Problemli kreditlərin yaratdığı problem – TƏHLİL

Problemli kreditlərin yaratdığı problem – TƏHLİL
  14 Sentyabr 2017    Oxunub:7017


Ölkə iqtisadiyyatında ən ağrılı vəziyyət bank sektorundadır. Buradakı problemlər qalmaqda davam edır. “Moody's” beynəlxalq reytinq agentliyi 2 ay öncə açıqladığı hesabatında xarici valyuta riskləri və zəif əməliyyat mühitinin Azərbaycanın bank sektorunun inkişafına maneə yaradan əsas amillər olaraq qaldığını bildirmişdi.

Əlavə olunmuşdu ki, ümumi daxili məhsul istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın yüksəlməsi cari ildə də banklar tərəfindən kreditləşdirməyə mane olmaqda davam edəcək. Kreditləşdirmə olmadan isə bankların sağlamlığından söhbət gedə bilməz.

Yeri gəlmişkən, bu ilin yanvar-iyul aylarından müştərilərə 12 392,9 milyon manat kredit verilib. Bu da bankların aktivlərinin 40%-dən bir az çox hissəsi deməkdir. Cari ilin iyul ayında iyun ayı ilə müqayisədə müştərilərə verilən kreditlərin həcmində 1 milyard 69,2 milyon manat, ilin əvvəlindən isə 3 millyard 545,4 milyon manat azalma baş verib. Ancaq, problem, necə deyərlər, əsas dərd yalnız bundan ibarət deyil...

Belə ki, üstəlik, vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişməkdə davam edir.... Cari ilin iyun ayının 1-nə 1739,8 milyon manat kreditin ödəmə vaxtı keçmişdi. İyul ayının 1-nə isə 1810,7 milyon manat kreditin vaxtı keçmiş sayılırdı. İyun ayının 1-i ilə müqayisədə 70,9 milyon manat çox... İlin əvvəlinə nisbətən isə bu artım 338,1 milyon manat təşkil edib. Kredit portfelinin az qala 20 %-ə yaxın hissəsi problemli sayılır.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkədə vaxtı keçmiş kreditlərin həcmi 1 812,8 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi cari ilin iyul ayında iyun ayı ilə müqayisədə 2,1 milyon manat artıb. Bu yandan da, əhalinin əmanətləri üzrə faizləri ödəmək tələb olunur. Odur ki, vəziyyət kritikdir.

Hələ yaxşı ki, hökumətin Beynəlxalq Bankla (ABB) əlaqədar yürütdüyü siyasət, başqa sözlə desəm, könüllü restruktizasiya planı uğurla alındı və müvəffəqiyyətlə həyata keçirilməkdədir. Yəni, ABB bağlanmadı. ABB bağlanası olsa idi, bütün bank sektoru çökməli idi.

Məlumdur ki, 2015-cil 21 fevral dekabr devalvasiyalarından sonra 13 bank bağlanıb - 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Real olaraq, mövcud banklardan 20-dən çoxunun vəziyyəti heç də o bağlanmış bankların vəziyyətlərindən geri qalmır. Lakin ucdantutma hamısının bağlanması mümkün deyil.... odur ki, sektoru düşdüyü vəziyyətdən mütləq xilas etmək lazımdır.

Ancaq bankları bu durumdan çıxartmaq tezliklə baş tutan məsələ də deyil. Çünki bunun üçün gərək, iqtisadi aktivlik bərpa oluna.... Kreditə tələbat yarana... Alış-veriş sürətlənə... Banklar tərəfindən kreditləşdirmə 2014-cü ilədək olan vəziyyət qayıda... Eyni zamanda, problemli kreditlər məsələsi də həllini tapmalıdır. Bu məsələnin həlli uzandıqca, "yara böyüyür".

Yeri gəlmişkən, əvvəlki şərhlərimdən birində də qeyd etmişdim ki, istənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini dəqiq ölçmək üçün məhz banklar ilə müştərilər, vətəndaşlar arasındakı münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir. Belə ki, bu ikisinin arasında inam və etimad varsa, demək, iqtisadiyyatda işlər yaxşı gedir. Yox, əksinədirsə, deməli, problemlər hökm sürür.

Vətəndaş və bank münasibətlərində inam hissi vətəndaşlarda olmalıdır, başqa sözlə desəm, yaranmalı və yaxud yaradılmalıdır.

Düzdür, yazmışdım ki, bu məsələnin həllində əsas yük məhz bankların üzərinə düşür. Belə ki, bunun üçün hər bir bank vətəndaşda ilk növbədə özünə qarşı maraq yaratmalı, ikincisi, təklif etdiyi xidmətləri vətəndaş üçün “əlçatan” etməli, üçüncüsü, onların iqtisadi mənefələrinin təhlükəsizliyinə təminat verməli, dördüncüsü isə, ortada üçüncü tərəf varsa, onunla əlaqələrin həyata keçməsində maksimal şəkildə vasitəçilik göstərməyə çalışmalıdır...

Ancaq problemli kreditlər məsələsində bilavasitə hökumətin işə qarışması vacibdir. Çünki bankların müştərilərdə və vətəndaşlarda inam yaratması üçün ilk növbədə onların özlərinin ayaqda durması vacibdir. Bundan ötrü, banklara maliyyə dəstəyi lazımdır. Bu, müxtəlif formalarda həyata keçirilə bilər. Lakin bir nüans var ki, sözügedən dəstək bütün hallarda Mərkəzi Bankın həyata keçirilən sərt-pul kredit siyasətilə uzlaşmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Bank   #Kredit  





Xəbər lenti