$50 milyardlıq “boşanma”: Brexit-dən sonra nələr olacaq – TƏHLİL

$50 milyardlıq “boşanma”: Brexit-dən sonra nələr olacaq – TƏHLİL
  30 Mart 2017    Oxunub:3753
Böyük Britaniyanın Avropa Birliyinin üzvlüyündən çıxması prosesinə rəsmi olaraq start verildi. Artıq bununla bağlı Britaniyanın müraciəti AB Şurasının sədri Donald Tuska təqdim edilib. “Breksit” adlanan bu prosesin iki il ərzində başa çatdırılması planlaşdırılır. Britaniyanın ittifaqdan çıxması ilə əlaqədar martın 29-da AB Şurasının növbədənkənar fövqəladə iclası işə başladı.

Avropa Birliyindən hansısa üzvün çıxması üçün çox mürəkkəb hüquqi prosedurların icrası tələb olunmaqla yanaşı, tərəflərin əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan nəticələrlə üzləşməsi də mümkündür. Çünki Avropa Birliyi tarixində ilk dəfədir ki, üzv dövlətin çıxması prosesi baş verir və “Breksit”in icra edilməsi üçün daha əvvəl təcrübədən keçirilməmiş mexanizmlərin işlənməsi ehtiyacı yaranır. Məhz bu səbəbdən, Breksitin qlobal, regional, geosiyasi və geoiqtisadi nəticələri ilə yanaşı, eyni zamanda nə Avropa Birliyi nə də Britaniya üçün hansı fəsadlara başa gələcəyini əvvəlcədən proqnozlaşdırılması mümkün deyil.

2009-cu ilə qədər Avropa Birliyinin qanunvericiliyində hansısa üzv dövlətin ittifaqdan çıxması prosesini tənzimləyən hüquqi prosedur qaydaları mövcud deyildi. AB-nin 2007-ci ildə keçirilən Lissabon sammitində qəbul olunan, 2009-cu ildə ildə isə qüvvəyə minən razılaşmanın (Lissabon müqaviləsi) 50-ci maddəsində üzv dövlətin ittifaqdan çıxmasının normativ-hüquqi qaydaları əksini tapdı. 50-ci maddəyə əsasən, ittifaqdan çıxmaq istəyən ölkə bununla bağlı AB Şurasına ünvanladığı müraciət alındıqdan sonra iki il müddətinə tərəflər arasında danışıqlar aparılmalıdır.

İki illik danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən imzalanacaq müqavilənin şərtlərinə görə, həmin dövlət üzvlükdən xaric olunur. Danışıqlar aparılan müddətdə AB-Britaniya arasında qüvvədə olan bütün razılaşma və öhdəliklərin icrası davam etdirilir. Əgər bu müddət ərzində “Breksit”lə bağlı razılıq əldə olunmasa tərəflər arasında olan bütün razılaşmalar qüvvəsini itirərək, ölkə AB üzvlüyündən kənarlaşdırılır. Yaxud, Avropa Parlamentinin qərarı ilə danışıqlar müddəti uzadılır. Qeyd edək ki, razılaşmanın qüvvəyə minməsi üçün AB parlamentinin mütləq əksəriyyətinin onun lehinə səs verməsi ilə yanaşı, AB-yə üzv olan dövlətlərin də əksəriyyətinin bu razılaşmanı ratifikasiya etməsi tələb olunur.

Britaniyada 2016-cı ildə keçirilən referendumda “Breksit” tərəfdarlarının qalib gəlməsiylə baş nazir kürsüsünü leyboristlərin nümayəndəsi Devid Kemerondan təhvil alan Tereza Meyin bəyanatından belə bir qənaətə gəlmək olar ki, London ittifaqdan çıxmaqla üzərinə düşən öhdəliklərin icrasından azad olmağa, bununla belə, öz maraqlarına cavab verən əməkdaşlıq formatlarını saxlamağa çalışır. Baş nazirin bəyanatından aydın olur ki, Britaniya AB-dən gələn miqrant axınına özü nəzarət etmək istəyir və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olmaqda maraqlı deyil.



Bununla belə, London Avropa Birliyi üzvləri ilə ticarətdən imtina etmək fikrində deyil. Tereza Mey AB ilə azad ticarət haqqında “yeni, hərtərəfli, möhkəm və ambisiyalı müqavilə” imzalamağa ümid etdiyini bildirib. Həmçinin, baş nazir Britaniyada çalışan AB vətəndaşlarının hüquqlarının əvvəlki kimi qorunacağına söz verir. Əvəzində isə, AB-dən Britaniya vətəndaşlarına münasibətdə anoloji addım atılmasını istəyir.

Lakin AB-nin Londonun tələblərinə müsbət yanaşacağı inandırıcı görünmür. AB tərəfindən danışıqları aparan Mişel Barnye etiraf edir ki, ittifaqdan çıxmaq qərarına gələn Britaniya digər üzvlərlə müqayisədə daha çox əlverişli mövqe əldə edir. Təbii ki, bu vəziyyət digər üzv dövlətləri qane də bilməz. Fevral ayının sonunda Avstriya kansleri Kristian Kern bəyan etdi ki, “Breksit” Britaniyaya 60 milyard dollara başa gələcək. Bu rəqəm Londonun daha əvvəl öz üzərinə götürdüyü uzunmüddətli maliyyə öhdəliklərinin toplanması nəticəsində ortaya çıxır. Britaniyaya qarşı irəli sürülən maliyyə tələblərini Almaniya da dəstəklədi. Avropa Komissiyasının sədri Jan Klod Yunker də, BBC-yə verdiyi müsahibəsində Britaniyanın 50 milyard funt sterlinq ödəməli olduğunu, Londonun bu ödənişdən boyun qaçıra bilməyəcəyini söyləyib. Britaniya tərəfi bu rəqəmlə razı deyil və AB-yə öz öhdəliklərinə görə 3 milyard funt sterlinq ödəyəcəyini bildirir.

AB-nin Breksitə müqavimət göstərməsi ilə yanaşı, Britaniya daxilindəki siyasi qüvvələr də prosesdən öz maraqları üçün faydalanmağa çalışırlar. Mühafizəkarlar partiyasının nümayəndəsi, baş nazir Tereza Meyin Breksit haqqında müqavilənin Britaniya parlamentində ratifikasiyası zamanı leyboristlərin ciddi müqaviməti ilə qarşılaşacağını indidən əminliklə demək olar. Tereza Mey çətin seçim qarşısında qalacaq: bir tərəfdən AB-ni qane etmək üçün güşəştə getməli olduğu halda, digər tərəfdən leyboristlərin dəstəyini qazanmaq üçün daha əlverişli müqavilə şərtləri ortaya çıxarmalı olacaq.

Breksit ətrafında siyasi spekulyasiyalar tək bununla bitmir. Breksitlə daha güclü və müstəqil Britaniya yaratmaq vəzifəsini üstlənmiş mühafizəkarlar bu səfər Şotlandiyanın da müstəqillik arzularıyla qabaqlaşmalı oldular. Şotlandiya parlamenti martın 28-də Britaniya krallığının tərkibindən çıxmaq barədə referendumun keçirilməsinə dair qərar qəbul edib. Referendumun 2018-ci ildə keçirilməsi planlaşdırılır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər: #Brexit   #AB   #Britaniya   #Təhlil  





Xəbər lenti