Beynəlxalq Bank da ləğv oluna bilərmi? - TƏHLİL
Məlumdur ki, dövlətin bu bankla əlaqədar cari ilin may ayından etibarən həyata keçirməyə başladığı sağlamlaşdırma tədbirləri nəticə vermədi. Biz isə həmin vaxt yazmışdıq ki, sistem əhəmiyyətli banklar sırasında ilk problem Beynəlxalq Bank (ABB) ilə əlaqədar yarandığından, domino effekti kimi digər banklarda da özünü göstərməli idi. Yəni, ardınca "Bank Standart"ın və yaxud başqa bir bankın adının ortaya çıxacağı qaçılmaz idi. Odur ki, dövlətin "Bank Standart"a dəstək göstərməsi və onun vəziyyətini sağlamlaşdırmaq üçün atmaq istədiyi addımları alqışlamışdıq.
Ancaq eyni zamanda onu da yazmışdıq ki, dövlətdən aldığı maliyyə yardımlarını qaytarmaq üçün bankın fəaliyyəti ilk növbədə sağlam reyslər üzərinə düşməlidir. O mənada ki, proses bumeranq xarakteri daşımalıdır. Azərbaycanda isə banklar üzrə ümumi bəla məhz ondan ibarətdir ki, real sektorla işləyə bilmirlər. Yəni, bilavasitə biznes kreditləri vasitəsilə öz fəaliyyətlərini qura bilmirlər. Əvvəlki kimi yalnız istehlak kreditləri verməklə, gəlirlərini yenə istehlak kreditləri üzərində qurmaq isə artıq, mümkün deyil. Ona görə də qeyd etmişdik ki, hökümətin ölkədə sistem əhəmiyyətli banklara dəstək göstərməsi bankların bilavasitə iqtisadiyyatın real sektoru ilə işləyə bilməsinin təmin olunması ilə nəticələnməli və əsas hədəf məhz bu seçilməlidir.
Bəs, eyni uğursuzluq ABB üzrə də təkrarlana bilərmi? Sözsüz ki, yox...
"Bank Standart", əlbəttə, sistem əhəmiyyətli bank idi. Əsasən də məhz o amilə görə ki, əhalinin depozitlərinin ən çox yerləşdirildiyi ikinci bank bu bank idi. Ancaq, burada bir məsələ var. O da bundan ibarətdir ki, "Standart"ın sağlamlaşdırılması üçün 15 milyon manat vəsait ayrılmışdı. Əhalinin isə burada qorunan əmanətlərinin məbləği 460 milyon manat təşkil edirdi. Əvvəla, 15 milyon bunun müqabilində az idi. İkincisi də lap tutaq ki, bu vəsait bankın hansısa bir dərdinə yarıya idi, axı, hazırda iqtisadiyyatda aktivlik dərəcəsi aşağı səviyyədədir və bank kredit verə bilmir və odur ki, o, belədə necə normal vəziyyətə qayıda bilərdi?!
Nəzərə almalıyıq ki, əhali də bir tərəfdən bank pis vəziyyətdə olduğundan əmanətlərini geri çəkirdi. Odur ki, sözügedən bankın sağlamlaşdırılması tədbirləri iqttisadiyyatdakı real vəziyyətlə əlaqədar heç cür effekt verə bilməzdi. O səbəbdən ki, vəziyyət qətiyyən uzlaşmırdı. Ən ağıllı və optimal yol, bankın məhz lisenziyasının əlindən alınaraq, 460 milyon manatı əhaliyə geri qaytarmaq ola bilərdi ki, məhz bu yol da seçildi. Yeri gəlmişkən, qorunan əmanətlərin məbləği 460 milyon manat təşkil edir.
Sözün qısası, tibbdə evtanaziya deyilən bir şey var: sağalması və həyata qaytarılması mümkün olmayan xəstənin öz əcəliylə deyil, arzusu və istəyi ilə "öllümə məhkum" edilməsi… "Bank Standart" ilə bağlı qərar da məhz bu cür xarakterizə oluna bilər...
ABB-yə gəldikdə isə, onun ləğvi dövlətin bank sektorunda bütün “dayaqlarını” itirməsi demək olar. Bütövlükdə ölkənin xarici və beynəlxalq iqtisadi nüfuzunə xələl gətirər. Təkcə bir faktı qeyd edim ki, bankın 3 milyard ABŞ dolları məbləğində xaricə öhdəlikləri var. 2014-cü ilin sonuna olan məlumata əsasən ABB-nin səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə (MN) məxsus olub ki, 2015-ci ilin sonunda bu rəqəm 85 təşkil edib. Cari ilin sonuna kimi isə MN-nin bankda payı 95 faizə çatacaq.
Ona görə də son məlumatlara əsasən, bilavasitə hökumətin xahişi ilə Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən bəri ilk dəfə olaraq kapitalını daxili bazarda yerləşdirəcək ki, bu da ABB-da məhz 1 milyard dollarlıq depozit şəklində həyata keçiriləcək. ABB bundan xarici borclarını ödəmək üçün istifadə edəcək.
Yeri gəlmişkən, adı çəkilən Fondun xaricdə yerləşdirilmiş vəsaitlərindən bir hissənin ölkəyə gətirilərək banklarda yerləşdirilməsi təklifləri çoxdan dövriyyədə idi. Məsələn, manatın məzənnəsinin ucuzlaşması qarşısını almaqdan ötrü bir ara bu cür təkliflər irəli sürənlər də var idi. Lakin, manatın məzənnəsinin ucuzlaşması qarşısını nisbətən almaqdan ötrü bu cür addım həmin vəsaitlərin də daxili valyuta bazarında və digər yollarla "əriməsindən" başqa, heç bir məqsədə xidmət edə bilməzdi. O baxımdan ki, bunun birincisi, bank sektorunun hazırki vəziyyəti, ikincisi, mövcud iqtisadi şərait və şərtlər və ən nəhayət, üçüncüsü manatın məzənnəsinə real təzyiq amilləri baxımdan faydasız olduğu heç də geniş izahat tələb etmir. Sözüm bunda deyil.
Bilavasitə bank sektorunda yaranmış məlum mövcud vəziyyət nöqteyi-nəzərdən isə valyuta ehtiyatlarından istifadə məsələsi nəzərdən keçirilə bilərdi. Buna hətta zərurət də var idi. Ancaq bir şərtlə ki, bu, heç bir halda bankların daxili borclarının silinməsi, kredit təkliflərinin yaxşılaşdırılması və genişləndirilməsi, habelə müştərilər ilə mövcud münasibətlərin yoluna qoyulması üçün istifadə olunmasın. Çünki, belə məsələlərin həlli üçün valyuta ehtiyatlarından və yaxud, ümumiyyətlə, ARDNF aktivlərindən istifadə heç bir effekt yarada bilməz.
Söhbət, yalnız banklarımızın xarici öhdəliklərinin ödənişinə və ya yerinə yetirilməsinə yardımdan gedə bilər ki, belə bir təkliflə 1-2 ay öncə mən də çıxış etmişdim. Belə ki, yazmışdım ki, daxili valyuta bazarında nisbətən uzunmüddətli sabitliyə nail olmaq üçün kommersiya banklarının xarici öhdəliklərinin müvəqqəti olaraq Mərkəzi Bank və yaxud Neft Fondu tərəfdən öhdəyə götürülməsi nəzərdən keçirilə bilər və bu, lazımdır...
Amma bu, özü də müəyyən bir çərçivədə həyata keçiriməlidir...
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: