Ömürlük məhbuslara azadlıq şansı veriləcək - (VİDEO)

Ömürlük məhbuslara azadlıq şansı veriləcək - (VİDEO)
  26 Sentyabr 2017    Oxunub:10257
Azərbaycan Cinayət Məcəlləsinin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) dəyişiklik edilir.

Bununla əlaqədar Məcəlləyə yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur. Yeni bəndə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəza şəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.
Hazırki qanunvericiliyə əsasən, bununla bağlı yalnız 57.3-cü maddə (Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər) nəzərə alınır.



Məcəlləyə dəyişiklik ictimai dinləmələr keçirildikdən sonra Milli Məclisin iclasına tövsiyyə ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti