Prezidentin Paris səfəri: Qarabağ üçün yeni şans (ŞƏRH)

Prezidentin Paris səfəri: Qarabağ üçün yeni şans (ŞƏRH)
  16 Mart 2017    Oxunub:5746
Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri siyasi gündəmin ən aktual mövzusu olaraq qalır. Xəbər verdiyimiz kimi, səfər çərçivəsində ölkə başçısı digər rəsmilərlə yanaşı Fransa prezidenti Fransua Ollandla da görüşüb. Prezidentlərin görüşdən sonra keçirdikləri mətbuat konfransında iki ölkə arasındakı münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair verdikləri açıqlamalar dünya KİV-lərinin manşetlərində yer alıb.

Prezident İlham Əliyev çıxışında Qarabağ münaqişəsinə toxunaraq 2014-cü ilin sonlarında Yelisey sarayında Ermənistan prezidenti ilə keçirilən görüşü xatırladıb. Bildirib ki, görüş çox konstruktiv və müsbət keçib.

“Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk”-deyən Azərbaycan prezidenti münaqişənin tezliklə həll edilməli olduğunu diqqətə çatdırıb.

“Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz dogma torpaqlarına qayıda bilsinlər”.

Fransua Olland isə öz növbəsində bildirib ki, uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq mümkündür: “Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”.

Prezident İlham Əliyevin Fransaya səfirini AzVision.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, bu səfər hər şeydən öncə iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı:

“Prezident İlham Əliyev qeyd etdi ki, aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Düşünürəm ki, bu səfəri xarakterizə edən ən mühüm tezislərdən biri budur. Çünki, siyasi dilaoqun yüksək səviyyədə olması digər bütün əlaqələr üçün açar rolunu oynayır. İkinci mühüm məsələ onunla bağlı oldu ki, Prezident İlham Əliyev Avropanın aparıcı ölkələrindən biri olan, ATƏT-in həmsədri olan bu ölkənin prezidenti ilə görüşdə bir daha qətiyyətlə vurğuladı ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Daha sonra həmsədr ölkələrin bu istiqamətdə səylərinə toxunan prezident bildirdi ki, Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər. Bundan başqa ölkələrimiz arasında iqtisadi müstəvidə olduqca yaxşı perespektivlərin olduğu və bunun hər iki ölkəyə dividentlər qazandıracağı ilə bağlı müzakirələr aparıldı”.

H.Babaoğlu qeyd edib ki, prezident İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə bu istiqamətdə atılacaq addımlar bir daha diqqət mərkəzinə gətirildi: “Eyni zamanda təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, kosmik sənaye, informasiya texnologiyaları və.s kimi sahələrdə mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Qeyd etmək lazımdır ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ yaratmaqla, siyasi-iqtisadi əlaqələrin daha geniş sektorlara şaxələnməsi üçün yeni əsaslar yaratdı ki, bu da hər iki ölkənin milli maraqlarına cavab verir”.

Politoloq Fikrət Sadıqov isə deyib ki, Fransa və Azərbaycan arasında müxtəlif istiqamətlərdə çox sıx münasibətlər var. Onun sözlərinə görə, bu ölkə ilə müxtəlif sahələrdə olan münasibətlərimiz sürətlə inkişaf edir.

“Eyni zamanda Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Bu baxımdan münaqişənin həlli müəyyən mənada Fransanın mövqeyindən asılıdır. Ölkə başçısı səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət yetirdi. Bəyan etdi ki, status-kvo qəbuledilməzdir və tezliklə dəyişdirilməlidir ki, münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər. Prezident, həmçinin Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Parisdə olarkən əsassız bəyanatlarını, Azərbaycana ünvanladığı müxtəlif məntiqsiz ifadələrini ifşa etdi. Dövlət başçısı çox yaxşı bir ifadə işlətdi ki, əgər belə ağıllısansa, nədən bu qədər kasıbsan?

Politoloq vurğulayıb ki, səfər zamanı diqqət çəkən məsələlərdən biri də Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir: “Fransa prezidenti çıxışında bildirdi ki, Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir. Bu, bizi qaneə edən bir ifadədir. Biz buna nail olmaq istəyirik. Çalışırıq ki, bütün beynəlxalq hüquq normaları çərçivəsində BMT tərəfindən qəbul olunan qətnamələr qəbul edilsin. Ona görə də Azərbaycan prezidentinin Fransaya rəsmi səfəri olduqca önəmlidir. Hesab edirəm ki, bu səfər həm Azərbaycanın maraqlarına, həm də Fransa-Azərbaycan münasibətlərinin inkişafına xidmət edir”.

Millət vəkili Elman Nəsirov isə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq. E.Nəsirov bildirib ki, səfər həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün mühüm rol oynaya bilər:

"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Biz bu münaqişənin həlli ilə bağlı Fransanın bir neçə dəfə fəal iştirakının şahidi olmuşuq. Ona görə də Prezident İlham Əliyev Fransada əksər görüşlərində münaqişənin həllinə toxundu və bu prosesdə Ermənistanın danışıqlar prosesindən yayındığını, hələ ki buna nail olduğunu da diqqətə çatdırdı. Ümumilikdə hesab edirəm ki, dövlət başçısının səfəri Fransa-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar açacaq və xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə xidmət edəcək".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Prezident   İlhamƏliyev   Fransa   Paris   Olland   Qarabağ  





Xəbər lenti