Yoxlamalara “yox” niyə uzadıldı? – TƏHLİL

Yoxlamalara “yox” niyə uzadıldı? – TƏHLİL
  21 Oktyabr 2017    Oxunub:8991
Ölkədə qeyri-neft sektorunun inkişafı və bu sahədən ixracın getdikcə artırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Bu arada Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə (MM) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qəbul edilən Qanunun fəaliyyət müddəti başa çatır. Qeyd olunan sənəd vergi istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdiyi yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tuturdu.
Hazırda sözügedən qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Sual yaranır ki, bu qadağanın effekti olmuşdumu?!..

Dövlət başçısının MM qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması fövqəladə hadisə idi. Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışladı.

Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinin geniş tərkibdə keçirilən bütün iclaslarında sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir etdiyi dəfələrlə deyilmiş, hər dəfə bu barədə xəbərdarlıq edilmiş, hətta bu istiqamətdə müəyyən addımlar atılaraq da, tapşırıqlar da verilmişdi. Ancaq aşkar görünürdü ki, problemi həll etmək mümkün deyil. Çünki məsələnin kökü dərində idi. Və inzibati yolla müvafiq qadağa qoyulmasa, heç nəyin xeyri olmayacaqdı. Ona görə ki, ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə "birgə fəaliyyətdə" maraqlı görünürdülər. Bunun başlıca təkanverici qüvvəsini isə vergilərdən yayınmaq istəyi təşkil edirdi. Digərləri də onları güdazına gedirdi.

Bundan əlavə, neft gəlirlərinin aşağı düşməsi ilə əlaqədar dövlət büdcəsinə daxilolmalar azalmışdı. Neftin qiyməti ilə bağlı gəlirlər 2 dəfədən çox enmişdir. Bu isə qeyri-neft sektorunun inkişafını iki qat artıq prioritet təşkil etməsinə zəmin yaradıb. Qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Büdcə gəlirlərinin də əsasını bu sahədən gələn gəlirlər təşkil etməli olduğundan, kiçik və orta sahibkalar daha çox diqqət mərkəzində olmağı tələb edirdi.



Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə ən çox məhz orta və kiçik sahibkarlığın inkişafının qarşısını alırdı. Belə ki, iri sahibkarlar necə deyərlər, pis-yaxşı, "çullarını sudan çıxara" bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı. Odur ki, Prezidentin müvafiq qanunvericilik təşəbbüsü də fikrimcə, ilk növbədə ötən 2 il ərzində məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul yaratdı. Bu isə real şəraitdə olduqca vacib şərt idi.

Ötən müddət ərzində sözügedən tədbir nəticəsində itirən də çox olub, qazanan da... Odur ki, 2 il əvvəlki vəziyyətə qayıtmaq istəyən də var, istəməyən də... Daha bir sual yaranır ki, qadağanı uzatmağa dəyərmi?!

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatına əsasən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən əvvəlki 20 ay ərzində vergi yoxlamaları savayı, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox imiş... Son 2 ilə yaxın dövr ərzində isə bu, ikirəqəmli səviyyəyə enib... Hesab edirəm ki, müddətin uzadılmasına yenə ehtiyac vardı.

Düzdür, iqtisadiyyatı idarəetmədə inzibati metodlar o qədər də effektli deyil. Uzunmüddətli perespektivdə isə heç yararlı deyil. Lakin indiki məqamda bu, lazımlı addım idi.

Yeri gəlmişkən, sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığına, millətin və dövlətin təhlükəsizliyinə üçün heç bir ziyan gətirməməlidir. Eyni zamanda, hər bir sahibkar əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə vergi ödəməlidir. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyəti ilə məşğul olanın da vergi mədəniyyəti olmalıdır.

Sözügedən qadağan yalnız qanunsuz və lüzumsuz müdaxilələrin, yoxlamaların qarşısını kəsmək məqsədi daşıyırdı. Heç kim vergidən yayına bilməzdi. Müvafiq qanunvericilik təşəbbüsü də yalnız bu məqsədə xidmət edirdi.

2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması da ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olanlar üçün əlverişli imkanlar yaratmaq və bilavasitə, bu sahədə maraqları inkişaf etdirmək məqsədi daşıyırdı.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Yoxlamalar   #Təhlil   #İqtisadiyyat  





Xəbər lenti