30 ildir taksi sürən azərbaycanlı qadın - Video

30 ildir taksi sürən azərbaycanlı qadın - Video
  12 Noyabr 2016    Oxunub:3683
“Taksi sürücüsü” deyəndə insanın ağlına ilk gələn damağında siqaret, əynində dəri gödəkçə, əlində açar fırladaraq sakinlərə yaxınlaşıb “taksi lazımdır?” deyən kişi canlanır.
Qəhrəmanımız sözün bütün mənalarında xanımdır və taksi sürücüsü olmağı onun qüruruna toxunmur. 55 yaşlı Rahilə Əlizadə nə az, nə çox düz 30 ildir ki, ömrünü sevdiyi peşəsinə həsr edib. Uşaqlıqdan sürücü olmaq arzusu ilə yaşasa da, valideyinləri onun bu istəyinə qarşı çıxıb. Əslən Beyləqan rayonundan olan və hazırda Sumqayıtda yaşayan Rahilə xanımın istəyinə isə həyat yoldaşı yox deməyib.

Rəhilə Əlizadə - Taksi sürücüsü: "Həyat yoldaşımdan xaiş etdim ki, siz mənə icazə verəcəksiz taksi sürməyə? O da şərtimi qəbul etdi. Biz ailə qurduq. Mən məktəbi oxudum. Elə oldu ki, yoldaşım rəhmətə getdi və fikirləşdim ki, övladımı bununla böyüdə bilərəm".

Rahilə xanımın ilk sürücülük fəaliyyətinə başladığı illər Sovet dönəminə təsadüf etdiyindən, onun bu peşəsi birmənalı qarşılanmayıb. Amma indi yaxınları onun taksi sürücüsü kimi fəaliyyət göstərməsinə qarşı deyil.

Rəhilə Əlizadə - Taksi sürücüsü: "Hal-hazırda elə bir vaxtda yaşayırıq ki, övladım da, qohum da, tanıdıqlarım da çox gözəl baxırlar. Əhaliyə xidmət edirəm, mənzil başına onları aparıb çıxarıram".

Müştəriləri qəhrəmanımızı sevməklə yanaşı, həm də etibar edirlər. Qadın sürücünün kişi kimi dostları var, taksiçi dostları. Onlar Rahilə xanıma hörmət edir, xətrini əziz tuturlar.

Səbuhi Rzayev - Şəhər sakini: "Xanımın taksisindən dəfələrlə istifadə etmişəm. Çox rahatdı".

Mirilkin Ağamirli - Şəhər sakini: "Adətən adamlar risk etmir ki, xanım sürücüdür. Ancaq sonra görmüşəm ki, çox rahat idarə edir".

Rahilə xanımın ilk avtomobili "VAZ 21011" olub. O, taksi sürücüsü kimi ilk sükan arxasına əyləşdiyi günü və qazancını belə xatırlayır.

Rəhilə Əlizadə - Taksi sürücüsü: "O zamanlar biz Əhmədlidə yaşayırdıq. İndiki Xətai metrosu. Ora mən avtobus qiymətinə gəldim. 4 nəfər götürdüm keçmiş pul ilə mənə 1 manat pul verdilər. Amma sevindim. Bundan sonra fikirləşdim ki, yolumun üstüdür və götürüm".

O, işinin çoxluğundan şikayətlənmir və peşəsini çox sevir. Hətta səhhətində hərdən problem olasa da, bu, onun işləmək həvəsinə mane olmur.

Rəhilə Əlizadə - Taksi sürücüsü: "İşimdən çox razıyam. Gecə saat 2-də mənə zəng gəlsə xəstə olsam belə gedərəm".

Amma Rahilənin bayaqdan sadaladığımız bu üstünlükləri, onu kişi sürücülərdən fərqləndirərək, qanuna müvafiq şəkildə hansısa cəza növündən qorumur. Çünki, qanunlar cinslərə yox, qaydalara əsaslanır. Qəhrəmanımız deyir ki, maraqlı da olsa da bu vaxta qədər yol müfəttişləri ilə problemi olmayıb. (ARB TV)



AzVision.az


Teqlər:





Xəbər lenti