Əli Kərimlinin unudulmayan ləkəli keçmişi - II yazı: Xəyanətin 4 epizodu
(Müəllifin qoyduğu şərtə əsasən, yazılar dəyişiklik edilmədən veriləcək – AzVision.az)
Azərbaycanın siyasi sistemində, xüsusilə də sosial şəbəkədə zombiləşmiş bir tayfa əmələ gəlib. Həmin zombiləşmiş qaragüruhçu dəstə öz tayfa başçılarından qeyri hər kəsi ittiham etməyə, adıçəkilən şəxsə azacıq tənqidi yanaşan istənilən adamı xəyanətdə suçlamağa vərdiş ediblər.
Özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışan bu qaragüruhçu dəstə hər cür yalan danışmaqdan, iftira atmaqdan çəkinmir. Amma ən yaxın tariximizə nəzər saldığımız zaman bu insanların bütə çevirdikləri şəxsin, ictimai-siyasi fəaliyyətə komsomolçu kimi başlayan Kərimov Əli Əmirhüseyn oğlunun gerçək siması ortaya çıxar. Bu ləkəli keçmişi təmizləmək, yaddaşdan silmək mümkünsüzdür. Tarix unudulmur və yaxın tariximizin canlı şahidi olan insanlar hələ həyatdadırlar.
Bu yazımızda Əli Kərimlinin son qurultayda dediyi “Mənim kitabımda qaçmaq, fərarilik yoxdur!”cümləsi üzərindən tarixi ekskurla çıxırıq. Xatırladaq ki, həmin çıxışda Kərimli bu cümləni öz dəstəsinə “bir neçə il bundan əvvəl çəkilib getmək istəyirdim” etirafından sonra deyirdi. Hansı ifadəsində səmimi olduğunu deyə bilmərik, amma Kərimlinin ömür kitabındakı xəyanət və fərarilikləri bir-bir xatırlatmağa dəyər.
1990-cı ilin 20 yanvar günü.
Rus əsgərləri və 25 yaşlı Kərimovun “itən” vəsiqəsi
Əli Kərimlinin həyat yolundakı ilk fərarilik faktı 1990-cı ilin 20 yanvar günündə baş verənlərlə bağlıdır. Həmin gecə baş verənlər haqda Kərimovun tələbə və “Yurd”çu yoldaşlarından birinin xatirəsini olduğu kimi təqdim edirik: “Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda harada idin? Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi “Krasnaya Zvezda” qəzetində çap olunmuşdu. Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub. Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib, “Krasnaya Zvezda” qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib? O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar. Əli Kərimli də düşünüb ki, üzərini axtarsalar, Müdafiə Komitəsinin vəsiqəsi çıxa bilər. Bu səbəbdən ayaq yoluna getmək istədiyini deyib və orada vəsiqəni cibindən çıxararaq corabına qoyub. Dedi ki, əsgərlərin göstərişi ilə əllərini göyə qaldırıb dururlarmış, bu zaman düşünüb ki, üzərini axtarsalar, corabına baxa, vəsiqəni əldə edə bilərlər. Ona görə də əllərini yorulduğunu hiss etdirmək üçün aşağı salır, taqətsiz olduğunu göstərir. Əsgərin diqqəti yayınandan sonra vəsiqəsini corabından çıxararaq divardan küçəyə tullayır. Vəsiqəni isə rus əsgərləri taparaq komendaturaya verir”.
1991-ci ilin 27 aprel etirazı.
Kərimov AXC-dən gedir, Müəllimi tələbəsinə “fərari” deyir
20 yanvar hadisələrindən sonra Bakıda komendant saatı tətbiq edildi və 1 il davam etdi. 1991-ci il aprelin 27-də BDU-nun AXC təşkilatının idarə heyəti olaraq qərara alır ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-i qeyd edilsin. Azərbaycanın hələ Sovet əsarəti altında olduğu, Mütəllibovun hakimiyyəti dönəmində təbii ki, Universitet rəhbərliyi buna qəti etiraz edir, tədbirin təşkilatçılarını çağırıb hədə-qorxu gəlir.
Bundan sonra AXC BDU təşkilatının idarə heyəti yenidən toplanır və bu toplantıda Əli Kərimov 27 apreldə etiraz aksiyasının keçirilməsinə qarşı çıxır. Amma onun təklifi qəbul olunmur, aprelin 27-də aksiya keçirilir. Polis zorakılığı ilə dağıdılan aksiyaya Kərimov qatılmır. Bundan sonra Kərimov AXC sıralarından çıxmaq haqda ərizə yazır və bu ərizəni fəal AXC üzvlərindən olan Qəzənfər Əhmədova verir.
Fəqət nə baş verirsə (o dövrün Universitet fəallarının dediyinə görə, AXC-yə qayıtmaq tapşırığını Universitet rəhbərliyi verib) Kərimov heç nə olmamış kimi gəlib idarə heyətinin iclasında oturur. Tələbə yoldaşları onu hərəkətinə görə danlayırlar. Hətta hüquq fakültəsinin müəllimi İbrahim Vəliyev ona deyir ki, bu hərəkətin bir adı var - fərarilik. Hamının gözü qarşısında Kərimovun AXC-dən istefa ərizəsi cırılır və deyilir ki, belə qəbul edək ki, sən bunu yazmamısan, biz də görməmişik.
