136 uşağı xəstəxanalıq edən rotavirus nədir? - Diqqətli olun! (VİDEO)
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə "Rota" virusu (Rotavirus) infeksiyası aşkar edilib. Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
AzVision.az xəbər verir ki, rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir. Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir.
İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq, rotavirus infeksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.
Rotaviruslar latıncadan tərcümədə rota - halqa mənasını verir və bu, virusların mikroskop altında halqaya bənzəməsi ilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır. Elə bu səbəbdən də bəzən “bağırsaq qripi” adlandırılan infeksiya, xüsusilə payızın axırları və qışın əvvəllərində geniş yayılaraq xəstəlik törədir. Adətən sporadik xarakter daşısa da, bir sıra hallarda epidemiyalara da səbəb olur.
Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə, növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir.
Rotaviruslar əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda hava-damcı yoluyla da yayıla bilir. Həmin virusun törətdiyi infeksiyaya bəzən “çirkli əllər xəstəliyi” deyilir.
Dünyada 5-6 yaşa çatmış uşaqlar ən azı bir dəfə bu virus infeksiyasına yoluxur. Yoluxma 12 saatla 4 gün arası zaman ərzində aktiv formaya keçir. İnfeksiya ümumiyyətlə qusma və qızdırma ilə birlikfə çox pis qoxulu qansız ishallı qarın ağrısına səbəb olur. Şikayətlər 3-8 gün davam edir.
Rota virusu 5 yaşdan az uşaqlarda ishalın ən tez aşkarlanan səbəbi olur. 4-24 ay arası uşaqlarda infeksiya olduqca ağır fəsadlara gətirir. Səbəb isə bu yaş qrupundakı uşaqların həm immunitet sistemlərinin daha zəif olması, həm də ishal və qusma ilə ibarət olan maye itkisinin daha böyük problemə yol açmasıdr. Bu dövr uşaqların bədənində itən maye bərpa olunmazsa, ölüm halı yarada bilir.
Rota virusu infeksiyasının spesifik bir müalicəsi yoxdur. Virusa qarşı antibiotik müalicə təsirsiz olur və ümumiyyətlə, 2-5 gün arası stasionar müalicə tələb edir.
Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez yuyulmalı, uşağa yalnız qaynadılmış su verilməli, meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı, göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı, uşaq kollektivlərində daim təmizlik üçün tədbirlər görülməlidir.
Aytən Zəhra
AzVision.az
Teqlər: Rotavirus