“Bu il ərzində 54 nəfərə böyrək köçürülüb” – Şöbə müdiri - (VİDEO)

“Bu il ərzində 54 nəfərə böyrək köçürülüb” – Şöbə müdiri - (VİDEO)
  27 İyul 2017    Oxunub:3918
Hazırda Azərbaycanda hemodializlə müalicə alan xəstələrin ən kiçiyi 3, ən yaşlısı 85 yaşındadır. AzVision.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzdə Hemodializ şöbəsinin müdiri Mirhaşim Calalov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda respublikada 15 yaşa qədər 6 azyaşlı hemodializ xəstəsi var: “Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin edilir. 719 nəfərə “Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə böyrək köçürülüb. Təkcə bu il ərzində 54 nəfərə böyrək köçürülüb. Hazırda respublika üzrə böyrək xəstələrinin sayı 3312-dir. Bunlardan 1329 nəfər Bakı, 1983 nəfər isə regionlarda tam dövlət hesablı hemodializlə müalicə alır. Bu xəstəlik üzrə orta yaş 35-55 yaş arasındadır. Yaşı 80-dən çox olan 40-a yaxın xəstəmiz var. Statistik rəqəmlər hemodializ xəstəliyinin cavanlaşdığını deməyə imkan verir”.

Həkimin sözlərinə görə, hazırda hemodializ xəstələri əsasən cənub bölgəsində üstünlük təşkil edir: “Xəstəlikdən ölüm halları da qeydə alınır. İl ərzində təxminən 600 hemodializ xəstəsi dünyasını dəyişir. Son illər müqayisə etsək hemodializ xəstələrinin sayında 10-12 faiz artım qeydə alınıb. Xəstəliyin əsas səbəbi böyrək daşı,böyrək iltihabı və anomaliyaları, son vaxtlar isə şəkərli diabet xəstələrində daha çoxdur”.



Aytən Zəhra
AzVision.az


Teqlər: Xroniki-Böyrək-Çatışmazlığı   xəstə   Səhiyyə-Nazirliyi  





Xəbər lenti