İyun qiyamı.
Qeybə çəkilən dövlət katibi və qumbara əməliyyatı
Çoxlarının (böyük əksəriyyətin) yaxşı xatirindədir, Surət Hüseynovun 1993-cü ilin iyununda mərkəzi hakimiyyətə qarşı qaldırdlığı qiyamdan, Prezident Əbülfəz Elçibəyin Bakını tərk edib Kələkiyə sığınmasından və ölkə prezidentinin səlahiyyətlərinin Milli Lider Heydər Əliyevə keçməsindən sonra o zaman AXC iqtidarında olanların bir qismi ya vəzifələrini dondurdular, ya istefaya getdilər, ya da ölkə sərhədlərindən kənara çıxdılar. Eyni zamanda, heç yerə getməyib siyasi fəaliyyətini davam etdirənlər, hətta, müvəqqəti həbs, məhkəmə həyatı yaşayanlar da oldu.
Ancaq həmin hakimiyyətdə - AXC iqtidarında böyük nüfuz, söz sahibi olan (xüsusilə, iyun hadisələrinə yaxın ərəfədə) Əli Kərimov və onun az qala mason tipli “Yurd” birliyinin hakimiyyətdəki üzvləri səssiz-səmirsiz “qeybə” çəkildi, ya da onlara dəyib-toxunan olmadı - başda elə sayın Kərimovun özü olmaqla. 1993-cü ilin iyunundan 1994-cü ilin payızına kimi Əli Kərimli sanki görünməz oldu.
Bu gün (elə hər zaman) az qala bir nömrəli düşməni hesab etdiyi “Müsavat”ın əski başqanı İsa Qəmbər iyun hadisələrinə görə müvəqqəti tutulduğu, məhkəməyə çəkildiyi və ya siyasi mübarizəsini davam etdirdiyi halda, özünü daim “aparıcı müxalifət”in tək və şəriksiz lideri hesab edən Kərimli qeyd etdiyim kimi, müəmmalı şəkildə 1994-cü ilin payızına qədər siyasi arenada görünmədi və bir də 94-cü ilin məlum payız günlərində heç nə olmamış kimi siyasi arenaya döndü.
Nüfuzlu müxalif liderlərin kölgəsində qalmamaq üçün Əli Kərimovun şişirdilməsi planı işə düşdü. 94-cü ilin 21 may mitinqində cibində qumbara ilə həbs edilən Əli Kərimov haqqında həbsdə olduğu müddətdə “gördünüzmü hakimiyyət ondan çəkinir, qorxur”, həbsdən çıxdıqdan sonra isə “Əli Kərimovu həbsdə saxlamağa gücləri çatmadı” təbliğatı aparıldı və beləcə müxalif düşərgənin ilk separatçı süni lideri yetişdirildi. Bu, fərariliklə xəyanıtin qovuşuq məqamı idi. Qiyamdan sonra fərarilik edən Kərimov ortalığa ilk çıxışındaca xəyanət etdi.
95-ci il xəyanətləri.
Mandat uğrunda satqınlıq
1995-ci il Kərimovun ömür kitabında xüsusi izlər buraxıb. AXC sədrinin siyasi məsələlər üzrə müavini olan Ə.Kərimov klassik hərəkatçı, hakimiyyətlə heç bir işbirliyinə getməyən AXC sədrinin birinci müavini İbrahim İbrahimlini şantaj yolu ilə doğma təşkilatından uzaqlaşdırmağı bacardı.
Ardınca AXC-nin partiyaya çevrilməsinə və meydan təşkilatından kabinet qurumuna dönməsinə nail oldu. Elə həmin il yenilməz komandir, hərəkatçı Şahmərdan Cəfərov aradan götürüldü, Fərəc Quliyev həbs edildi. AXC-nin radikal qüvvələrinə zərbə liberal xəttin adamı kimi Kərimovu önə çıxardı. Bundan istifadə edən “Yurd” şefi isə AXC-də öz oyununu oynamağa başladı.
Elə həmin il parlament seçkilərində mandat almaq üçün hakimiyyətlə separat danışıqlara gedən Kərimovun bu addımı AXCP-də böyük qalmaqal yaratdı. O zaman həbsdə olan AXC batalyonunun komandiri Arif Paşayevin partiyanın proporsional seçki siyahısına salınması haqda cəbhəçilərin tələbi də nəzərə alınmadı. Halbuki, bu halda Arif Paşayev azadlığa çıxacaqdı. Kərimov bu addımı atmadı, həmin seçkilərdə isə özü mandat qazandı.
Elə məhz həmin dönəmdə - seçki müzakirələrində Əli Kərimlinin tam nəzarəti altında olan AXC Rəyasət Heyəti seçkidə iştirakın əleyhinə olan AXC Gənclər Komitəsinin sədri Oqtay Gülalıyevi Cəbhədən kənarlaşdırdı. O zaman seçkidə iştirakın yeganə düzgün mübarizə yolu olduğunu təkid edən Kərimli illər sonra seçkidə iştiraka və parlamentdə təmsilçiliyə görə Cəmil Həsənlini də cəbhədən kənarlaşdıracaqdı...
Teqlər: