Cəbhəsayağı defetizm: Nə qədər pis olsa, o qədər yaxşıdır?

Cəbhəsayağı defetizm: Nə qədər pis olsa, o qədər yaxşıdır?
  13 Oktyabr 2017    Oxunub:14218
Blogger və həm də AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində paylaşdığı statusda Türkiyədən olan bəzi deputatların AŞPA-da Azərbaycan əleyhinə qətnaməyə səs vermələrini “xoş xəbər” adlandırıb.
“Bu dəfə də xoş xəbər Türkiyədən gəldi” cümləsilə bağlayan statusda Əli Kərimli sevincini gizlətmədən yazır ki, “Yaxşı prosesdir. Davamı gəlsin!”

Burada “xoş xəbər”“yaxşı proses” olan nədir? AŞPA-da Azərbaycana qarşı olan qərəzli münasibətdirmi “yaxşı proses”? Ölkəmizin pislənməsidirmi “xoş xəbər”? Qardaş bildiyimiz və daim beynəlxalq təşkilatlarda dəstək verdiyimiz, haqlı olaraq da dəstək umduğumuz türkiyəli deutatların öz dillərilə desək, “kalleşlik” etmələrində sevinməli nə var? Nəyin davamı gəlməlidir, kalleşliyinmi?

Yəqin, türkiyəli deputatların niyə o cür etmələrinin səbəbləri araşdırılacaq və hər şey üzə çıxacaq - bu, mövzunin ayrı tərəfidir. İstənilən halda, buna ancaq təəssüflənmək və üzülmək olar. Çünki qardaş dövlətin millət vəkilləri Azərbaycana qarşı qurulan heç bir oyunda yenə də öz dillərilə desək, “maşa” olmalı deyildilər. Olublarsa, çox təəssüf...

Amma Əli Kərimli nəyə sevinir? Qardaş dövlətin deputatları bizə xəyanət ediblərsə, burada xoş nə var?

Cavab sadədir: Bu adamlar düşünürlər ki, Azərbaycana nə qədər pis olsa, özlərinə o qədər yaxşıdır... Belə düşüncə - öz ölkəsinin məğlubiyyətini istəmək və buna çalışmaq isə siyasət elmində xüsusi terminlə ifadə olunur: Defetizm.

Bu, o qədər şərəfsiz bir mövqedir ki, tarixi nə qədər ələk-vələk eləsən də, defetizmə aid nümunələr tapmaq çox çətindir. Çünki adətən daxili siyasətdə ən yaramaz oyunlardan çıxan siyasətçilər belə, beynəlxalq arenada ölkələrinin məğlub olmasını istəmirlər.

1789-1815-ci illərdə Fransada inqilaba qarşı olanlar əvvəlcə Yakobinçi, sonra isə Napoleon Fransasının məğlubiyyətini arzulayır və anti-Fransa koalisiyasına dəstək verirdilər. Rusiyada bolşeviklər ölkələrinin Birinci Dünya Müharibəsində məğlubiyyətini istəyir və deyirdilər ki, “İmperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək lazımdır”.
Bunlar iki klassik nümunədir. Bəlkə daha bir neçə misal da tapmaq olar, amma bununla da defetistlərin siyahısı yekunlaşar. Çünki heç kim hətta ən ağır hallarda belə, öz ölkəsinin düşmənə məğlubiyyətini istəməyib.

Bu gün müharibə təkcə döyüş meydanlarında getmir. Diplomatiya müharibəsi, informasiya müharibəsi heç də az əhəmiyyətli deyil. Çünki həmin savaşlarda məğlubiyyət də real müharibə qədər ölkənin gələcəyinə, o cümlədən də, ərazi bütövlüyünə təsir göstərə bilər.

Əli Kərimlinin bu sevinci və “davamı gəlsin” arzusu tipik defetizm nüminəsidir. Bu, ökəsinin diplomatik və informasiya savaşında məğlubiyyətini arzulamaq, ona çalışmaqdır. Hara fırlatsaq da, başqa adı yoxdur.

Defetistlər hər zaman hər yerdə nifrətlə qarşılanıblar. Çünki praktikada bu, psixoloji savaşda düşmən tərəfə keçərək, öz ölkəsinə zərbə vurmaq deməkdir. Müharibə vaxtı belə hərəkət edənləri hərbi tribunal gözləyir. Sülh dövründə isə ən azı dəhşətli ictimai qınaq. Hərçənd, indi Azərbaycanda tam sülh şəraitinin olduğunu da deyə bilmərik...

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Əli-Kərimli   #AXCP   #AŞPA  





Xəbər lenti