Valyutadəyişmə məntəqələri niyə bağlanmışdı və niyə açılacaq? – TƏHLİL

Valyutadəyişmə məntəqələri niyə bağlanmışdı və niyə açılacaq? – TƏHLİL
  10 May 2017    Oxunub:6561
Məlumdur ki, tezliklə ölkədə valyutadəyişmə məntəqələri bərpa olunacaq. Bu məsələ “Valyuta tənzimi haqqında” qanunda əksini tapacaq. Sözügedən məntəqələrin fəaliyyətləri təxminən 1 il öncə dayandırılmış, nəticədə müəyyən narazılıqlar və problemlər ortaya çıxmışdı. Hazırda bunların çoxu aradan qalxıb. Valyutadəyişmə məntəqələri də yenidən fəaliyyət göstərməyə başlayacaq.
Hərə buna bir cür yanaşır. Əvvəla, bir sıra ekspertlər valyutadəyişmə məntəqələrinin nəyə görə bağlandığını düzgün izah etmirlər. İkincisi, bu, çox səhv olaraq, az qala faciə kimi dəyərləndirilir. Üçüncüsü, bunların fəaliyyətlərini bərpa etməyin ümumiyyətlə, nə dərəcədə vacib olduğu özü də ətraflı izah olunmur.

Sonuncu, yəni üçüncü sualın cavabını açıq saxlayıram. Çünki hazırda valyutadəyişmə məntəqələrinin yoxluğunun ölkədə valyuta alqı-satqısı və mübadiləsi sahəsində ciddi problem yaratdığını sözün düzü, şəxsən müşahidə etmirəm. Banklar və onların filialları bu işi əla yerinə yetirirlər. Lakin, birinci və ikinci suallara cavab olaraq qeyd edirəm ki, bəli, valyutadəyişmə məntəqələrinin bərpası ölkədə valyuta bazarında yeni qaydaların və mexanizmin yaradılması, təşkili işlərinin tərkib hissəsi olmaqla, onun növbəti mərhələsini təşkil edir. Yəni, bu addım nə vaxtsa atılmalıdır. Amma yeni əsasda və tamamilə yeni şərtlər çərçivəsində.

Çünki əvvəl bu sahədə çox böyük bir kortəbiilik var idi. Valyuta bazarında, başqa sözlə desəm, ölkədə ümumən valyuta alqı-satqısı prosesində heç bir gərginlik mövcud olmadığından isə həmin kortəbiilik özünü əyani olaraq büruzə vermir və göstərmirdi. Elə ki, ölkəyə xarici valyuta axını azaldı və dollar qıtlığı yaranmağa başladı, bu, neqativ təsirini dərhal göstərməyə başladı. Belə ki, valyutadəyişmə məntəqələri spekulyasiya əməllərinin bilavasitə icraçısına çevrildilər.

Odur ki, məntəqələrin bağlanması zərurətə çevrildi. Bu, qaçılmaz idi. Struktur yeniliklərindən irəli gələn səbəbi (əvvəl, söz sahibi Mərkəzi Bank idi, indi Maliyyə Bazarlarına Nəzarət Palatası) isə hələ qoyuram kənara... Çünki bu sahədə heç bir hüquqi tənzimləmə yox idi və valyutadəyişmə məntəqələrində 6 min nəfər çalışırdı deyənlərdən isə bir soruşan yox idi ki, onların fəaliyyətinı və gəlirlərinə nəzarət edilirdi, yoxsa yox?!..

Sözün qısası, qeyd edilən məntəqələrin fəaliyyətləri "dondurulmasa" idi, ölkədə valyuta bazarında çox ciddi xaos yarana və xaotik prosesi yığıb-yığışdırmaq mümkün olmaya bilərdi. İndi bunlar yeni qaydada bərpa olunacaq. Valyuta alqı-satqısı lisenziyalaşdırılan fəaliyyət növlərindən biri sayılacaq. Və buna görə, müvafiq qaydada rüsum ödəniləcək.

Ümumiyyətlə, ölkədə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunla tənzimlənəcəkdir. Və buna icazəni, yəni lisenziyanı maliyyə bazarlarına nəzarət orqanı verəcək ki, həmçinin fiziki şəxslər də bu işlə məşğul ola biləcəklər. Yəni, yerli banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və rezident hüquqi şəxs və qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) ilə yanaşı, fiziki şəxslərin də valyuta alqı-satqısı həyata keçirtmək hüququna malik olacaqlar. Amma yalnız, lisenziya əldə etdikdən sonra...

Əsas şərtlərdən biri də bu olacaqdır ki, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməklə, həm də bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti də yerləşdirməli olacaqlar. Və həmin girov depozitdə saxlanılmaqla, lisenziya qüvvədə olduğu müddət ərzində geri qaytarılmayacaq.

Sözün qısası, valyuta mübadiləsi fəaliyyətiylə məşğul olan və yaxud olmuş bütün subyektlər dəqiq uçotda, başqa sözlə desəm, qeydiyyatda olacaqdır. Bütün bular çox müsbət cəhətlərdir.

O ki qaldı məntəqələrin bərpasının valyuta bazarına və manatın məzənnəsinə təsirinə, başlanğıcda qeyd etdiyim kimi bizdə əvvəl bu sahəyə nəzarət yox idi. Valyutadəyişmə məntəqələri ölkədə dollar qıtlığı yaranan kimi spekulyasiya əməlləriylə məşğul olmağa başladılar. Ancaq bundan sonra bu, mümkün olmayacaq.

Ölkədə valyuta mübadiləsi üzrə vəziyyət daha açıq, sərbəst, rahat, əlçatan və şəffav olmaqla yanaşı, bu gün sözügedən sahədə "qara bazar" üçün cüzi də olsa zəmin yaradan amillər qalıbsa, onları da aradan qaldırmaq üçün də əlavə yardım vasitə rolunu oynayacaqdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Valyutadəyişmə   #Dollar   #Manat  





Xəbər lenti