Türkiyənin aldığı “S-400”-lər Ermənistanla sərhəddə yerləşdiriləcəkmi? – ŞƏRH

Türkiyənin aldığı “S-400”-lər Ermənistanla sərhəddə yerləşdiriləcəkmi? – ŞƏRH
  27 İyul 2017    Oxunub:5058
Türkiyə gələn il Rusiyadan uzaq və orta mənzilli “S-400” raket sistemləri alacaq. Bunun üçün Ankara 2,5 milyard dollar ödəməyə razılaşıb. NATO üzvü olan Türkiyənin Rusiyadan “S-400” raket sistemlərini almasına səbəb müttəfiqlərinin heç birinin ona anoloji silah satmaq istəməməsidir.
Bundan başqa, “Bloomberg”in yazdığına görə, NATO Türkiyəyə raket sistemləri verərkən onların Yunanıstan və Ermənistan sərhədlərinə yerləşdirilməsinə qadağa qoyur. Rusiya ilə razılaşmada isə Türkiyənin bu sistemlərdən istədiyi yerdə istifadə etmək hüququ qeyd olunur. Başqa sözlə, Türkiyə Rusiyadan alacağı raket sistemlərindən birini Ermənistanla sərhəddə yerləşdirə bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu fikirdədir ki, əslində Türkiyə həmin silahı ABŞ və ya NATO-dakı tərəfdaş ölkələrindən almaq istəyir. Amma başda ABŞ olmaqla həmin ölkələr sözdə Türkiyənin müttəfiqi sayılsalar da ona bu cür müasir silahları satmırlar: “Türkiyə elə bir bölgədə yerləşir ki, hər tərəfdən terrorçularla üz-üzədir. Suriyada müharibə gedir, İraqda vəziyyət ağırdır. Bu baxımdan, Türkiyəyə mütləq müasir silahlar lazımdır. Əlacsız qalan Türkiyə Rusiyaya müraciət etdi. Rusiya isə Türkiyə ilə strateji tərəfdaşlıqdan çıxış edərək, S-400 raket sistemlərini bu ölkəyə satmaq qərarına gəlib. Bu, ABŞ başda olmaqla bir çox ölkələri narahat edir. Onlar Türkiyəyə bu silahları satmır, üstəlik, deyirlər ki, başqasından da alma. Bu, necə müttəfiqlik, tərəfdaşlıqdır?”

E.Şahinoğlu vurğulayıb ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almasından Ermənistan da narahatdır. Doğrudur, Rusiya-Azərbaycan hərbi əməkdaşlığından fərqli olaraq, Ermənistan Rusiyanın Türkiyəyə silah satmasına açıq etiraz edə bilmir. Başa düşür ki, bu, artıq Rusiyanın daxili işlərinə müdaxilə deməkdir.

Türkiyənin bu silahlardan necə istifadə edəcəyinə gəlincə, politoloqa görə, onların Ermənistanla sərhəddə yerləşdirilməsi realdır: “Çünki, Ermənistan işğalçı siyasətini davam etdirir. Türkiyə isə Azərbaycanın müttəfiqidir. Və Ermənistana müəyyən təzyiqlər etmək imkanına malikdir ki, siyasətini korrektə etsin. İstisna etmirəm ki, bu raketlərin bir qismi Ermənistanla sərhəddə yaxın ərazidə yerləşdirilsin. Doğrudur, Ermənistanla sərhəddi Rusiya qoruyur. Amma bu raketlər birbaşa Rusiyanın maraqlarına qarşı yönəlməyib. Necə ki, Rusiya Ermənistandakı modernləşdirilmiş hərbi bazaların nə Azərbaycana, nə İrana, nə də Türkiyəyə qarşı olduğunu bildirir, eləcə də Türkiyə açıqlaya bilər ki, raketlər istənilən sərhəddin perimetri boyu yerləşdirilə bilər və bu raketlər üçüncü ölkələrə, o cümlədən, Ermənistana qarşı deyil. Amma Ermənistan bilməlidir ki, işğalçılıq siyasəti davam etdikcə və müharibə ehtimalı artdıqca Türkiyə buna seyirçi qalmayacaq”.

Siyasi ekspert Arzu Nağıyev isə qeyd etdi ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması məsələsi hələlik danışıqlar səviyyəsindədir: “Bu müqavilə ilə bağlı NATO, daha doğrusu, ABŞ narahatdır. Hətta buna görə Türkiyədən izahat da tələb edir. ABŞ bilmək istəyir ki, Türkiyənin almaq istədiyi S-400 raketləri hansı məqsədlə istifadə olunacaq. Türkiyə özünü silahla təmin edən, istehsal etdiyi silahları xaricə satan bir ölkədir. Odur ki, Türkiyənin birdən-birə belə bir istək sərgiləməsi ABŞ-a təəccüblü görünür”.

Bu raket sistemlərinin bir hissəsinin Ermənistanla sərhədə yerləşdirilməsi məsələsinə gəlincə, A.Nağıyev bildirib ki, Türkiyə bir NATO üzvü olaraq Ermənistanla həmsərhəddir və bu sərhəd həm də NATO-Rusiya sərhəddi deməkdir. Yəni kompleksin hərbi taktiki xarakteristikasına görə bu sərhəddə yerləşdirilməsi heç bir məntiqə uyğun gəlmir.

Elvin Abdulqədirov
AzVision.az




Teqlər: NATO   Türkiyə   Ermənistan   Rusiya  





Xəbər lenti