Sarkisyan nə etmək istəyir? - TƏHLİL

Sarkisyan nə etmək istəyir? - TƏHLİL
  13 Oktyabr 2016    Oxunub:3391
Cəbhədə yenidən hərbi toqquşmalar ola bilər, bu qaçılmazdır.

Ermənistan prezidenti Serj Sarkisyan aprel döyüşlərində sarsıdıcı məğlubiyyətdən sonra Müdafiə Nazirliyində köklü islahatlar aparmaq qərarına gəlib. Sarkisyanın yeni planına əsasən Müdafiə Nazirliyinin mühüm səlahiyyətləri əlindən alınaraq, Baş Qərargaha veriləcək. Artıq prosesə start verilib.

Nazir postuna mülki şəxs olan Vigen Sarkisyan, Silahlı Qüvvələrinin Baş Qərargahına isə Movses Akopyan rəis təyin olunub. Sarkisyanın bu islahatlarını Müdafiə Nazirliyini dağıtması kimi qiymətləndirilir.

Reallıqda nə baş verir? Ermənistandakı kadr dəyişikliyinin pərdəarxası məqamları nədir? İslahatlardan sonra qoşunların qarşıdurma xəttində yeni döyüşlərin baş vermə ehtimalı nə qədərdir?



Politoloq Qabil Hüseynli hesab edir ki, Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək istəyi kimi başa düşülür: “NATO ölkələrinin hər birində müdafiə naziri mülki şəxs olur, ordunun idarəetməsi Baş Qərargaha həvalə edilir. Sarkisyan göstərmək istəyir ki, orduda ciddi, Avropa və NATO standartlarına uyğun islahatlar aparır. Guya, Ermənistanda NATO standartlarına uyğun ordu quruculuğu aparmaq istəyirlər. Halbuki, ordu bütünlüklə Rusiyanın nəzarətindədir və rus silahları ilə təchiz edilib”.

Q.Hüseynli bildirib ki, Müdafiə Nazirliyinin səlahiyyətlərinin azaldılaması, ali baş komandan kimi Sarkisyanın səlahiyyətlərinin çoxalmasına gətirib çıxarır: “Bu islahatlarla Sarkisyan praktiki olaraq ordunu idarə edən birinci şəxsə çevrilir. Ordu əvvəl malik olduğu nisbi müstəqillikdən tamamilə uzaqlaşdırılır və prezidentin birbaşa nəzarətinə keçir. İslahatlar, həmçinin Sarkisyanın hakimiyyətinin möhkəmləndirilməsi, onun əlində daha çox səlahiyyətlərin cəmləşdirilməsinə xidmət edir. Nəticə etibarı ilə ordunun başqa fikirlərə düşməsinin, yəni, prezidentə qarşı hər hansı qeyri-konstitusion hərəkətlərə yol verməsinin qarşısını almaq məqsədi daşıyır. Sarkisyanı nə Avropa, nə də hər hansı bir başqa standartlar maraqlandırır. Söhbət hakimiyyətin Qarabağ klanının əlində sərt şəkildə mərkəzləşdirilməsinin mühüm elementindən gedir”.

Aprel döyüşlərinin Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunu göstərdiyini xatırladan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu hal ölkə ictimiayyətinin narazılığına səbəb olub: “Bu səbəbdən Ermənistan prezidenti Serj Sarkisyan vəziyyətdən çıxış yolu kimi Qərb təhsilli şəxsi müdafiə naziri təyin etdi. Bununla da göstərmək istədi ki, guya orduda islahatlar gedir. Halbuki, bu təyinat ordudakı təchizatın yaxşılaşmasına, korrupsiya hallarını aradan götürməyə imkan verməyəcək.



Sarkisyan Müdafiə Nazirliyinə Qərb modelinə uyğun olaraq mülki şəxsi təyin edibsə, Baş Qərargaha bir başkəsəni, Xocalı Soyqırımında iştirak edən Movses Akopyanı təyin edib. Yəni, Azərbaycanla mümkün hərbi toqquşmada birinci şəxs müdafiə naziri yox, Baş Qərargah rəisi olacaq. Sarkisyan bu addımı ilə durumu öz xeyrinə dəyişmək istəyir. Ermənistanın kifayət qədər insani və maddi resursu yoxdursa, düşünürəm ki, kadr dəyişikliyi müsbət nəticə verməyəcək”.

Politoloq qeyd edib ki, Sarkisyanın həyata keçirdiyi islahatlar yeni hərbi toqquşmaların baş vermə ehtimalını yüksəldir: “Sülh danışıqlarında heç bir irəliləyiş yoxdur. Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından aydın oldu ki, Ermənistana heç kim təzyiq etmir. Əksinə, böyük dövlətlər Azərbaycana təzyiq edirlər. Ölkə başçısının çıxışı ondan xəbər verir ki, apreldən bu günə qədər Azərbaycan cəmiyyətinin böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiqlə bağlı ümidləri boşa çıxıb. Sülh danışıqlarında heç bir irəliləyiş yoxdur. Ermənistan yenidən təxribatlara əl atır, atəşkəsi intensiv pozur, həmçinin işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir. Deməli, apreldəki döyüşlərə səbəb olan məsələlər yerində sayır. Bu, o deməkdir ki, hərbi toqquşmaların baş verməsi ehtimalı yüksəkdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti