvelian Davıdoviç ona rəhbər təyin edildi.

Bu, elə bir dövr idi ki, Almaniyada günü-gündən hakimiyyətini möhkəmləndirən Adolf Hitlerin “Mayn Kampf”- “Mənim Mübarizəm” kitabı bütün dünyada böyük hay-küyə səbəb olmuşdu. Həmin dövrdə bu kitabın rus dilinə tərcümə olunmuş variantı “Məxfidir” qrifi altında Sovet hökumətinin, ÜİK(b)P MK və Siyasi Büronun bütün üzvlərinə göndərilmişdi. Bu kitab Kremldə ətraflı öyrənilib tədqiq edilirdi. Henrix Yaqoda özünün yəhudi olmasına baxmayaraq Hitlerin açıqlamalarına böyük ehtiramla yanaşırdı. Hələ Birləşmiş Baş Siyasi İdarənin rəis müavini işlədiyi müddətdə Yaqoda BSİ- nin iqtisadiyyat sahəsindəki fəaliyyətinə cavabdeh olmuşdu və o burada diversant və ziyankarların aşkar edilməsi, həmçinin QULAQ-ın idarə edilməsi və məhbus əməyinin təşkili sahəsində böyük təcrübəyə malik idi.

1934-cü ildə Birləşmiş Baş Siyasi İdarənin ləğv edilməsi və onun funksiyalarının SSRİ Xalq Daxili İşlər Komissarlığına verilməsi ilə əlaqədar olaraq “SSRİ Xalq Daxili İşlər Komissarlığının Islah –Əmək Düşərgələri , Əmək sürgünləri və Həbs yerləri üzrə Baş İdarəsi” yaradıldı. İlk dəfə olaraq SSRİ ərazisindəki bütün düşərgələr və həbsxanalar bu ad altında vahid rəhbərliyə tabe edildi. Stalin dövrünün cəza konveyerinin əsas şəbəkələrindən biri olan bu idarə bütün dünyada QULAQ adı ilə məhşurlaşaraq SSRİ- dəki düşərgə və həbsxanaların sinoniminə, bütövlükdə isə totalitar rejimin simvoluna çevrildi.
(ГУЛАГ - "Главное Управление исправительно-трудовых ЛАГерей, трудовых поселений и мест заключения НКВД СССР")

Azərbaycan K(b)P 1929-cu il aprel plenumunun dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı qərarlarının həyata keçirilməsi daha da güclənməyə başladı. Dövlət məscidləri, kilsələri və başqa dini ibadət yerlərini yalnız bağlamaqla kifayətlənirdisə, 1934-cü ildən başlayaraq dini məbədlərin kütləvi surətdə dağıdılmasına, din xadimlərinin fiziki cəhətdən məhv edilməsi prosesi başladı. Qurani- Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edənlərdən biri Bakı qazısı 83 yaşlı Mir Məhəmməd Kərimağa Nargin adasında güllələndi. 1935-ci ildə “Qızıllı kilsə” adı ilə məşhur olan Aleksandr-Nevski soboru dağıdıldı.

Bütün Şərqdə məhşur olan və Azərbaycanın nadir memarlıq incilərindən sayılan Bibiheybət məscidinin taleyi isə daha acınacaqlı oldu. 1936-cı ildə məscid partladıldı və onun sökülməsi mərasimini əsl tamaşaya çevirdilər.

1936-cı il avqust ayının 3-də Azərbaycan KP MK-ya ÜKP(b) MK-nın qapalı məktubu daxil oldu. Elə həmin gün Mir Cəfər Bağırov MK-nın təcili yığıncağını çağırdı. Yığıncağın qəbul etdiyi qərarda ÜKP(b) MK-nın qapalı məktubu ilə əlaqədar olaraq Azərbaycanda və Bakıda əksinqilabi terrorçu- zinovyevçi qrupların terrorçuluq fəaliyyəti haqqında konkret material hazırlamaq Akopova tapşırıldı. Təklif olundu ki, bu məktubla əlaqədar bütün partiya təşkilatları hər 5 gündən bir Azərbaycan KP MK-ya məlumat versinlər.

1936-cı il avqustun 19-da isə ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi L.Beriyanın “Pravda” qəzetində böyük bir məqaləsi çap olundu. Məqalədə Zaqafqaziya şəhərlərində, o cümlədən Bakıda və Kirovabadda sosializmin, xalqın düşmənlərinin - “əksinqilabçıların”, trotski-zinovyevçi qrupların ifşa edilməsi haqqında mılumatlar verilirdi. Bundan sonra Bağırov, Akopov, Sumbatov-Topuridze, Yemelyanov, Markaryan, Qriqoryants, Borşev və başqalarının cəza maşını bütün gücü ilə işləməyə başladı. Aşağıdan yuxarıya axın- axın məlumatlar,donoslar, ərizələr daxil olmağa başladı. Kütləvi informasiya vasitələrində “ictimai fikir” hazırlığı aparılır, fəhlələrin, kolxozçuların, alimlərin, mədəniyyət xadimlərinin, partiya fəallarının mitinq və ümumi yığıncaqlarından “zəhmətkeşlərin qəzəbi”, “xalq düşmənlərinə ölüm”, “əksinqilabçılara aman yoxdur” və s. başlıqlı xəbərlər dərc edilməyə başladı.

Kollektivlərdə yaltaqlıq, çuğulluq, inamsızlıq və qorxu hissləri yaradılırdı. Böhtançı ərizələr kompaniyası baş alıb gedirdi. 1937-ci ilin sonlarında təkcə Bayıl, Bibiheybət rayonunda 600-dək belə ərizə yığılmışdı.

Xalqın sayıqlığı o dərəcədə artırılmışdı ki, hamı, hər yerdə- işdə, iclasda, küçədə və hətta öz ailəsində belə xalq düşməni axtarırdı.

Ancaq donoslardan müstəntiqlər ancaq köməkçi material kimi istifadə edirdilər. “Xalq düşmənləri”nin üzə çıxarılması üçün tamam başqa üsullar var idi. İlkin dövrlərdə həbslər Xalq Daxili İşlər Komissarlığının əvvəlcədən tərtib olunmuş kartotekaları əsasında aparılır, sonra isə istintaq vasitəsi ilə əldə edilmiş “ifadələr” üstünlük təşkil edirdi.

Bakıda dəniz kənarındakı 5 mərtəbəli binanı - indi Dövlət Sərhəd Xidmətinin binasını demək olar ki, hamı tanıyır. Vaxtilə onun içərisində nələr baş verdiyini isə çox az adam bilir. Bu binanın həyətində nisbətən alçaq mərtəbələri olan daha bir bina da var. Bura Daxili Işlər Nazirliyinin istintaq həbsxanası olub. Bu binanı 30-cu illərdə Mircəfər Bağırov tikdirib. İç bina qəsdən elə tikilibdir ki, divarların arasından keçən yollar, müxtəlif əzabvermə otaqları, xaricə səs buraxmayan xüsusi kameralar burada edilən cinayətləri ört- basdır eləməyə ideal şərait yaradır.

Bu binanın ikinci mərtəbəsində qadınlar, qalan mərtəbələrdə isə kişilər saxlanılırdı. Dustaqlar mühakimə olunduqdan sonra binanın birinci mərtəbəsindəki 2-4 adamlıq kameralardan saxlanılırdılar. Qalan mərtəbələrdəki kameralar təkadamlıq idi.

Hər bir mərtəbədə 40 kamera hesabı ilə, binada cəmi 200 kamera var idi. Ancaq binanın zirzəmisində də çoxlu sayda kameralar var idi.

1936-cı ilin payızında Yejovun Xalq Daxili İşlər Komissarı təyin edilməsindən bir neçə gün sonra “1 dekabr qanunu”nun geniş miqyasda tətbiqinə başlandı. Oktyabr ayının 4-də Siyasi Büro Yejovun və Vışinskinin 585 nəfərin siyahı üzrə məhkum edilməsi haqqındakı xahişinə sanksiya verdi və bu ilk siyahı ilə məhkumların taleyinin “sadələşdirilmiş qaydada” həll olunmasına başlandı.
1937- ci ilin fevralından artıq Siyasi Büroda belə siyahıların təsdiqlənilməsinə başlandı. Cəza dərəcələri əvvəlcədən göstərilmiş bu siyahılar Stalin və onun silahdaşları tərəfindən baxılaraq təsdiq edilirdi. Artıq Siyasi Büronun formal qərarlarına da ehtiyac duyulmurdu.

1937-ci il fevralın 27- də Ümumittifaq Kommunist Partiyasının fevral- mart plenumunun başlandığı gün 479 nəfərin güllələnməsini nəzərdə tutan ilk siyahı təsdiq olundu. Beləliklə kütləvi cəzalandırma və məhvetmə mexanizmi işə salındı. Xalq Daxili İşlər Komissarlığı siyahıları tərtib edib təqdim edir, Siyasi Büro onu təsdiqləyir, Ali Sovetin Hərbi Kollegiyası isə rəsmiləşdirirdi. Bu prosedur 1938-ci ilin sentyabrına qədər müvəffəqiyyətlə tətbiq edildi.

Xalq Daxili Işlər Komissarlığının keçmiş əməkdaşları üçün daha sadələşdirilmiş üsul tətbiq olunurdu. Siyahı təsdiq olunduqdan sonra, bu siyahılar Ali Sovetin Hərbi Kollegiyasına göndərilmirdi. Bu adamları o saat güllələyirdilər. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə məhz o illərdə məhv edildilər.

1937-ci il iyulun 30- da Xalq Daxili Işlər Komissarlığının “Keçmiş qolçomaqların, cinayətkarların və başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında” 00447 №-li operativ əmri Siyasi Büronun müzakirəsinə təqdim edildi. Bunun ardınca isə 1937- ci il avqust ayının 15-də “Vətən xainlərinin arvadlarının və uşaqlarının repressiya olunması üzrə əməliyyatlar haqqında” SSRİ Xalq Daxili Işlər Komissarlığının 00486 №-li operativ əmri verildi.

Hər iki əmr Xalq Daxili İşlər Komissarı N.Yejov tərəfindən imzalanmışdı. Bu “böyük terror” dövrünün ən əhəmiyyətli aksiyası idi və o, “milli” əməliyyatlarla birgə 1937-38- ci illər kütləvi repressiyalarının nüvəsini təşkil edirdi. Əmrdə əməliyyatları 1937- ci il avqust ayının 5- dən 15-nə qədər başlamaq və 4 ay müddətində yekunlaşdırmaq tələb olunurdu. Sənəddə repressiya olunmalı contingent çox dəqiq müəyyən edilmiş və iki kateqoriyaya ayrılmışdı. Birinci kateqoriyaya təcili həbs olunaraq güllələnənlər, ikinci kateqoriyaya isə 8 ildən 10 ilə qədər müddətə düşərgələrdə və ya həbsxanalarda azadlıqdan məhkum edilənlər aid idi. Hər bir vilayət, diyar və respublika üçün hər iki kateqoriyadan repressiya olunacaq insanların sayı üçün limit müəyyən edilmişdi. Azərbaycan üçün müəyyən edilmiş limitdə birinci kateqoriyaya aid edilənlərin sayı 1500 nəfər, ikinci kateqoriyaya aid edilənlərin sayı isə 3750 nəfər idi. Ümumilikdə SSRİ üzrə 259 450 nəfərin həbs edilməsi nəzərdə tutulmuşdu. Bunlardan 72 950 nəfəri birinci kateqoriyaya aid edilənlər idi. Əmr yerli rəhbərlərə Moskvadan əlavə limitlər almaq hüququ da verirdi.Hökmlərin icrası üzrə maddənin 2-ci bəndində deyilirdi:

“2.Birinci kateqoriya üzrə hökmlər yerlərdə Xalq Daxili İşlər Komissarlarının... göstərişi üzrə, hökmün icra olunma vaxtı və yeri tam məxfi saxlanılmaqla həyata keçirilir. Hökmün icra olunması haqqında sənədlər ayrıca konvertdə hər bir məhkumun istintaq işinə əlavə olunur”.

Bütün bunlardan əlavə, 3-cü kateqoriyaya aid edilən qruplar da var idi.Bu qrupa aid edilənlərin siyahısını yerli XDİK –ları hazırlayırdı. Sürgün həyatı gözləyən belə insanların taleyi Azərbaycanda Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsinin sədri Xoren Qriqoryan həll edirdi. Sürgün olunanlar üçün Uzaq Şərqdə, Sibirdə və Orta Asiya çöllərində xüsusi yaşayış sahələri ayrılmışdı.
Azərbaycanda sürgünlər başqa respublikalara nisbətən daha tez başlamışdı. 1934-cü il dekabr ayının 25-də Azərbaycan Kommunist Partiyası, “qolçomaqlardan, qatı antisovet elementlərdən, keçmişdə iri kapitalist müəssisələrinin sahiblərindən, İttifaqın başqa bölgələrindən qaçmış qolçomaqlardan ibarət 87 ailənin əmlakları müsadirə olunmaqla inzibati qaydada konsentrasiya düşərgələrinə sürgün edilməsinə” sanksiya verilməsi xahişi ilə Siyasi Büroya müraciət etdi. Bu ilk kütləvi köçürmə idi.

1937-ci il may ayının 10- da 600 ailə yük vaqonlarında əsgərlərin müşayiəti ilə ömürlük yaşamaq üçün Orta Asiya çöllərinə yola salındı. 1937-ci ilin iyunundan başlayaraq isə xüsusi qrafik üzrə Azərbaycandan Orta Asiya və Sibirə belə eşalonların yola salınmasına başlandı. SSRİ Daxili İşlər Nazirliyinin 19 yanvar 1955- ci il tarixli 0026 №-li Əmrinə əsasən repressiya olunmuşların 26 min işin yandırılması bu əməliyyatın dəqiq miqyasını göstərməkdə çətinliklər yaradır. Lakin bəzi sənədlərə əsasən aydınlaşdırmaq olur ki, 1937- ci ildən sonra Naxçıvan MR-dan 957, Biləsuvardan- 290, Astraxanbazardan- 205, Əli Bayramlıdan-145, Karyagindən- 155, Cəbrayıldan- 205, Ağcabədidən- 195, İmişlidən- 348, Masallıdan- 208, Noraşendən- 417, Naxçıvan şəhərindən- 185 və Bakı şəhərindən – 218 ailə sürgün olunub.

(Ardı burada)



Füzuli Sabiroğlu
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti