İnvestisiyalar niyə azalır və çıxış yolu nədir – TƏHLİL

İnvestisiyalar niyə azalır və çıxış yolu nədir – TƏHLİL
  22 Noyabr 2016    Oxunub:4895
İqtisadiyyat Nazirliyinin hazırladığı 2017-ci il və sonrakı 3 il ərzində ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, növbəti ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 milyard manat proqnozlaşdırılıb ki, bu da əvvəlki illə müqayisədə 18,6% az deməkdir. Gələn il iqtisadiyyata yönələn investisiyaların 39,6%-ni daxili, 60,4%-ini isə xarici mənbələr təşkil edəcək. Ümumi investisiyaların 5,6 milyard manatının qeyri-neft, 9,7 milyard manatının isə neft sektoruna yatırılacağı gözlənilir.

Ölkə iqtisadiyyatına investisiyanın, başqa sözlə desəm, əsas kapitala vəsait yatırımın 2017-ci ildə bu ildəkindən az təşkil edəcəyi gözlənilən idi. Çünki bu tendensiya ardıcıl son 3 ildir ki, davam edir. Yəni, investisiyaların azalması 2014-cü ildən etibarən başlayıb. Buna qədər isə hər il artım müşahidə edilirdi: 2010-cu ildə 21,2%, 2011-ci ildə hətta 27,3%, 2012-ci ildə 18%, 2013-cü ildə 15,1%. 2014-cü ildə isə ilk dəfə olaraq endi: 1,7%. Sonrakı ildə, yəni 2015-ci ildə isə eniş 11,1% təşkil etdi.

Cari ilin yekununa isə bu rəqəm bir az da yüksək təşkil edə bilər. O baxımdan ki, 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiya həcmi 18,8 milyard manat proqnozlaşdırılsa da, hələlik 2016-cı ilin ilk 9 ayına görə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 10 milyard 268,7 milyon manat vəsait yatırılıb ki, yerdə qalan 3 ay ərzində 8 milyardın da yatırılacağı sual doğurur.

Sual yaranır: bütün bunlar nə ilə əlaqədardır? Səbəb nədir? Iqtisadiyyatın gələcək artımı və genişlənməsi investisiyalardan asılı olduğu halda, bu sahədə nəyə görə azalma müşahidə olunur?

Bu suala cavab tapmaq üçün investisiyaların azalmağa başladığı ilk ilə diqqət yetirmək kifayətdir. Bizdə investisyaların hər il artması həmişə neftin dünya bazar qiymətlərinin yüksək olması ilə əlaqədar idi. Üstəlik, hasilat səviyyəsi də bunda az rol oynamırdı. Bu sahədə pik dövr 2010-cü ilə təsadüf etdiyindən, yuxarıda misal gətirdiyimiz rəqəmlərə diqqət yetirsək, investisiyalar üzrə ən yüksək artımlar məhz 2010 və 2011-ci illər ərzində qeydə alınıb. Sonrakı illərdə hasilat enməyə başladığından artım zəiflədi. 2014-cü ildən ümumiyyətlə, azaldı. Çünki qeyd olunan ildə neftin həm də dünya bazar qiymətləri ucuzlaşmağa başladı.

Sözügedən eniş keçən il daha da dərinləşdi, bu il isə 50 dollar civarına hələ bu yaxınlarda çıxsa da, yenə ondan aşağı təşkil edir. Yəni, demək istədiyim budur ki, neft gəlirlərimiz azala-azala gedir. Ona görə də iqtisadiyyata sərmayə qoyuluşu getdikcə enir.

Təkrar edirik: 2017-ci ildə əsas kapitala investisiyaların həcmi 15,3 milyard manat təşkil edəcək ki, bu da cari ildəki ilə müqayisədə 18,6 % az olacaq. Söhbət, proqnozdan gedir. Göründüyü kimi, bu, əslində "təbii prosesdir". Yəni, neftin qiyməti yüksək olan illərdə ölkədə geniş xarakterli infrastruktur layihələr həyata keçirilirdisə də, indi bu artıq, arxada qalıb.

Ümumiyyətlə, getdikcə dövlət tərəfindən investisiyalar daha da azalacaq. Bu sahədə əsas yük isə özəl strukturların üzərinə düşəcək. Ümumiyyətlə, bundan sonra investisiya strategiyasında əsas hədəf iqtisadiyyata xarici investisiyaların artmasına - genişlənməsinə nail olmaq təşkil edəcək. Xüsusən də, qeyri-neft sektoruna...

Xatırladaq ki, keçən il ölkə iqtisadiyyatına 20 milyard ABŞ dolları civarında sərmayə qoyulmuşdu ki, bunun da təqribən, 50%-ni xarici sərmayə təşkil etmişdi. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarda keçirilən iclasında qeyd etdi ki, bu, çox müsbət faktdır. Lakin, Prezident həmin iclasda əlavə etdi ki, bu il, yəni 2016-cı il ərzində xarici investisiyalar Azərbaycana daha böyük həcmdə cəlb edilməlidir. Bu da yaranmış situasiya ilə əlaqədar tələb idi. Hansı ki, bu tələb bundan sonra da qüvvədə qalacaq.

Ümumiyyətlə, qlobal iqtisadi böhran üzrə təzyiqlər artır. Hazırda dünya miqyasında da xarici investisiyalar uğrunda ciddi mübarizə getməkdədir. Azərbaycanda isə investisiyalar daha çox neft sektoruna qoyulub və qoyulur. Halbuki ölkəmizdə qeyri-neft sektorunda da bunun üçün gözəl zəmin vardır. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayə qoyulur. Lakin, qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq ki, bu, ən ümdə vəzifə təşkil edir.

Yeri gəlmişkən, bu il investisiya qoyuluşlarının 57,8%-i daxili, 42,2%-nin isə xaricinin payına düşəcəyi deyilib. Neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10,8 milyard manat yatırılacağı proqnoz edilib. Qeyd edim ki, keçən il bu vaxt 2016-cı il də daxil olmaqla, növbəti 3 ildə investisiyaların 47,3 milyard, xarici investisiyaların isə 15,4 milyard manat təşkil edəcəyi proqnoz edilmişdi.

Növbəti və sonrakı 3 il üzrə proqnozlaşdırmada isə fiskal yığcamlaşdırma siyasətini davam etdirmək, dövlət büdcəsi xərclərini optimallaşdıraraq qənaətlə icra etmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlətin borc və öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək, həmçinin bunu sərt şəkildə limitləşdirmək, dövlət büdcəsinə Neft Fondundan transferti tədricən azaltmaq, qeyri-neft sektoru və onun aparıcı sahələrində artımısa dövlət investisiyaları hesabına deyil, məhz bu sferadan ixracı genişləndirmək əsasında təmin etmək modelinin əsas götürüldüyü elan edilib. Bütün bunlar da birbaşa olaraq məhz idxaldan asılılığımızı azaltmaq məqsədi daşıyır. Demək, ümid həqiqətən də xarici investisiyalaradır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti