Ermənistanda yezidi əsgər intihar edib - Təfərrüat (VİDEO)
Bu fakt onu təsdiq edir ki, yezidi əsgəri hərbi hissədə incidiblər. Çıxış yolu tapa bilməyən əsgər hərbi hissədən qaçıb və nəticədə erməni etnik ayrıseçkiliyinə etiraz edərək özünü asıb.
***
Avqustun 14-də Ermənistanın Şirak vilayətinin Hatsik kəndində əsgərin asılmış halda meyiti tapılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata görə, əsgər intihar edib. İstintaq Komitəsindən məsələ ilə bağlı geniş açıqlama veriləcəyi deyilib. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə intihar faktına münasibət bildirməyib.
***
Hatsik kəndinin icma rəhbəri Karen Nersisyan qeyd edib ki, dünən saat 19:20 radələrində əsgər asılı vəziyyətdə tapılıb. 18 yaşlı Abas Sloyan milliyyətcə yezididir. O, Hatsik kəndində ailə üzvləri ilə birlikdə yaşayıb. İcma rəhbəri bildirib ki, Sloyan orduya iyulun 26-da çağırılıb. O, 20 günün əsgəri olub, Armavirdə yerləşən hərbi hissələrdən birində xidmət edib.
Xatırladaq ki, Ermənistan ordusunda milliyyətcə yezidi olan əsgərlər müntəzəm olaraq sıxışdırılır. Nəticədə, müxtəlif təhqirlərə və zorakılıqlara məruz qalan yezidilər intihar edirlər. Baş verən ayrıseçkilik yalnız ordu daxilində deyil, cəmiyyət daxilində də özünü kəskin göstərir. Bu yaxınlarda kütləvi şəkildə yezidilərin qətli ilə nəticələnən hadisə də buna əyani sübutdur.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan İntihar