Azərbaycan üçün vacib səfər: Yeni mərhələ başlayır (ŞƏRH)

Azərbaycan üçün vacib səfər: Yeni mərhələ başlayır (ŞƏRH)
  14 Oktyabr 2017    Oxunub:6004
Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycana səfər edib. Rumen Radev Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşərək ikitərəfli əməkdaşlığın inkişafı yollarını müzakirə edib.
Bolqarıstan prezidentinin Azərbaycana səfərinin çox böyük əhəmiyyət daşıdığını deyən prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri dost və tərəfdaş kimi qiymətləndirib. Vurğulayıb ki, iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir.

Bolqarıstan prezidentinin Azərbaycana səfərini AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rumen Radevin Bakıya gəlişi iki ölkə arasındakı əməkdaşlıqda yeni mərhələdir:

“Prezidentlər ilk olaraq etiraf ediblər ki, iki ölkə arasında ticarət mübadiləsinin həcmi azdır. Bu əməkdaşlıq potensialına cavab vermir. Ona görə də bütün sahələrdə əməkdaşlığın inkişafı yolları araşdırılmalı və müvafiq qərarlar qəbul edilməlidir. Turizm sahəsində imkanlar genişdir və Bolqarıstan prezidentinin Bakıdakı görüşlərinin nəticəsi olaraq ilk vacib addım atıldı: Gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk hava reysi açılacaq. Uçuşları aşağıbüdcəli “Buta Airways” aviaşirkəti həyata keçirəcək və qiymət bir tərəfə 29 avro olacaq. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək. Həftəlik və aşağıbüdcəli avireyslər qarşılıqlı turist səfərlərinin sayını artırmalıdır.



Bolqarıstanın Qara dəniz sahilindəki kurortları keçmiş SSRİ illərindən azərbaycanlılar arasında məşhur istirahət məkanları olub. Hazırda Azərbaycan vətəndaşları Şərqi Avropa ölkələrindən daha çox Çexiya və Macarıstan istiqamətlərinə üstünlük verirlər. Bolqarıstana uçuşların həyata keçirilməsi bu istiqamətin də populyarlaşmasına səbəb olacaq.

Bundan başqa Bolqarıstan kənd təssərrüfatı istehsalında böyük təcrübəyə malikdir. Bu mənada prezident Rumen Radevin də qeyd etdiyi kimi Bolqarıstan Azərbaycanda kənd təsərrüfatının inkişafına, emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycanda əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər”.

Politoloq xatırladıb ki, yaxın 6 ayda Avropa İttifaqında sədrlik Bolqarıstana keçəcək və bu amildə səfərdə mühüm rol oynayır: “Bolqarıstan prezidenti Bakıda qeyd etdi ki, Sofiya Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstək verəcək. Bu, Azərbaycan üçün vacibdir. Çünki hazırda Bakı və Brüssel strateji saziş üzərində işləyirlər. Mümkündür ki, strateji sazişin imzalanması Bolqarıstanın Avropa İttifaqına sədrlik müddətinə təsadüf etsin”.

E.Şahinoğlu bildirib ki, Bolqarıstan Azərbaycanın ideya daşıyıcısı olduğu və reallaşdırdığı “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verir və bu layihənin əsas iştirakçılarındandır.



“Bolqarıstan Azərbaycan kimi alternativ enerji mənbələrinin və bu enerji rezervlərinin Avropaya çatdırılması siyasətinə dəstək verir. Təsadüfi deyil ki, prezidentlərin Bakıdakı görüşündə iki ölkənin Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq edildi. “Cənub Qaz Dəhlizi”nin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Bu, o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində vacib rol oynayacaq. Digər tərəfdən rəsmi Sofiya Azərbaycanın Bolqarıstanın qazlaşdırılmasına və yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməkdə maraqlıdır. Bu, Azərbaycan üçün Bolqarıstanın enerji bazarında yaxşı imkanlar açır.

Beləliklə, Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfərini iki ölkə arasındakı əməkdaşlıqda yeni mərhələ adlandırmaq olar. Bolqarıstan həm Balkan yarımadasının, həm də Qara dəniz regionunda təhlükəsizlik və sabitlik mərkəzidir. Cənubi Qafqazda da eyni statusa Azərbaycan iddialıdır. Ona görə də Azərbaycan və Bolqarıstan iki bölgəni birləşdirən körpü rolunu oynaya bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Bolqarıstan   Bakı   Səfər  





Xəbər lenti