Trampın Çin siyasəti: `Nəhəng`lər döyüşəcəkmi? – TƏHLİL

Trampın Çin siyasəti: `Nəhəng`lər döyüşəcəkmi? – TƏHLİL
  15 Fevral 2017    Oxunub:4286
Əvvəlcədən təxmin olunurdu ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın xarici siyasətində 3 əsas konseptual istiqamət olacaq: Çin, Rusiya və Yaxın Şərq. Daxili siyasətə daha çox diqqət ayıracağını deyən biznesmen Donald Trampın ABŞ bazarını ələ keçirmiş Çin məhsullarıyla bağlı tədbir görəcəyi gözləniləndir. O, artıq Çin məhsullarına qarşı 45%-lik gömrük rüsumu tətbiq edəcəyini bildirib.

Çinin Amerika idxalatında böyük çəkiyə malik olması Birləşmiş Ştatların iqtisadi təhlükəsizliyinə ciddi təhdid yaradır. Çin həm daxili, həm də xarici siyasətdə ABŞ-ın qarşısında duran əsas aktor sayıla bilər. 1972-ci ildə qurulan Çin-ABŞ əlaqələrinin kökündə əsas baza kimi "vahid Çin siyasəti" dayanırdı. Amma Trampın hələ seçki kampaniyası vaxtı Çinlə bağlı səsləndirdiyi fikirlər fərqli təəssürat yaradırdı.

Populizm qalib gəlir: "Düşmən Çin"

Trampın 2016-cı ildə Tayvan liderilə telfonla əlaqə saxlaması Çini bərk hiddətləndirmişdi. Tramp da əvəzində bildirmişdi ki, "Vahid Çin siyasətini başa düşürəm, ancaq bu, mənim, həmin siyasətə toxunmayacağımız anlamına gəlmir". Trampın bu fikirlərinə Çinin xarici işlər nazirliyindən sərt reaksiya gəlmiş, Tayvan məsələsində ABŞ həssas davranmağa dəvət olmuşdu. Çin onu da bildirilmişdi ki, bu davranış münasibətləri ciddi zədələyə bilər.

Prezident seçkisi öncəsi çıxışlarında Trampın bəzən Çini İŞİD-dən daha təhlükəli hesab etdiyini deməsini də unutmaq olmaz. Tramp administrasiyasını Çinlə bağlı narahat edən məqamlar bunlardır:
- Çinin devalvasiya və gömrük siyasətinin ABŞ-a ziyanı;
- Pekinin Cənubi Çin dənizində hərbi cəhətdən möhkəmlənməsi;
- Koreya Xalq Demokratik Respublikası mövzusunda ABŞ-a yardım göstərməməsi.




Həmin dövrdə Trampın çıxışlarına cavab olaraq, Çinin bəzi media orqanlarında ABŞ əleyhinə təbliğat başlamışdı. Misal üçün, "ABŞ Çinin ikinci Suriyaya çevrilməsini istəyir" adlı video roliklərin hazırlanmasını göstərə bilərik. Həmin videolarda iddia olunurdu ki, ABŞ Honkonq, Tibet, Ksinjianq və Tayvan kimi bölgələrdə separatizmi yaymaq, siyasi dissident və casuslardan istifadə edərək Çinin daxilində sabitliyi pozmaq istəyir.

Populizmdən Praqmatizmə: Dost Çin

Lakin Donald Trampın seçki kampaniyasından sonra səsləndirdiyi fikirlərdə Çinə yanaşmada ciddi dəyişiklik nəzərə çarpır. Belə demək mümkündürsə, Tramp populizmi praqmatizmlə əvəzləməyə başlayıb. Tayvan məsələsilə bağlı Pekinin sərt açıqlmasından sonra Tramp fikirlərində belə korrektə elədi ki, Çinlə ticarət başda olmaqla, bütün məsələlərdə yeni razılaşma əldə olunmayınca, “Vahid Çin” siyasətinə hörmət etməyəcək. 2016-cı il dekabr ayından etibarən Trampın yeni rasional davranışlarının şahidi olmağa başladıq.

2016-cı ilin dekabrında Ayova ştatında çıxışı zamanı Donald Tramp Çin ilə ABŞ arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinin vacibliyini bəyan etdi. Bununla da seçki marafonu zamanı səsləndirdiyi populist nitqlərdən uzaqlaşıb, praqmatik düşüncəyə kökləndiyini göstərdi. Ayova ştatının senatoru, Çinin hazırkı prezidentinin 30 illik dostu Terri Branstadı həmin ölkəyə səfir göndərəcəyini açıqlması da bundan xəbər verirdi.

Çinə azı 40 dəfə səfər edən, beynəlxalq münasibətlər tarixinə "Ping-pong diplomatiyası" kimi düşmüş proseslə Pekin-Vaşinqton əlaqələrinin təməlini qoyan və "Çin xalqının köhnə dostu" kimi tanınan Henri Kissincerin 2016-cı ilin dekabr ayında Donald Trampla Nyu-Yorkda görüşündən cəmi 2 həftə sonra, elə Trampın tapşırığı ilə Çinə səfər etməsi, prezident Ksi Jinping ilə görüşməsi və görüşün tam qapalı keçməsi də maraqlı məqamdır.

Bütün bunlardan belə məlum olur ki, Tramp administrasiyası Çin-ABŞ ikitərəfli əlaqələrinə çox böyük önəm və dəyər verəcək. Henri Kissincerin son müsahibəsində səsləndirdiyi fikirlər də bundan xəbər verir: "ABŞ-Çin əlaqələri uzunmüddətli xarakterlidir. İqtisadi sektorda Çin və ABŞ ən dayanıqlı ölkələrdir. Onlar rəqib olsalar belə, dünyada sabitliyi bərqərar etmək üçün əsas fiqurlardırlar. Biz birlikdə çox layihələr reallaşdıra bilərik".

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti