Niyə oğlanlar, yaşca böyük qadınları sevirlər? ARAŞDIRMA, VİDEO

Niyə oğlanlar, yaşca böyük qadınları sevirlər? ARAŞDIRMA, VİDEO
  17 İyul 2013    Oxunub:64005
Oğlunuzu çox sevməyin, yoxsa...
Azərbaycan mentalitetində qəbul olunmaz hallardan biri də kişilərin özlərindən yaşca böyük qadınlarla ailə həyatı qurmasıdır. Belə hal baş verdikdə, oğlanın anasından tutmuş qonşusuna kimi hər kəs təşvişə düşür ki, filankəsin oğlunun aldığı qız özündən 5-10 yaş böyükdür. Sevən oğlan isə sevgidə nə yaş fərqi, o mənim sevdiyim qadındır deyərək, haqqında deyilənlərə əhəmiyyət vermir. Bəs görəsən, hansı tip kişilər özlərindən böyük qadınlara üstünlük verir? Belə kişiləri digərlərindən fərqləndirən cəhətləri, məsələnin psixoloji, sosioloi və tibbi tərəfləri nədir?

Psixoloq Narınc Rüstəmova AzVision.az-a açıqlamasında deyir ki, kişinin özündən yaşca böyük qadınları sevməsi onun anasına çox güclü bağlı olmağından irəli gəlir :

“Son vaxtlar özündən yaşca böyük qadınlarla evlənən kişilərin sayı artsa da, əvvəlki illərə nisbətən daha azdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsizdir. Əgər oğlun “edib” kompleksi (anaya sevgi) nə qədər güclüdürsə, onda özündən yaşca böyük qadınlara meyli də bir o qədər güclüdür. Əgər ana bu gün oğlunu özündən çox asılı edirsə, oğul anaya çox düşkündürsə həmin oğul sevdiyi insana da eynilə bu formada bağlanacaq, həmişə də yaşı yuxarı qadınlara daha çox maraq göstərəcək. Əslində, bu,ananın ən böyük bədbəxtliyidir ki, oğlu kifayət qədər özündən yaşlı qadınları sevir. Oğlanın özündən yaşca böyük qadınla evlənmək istəməsi şüuraltı olaraq oğlanın anasının verdiyi qayğını həmin qadında axtarma istəməsidir. Kişinin sevdiyi qadın özündən yaşca böyükdürsə, o qadın həm kişinin məşuqəsi, həm sevdiyi qadın, həm də onun anası rolunu oynayır.


Bu gün 10-15 yaşlı oğlun anasından çox asılı olması ana üçün fəxr olmamalıdır. Amma analar bununla fəxr edir ki, oğlum məni çox sevir, mənsiz qərar verə bilmir, hər gün məni öpür. Bu, ana üçün xoşbəxtlik sayılmamalıdır. Həmin oğul 26 -30 yaşlarında, 40 yaşlı qadını sevməyə maraq göstərəcək. Yaxud da ki, azyaşlı oğlan orta məktəbdə oxuyan müəlliməsini sevir. Belə platonik məhəbbətlər daha çoxdur, nəinki real, çünki bizim cəmiyyətdə sosial qınaq olduğuna görə xanımlar da yaşca özlərindən kiçik kişilərlə sevgi yaşamaqdan çəkinirlər”.

Psixoloqun sözlərinə görə, oğlanlar, 23-28 yaşında daha çox ailə haqqında fikirləşirlər :

“Bu dövrdə bizə edilən müraciətlər çoxdur. Məsələn, ana gəlib deyir ki, oğlumun 25 yaşı var, 32 yaşlı qadını sevir. Onunla evlənmək istəyir, amma mən istəmirəm ki oğlum həmin qadınla evlənsin. 28 yaşına qədər ailə həyatı qurmayan oğlan isə bu yaşdan sonra evliliyi ikinci plana keçirir. Bəzi hallarda oğlanların yaşca özlərindən böyük qadınlara meyl etməsində maddi maraq da istisna edilmir:


“Bu tip oğlanlar ailədə ərköyün böyüyən, kifayət qədər rahatlığa öyrəşənlərdir. Valideynlərinin hesabına rahat həyat tərzi keçirən ərköyün oğul, bəzən gələcəkdə pul qazanmaqda çətinlik çəkir. Belələri üçün yaşlı olsa da, kifayət qədər zəngin bir qadın ata-ana rolunu əvəz edə bilər. Daha doğrusu belə oğlanlar həmin qadın vasitəsilə maddi problemlərini həll etməyə çalışırlar.”

Narınc Rüstəmova onu da qeyd etdi ki, intellekt yaşları üst-üstə düşərsə, kişinin özündən yaşca böyük qadını sevməsində heç bir problem yoxdur: “Məsələn görürsən ki, oğlanın passport yaşı 25dir, ancaq intellekt yaşı 32-33 dür. Təbii ki, o, 25 yaşlı qızla münasibət qura bilməyəcək, çünki qız onun fikirlərini başa düşə bilməyəcək.”

Psixoloqun sözlərinə görə, özündən yaşca yuxarı qadınlarla əlaqə quranlar müsəlman ölkələrində daha çoxdur :

“Sadəcə, digər ölkələrlə müqayisədə, bu kimi münasibətlər qapalı xarakter daşıyir. Bunun səbəbi ictimai qınaqdır. Xarici ölkələrdə isə adətən belə problemlər olmur”.

Qadınlara gəlincə, N. Rüstəmova qeyd etdi ki, özlərindən yaşca kiçiklərlə münasibət quranlar daha çox sevgi münasibətlərində bəxti gətirməyənlərdir. Həmin qadınlar adətən “hegemonluğu” ələ alır və gənc insanın yanında özlərini daha cavan hiss edirlər.

Sosioloq Əhməd Qəşəmoğlu məsələni sosioloji problemlərlə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə yaşı çox olan qadınlarala münasibət qurmağa üstünlük verən gənclər, istər qızlar, istərsə də oğlanlar daha çox maddi maraq güdür və ya intellektli, bacarıqlı , sosial mühitdə özünə dayaq ola biləcək bir insana ehtiyac duyur:

“Digər bir tərəfdən artıq gənclərimiz buna qeyri-adi, əlahiddə bir hiss kimi baxmırlar. Xarici filmlərin də gənclərin fikirlərinə təsiri güclüdür”.

Sosioloqun sözlərinə görə, dünya təcrübəsi onu göstərir ki, qadın kişidən yaşca böyük olsa yaxşıdır : “Çünki qadınlar bir qayda olaraq, tez qocalırlar. Statistika göstərir ki, kişilərdə istər fiziki cəhətdən, istərsə də ruhən qocalma prosesi gec gedir. Qadın yaşlı, kişi cavan olanda sonradan probelmlər ortaya çıxır.

Sosioloq hesab edir ki, qadının kişidən bir yaş belə böyük olması normal hal deyil.


Həkim Adil Qeybulla isə hesab edir ki, qadının kişidən böyük olması tibbi cəhətdən heç problem yaratmasa da, psixi sarsıntılara səbəb ola bilir : “Qızlar həm psixoloji , həm də fizioloji baxımından oğlanlardan daha tez yetişirlər. Bu baxımdan oğlanların yaşca qızlardan böyük olması daha yaxşıdır. Fizioloji tərəfdən bu onunla izah olunur ki, qadınlarda 45-40 yaş arasında klimaksın başlaması, kişi ilə qadın arasında discomfort yarada bilər. Kişi ailə quranda bu kimi fizioloji prosesləri nəzərə almalıdır. Yenə də bütün problemlərin həlli sevgiyə bağlıdır. Əgər iki şəxs arasında mənəvi münasibətlər, fizioloji münasibətlərdən üstündürsə yaşın heç bir fərqi olmaz”.

AzVison.az məsələyə şəhər sakinlərinin də münasibətini öyrənib.



Nihadə Eyyubova
AzVision.az


Teqlər:  





Xəbər lenti