Dünya bankının Azərbaycan proqnozu: Yanlışlıq, yoxsa qərəz? - TƏHLİL

Dünya bankının Azərbaycan proqnozu: Yanlışlıq, yoxsa qərəz? - TƏHLİL
  26 Oktyabr 2017    Oxunub:4933
Dünya Bankının (DB) Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqladığı proqnoz diqqəti cəlb edir. Əvvəla, regionun demək olar, bütün ölkələrində əvvəlki proqnozdan daha yaxşı iqtisadi inkişaf müşahidə edildiyi açıqlanıb. Buna isə son aylarda istehsalın və ixracın artmasının səbəb olduğu bildirilib. Regiondan ixracın orta həcminin qlobal orta göstəricidən çox olduğu nəzərə çatdırılaraq, Rusiya ilə Belarusun resessiyadan çıxdığı deyilib.
Ümumiyyətlə, regionun iqtisadi artımı ilə bağlı proqnozun yüksəlməsi işsizliyin azalması, inflyasiyanın normallaşması, büdcə kəsirinin azalması ilə əlaqələndirilib. Neftin kəskin ucuzlaşmasından əziyyət çəkən Azərbaycanda isə əksinə, geriləmə proqnoz edilib. DB qeyd edib ki, bu ilin ilk yarısında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1,3% azalıb. Bunun səbəb isə neft hasilatının azalmasıdır.

Bəllidir ki, Azərbaycan neft hasilatının azaldılmasına dair beynəlxalq çərçivədə əldə olunan razılaşmaya qoşulub. Beləliklə də, neftin bahalaşmasına baxmayaraq, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının ümumən 1,4% azalacağı bildirilib. Bankın proqnozuna əsasən, cari ildə qeyri-neft sektoru sürətli inkişafını davam etdirəcəksə də, neft hasilatı azalacaq.

Qeyri-neft sektoru demişkən, DB-nın proqnoz açıqlamasında ümumiyyətlə, ölkənin bank sektorunda böhranın davam etməsinə baxmayaraq, burada 1,7% artımın olduğu ayrıca nəzərə çatdırılıb. Bunda kənd təsərrüfatı ilə emal sektorunun xüsusi rolu olduğu vurğulanıb. Hesabatda göstərilib ki, cari ilin birinci yarısında ixracın artması və idxalın azalması tədiyyə balansında ÜDM-in 4,4%-nə bərabər müsbət saldonun yaranmasına şərait yaradıb. Neft hasilatının kəskin azalmasına baxmayaraq, rəsmi statistikaya əsasən, neft ixracının həcmi 42, qeyri-neft məhsullarının ixracı isə 11% artıb.

Bəs, əslində vəziyyət necədir?

Son vaxtlar qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən müvafiq dövlət proqramları və görülən işlər nəticəsində sözügedən sektorun həqiqətən də davamlı inkişafı, sahibkarlıq mühitinin yaxşılaşması, investisiyaların artması, yeni müəssisələrin və iş yerlərinin açılması istiqamətində böyük nailiyyətlər müşahidə olunur.

Məlumdur ki, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən etibarən, sürətləndirilib. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi.

Məsələn, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqda 2016-cı ilin yanvarın 18-də imzalanan sərəncamda hökumətə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəniş dəstəyi vermək, xarici ölkələrə ixrac missiyaları təşkil etmək, xarici bazarları araşdırmaq və marketinq fəaliyyəti, "Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etmək, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqramına və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinə dair mexanizmlər hazırlamaq haqda göstərişlər verildi.

2016-cı il martın 1-də isə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqda sənəd də imzalandı. Bu sənədlə isə 2016-2020-ci illər ərzində Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul şəxslərə dövlət büdcəsindən xüsusi ixrac təşviqi rüsumunun ödənilməsi qaydası müəyyən edildi. Bunlar hamısı stimullaşdırıcı əhəmiyyətli tədbirlər idi.

Məqsəd isə iqtisadiyyatın qeyri-neft sektoruna investisiya cəlb etmək idi. Prezidentin də hökumətin bu yaxınlarda keçirilən məlum iclasında qeyd etdiyi kimi, nəticədə 200-dən çox investisiya təşviqi sənədi verildi ki, bu da böyük nailiyyətdir. Belə ki, bu, yeni iş yerlərinin açılacağı deməkdir, bu, iqtisadi artım deməkdir, bu, ixracın genişlənəcəyi deməkdir, bu, yeni valyuta gəlirləri deməkdir...

Bəli, biz buna çoxdan keçməli idik... Amma hər halda əsas odur, nəticə var: tərəvəz ixracı 68%, o cümlədən pomidor 60% artıb. Ən çox gəlir gətirən sahə pomidor ixracı olub. Yanvar-avqust aylarında bu, ölkəyə 128 milyon dollar gətirib ki, 59% artım var. Kartof 63, salat tərəvəzi 20%, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12% artıb. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28, onun içərisində şərab 56% artıb. Meyvə-tərəvəz emalı məhsulları 50, tütün məmulatları 45, çay 63%, bitki və heyvan mənşəli yağlar 19, şokolad 65%...

Sənaye məhsulları ixracı da artıb: qızıl 56 %, elektrik enerjisi 4,1 dəfə, alüminium 28, kimya sənayesi məhsulları 25, plastiklər 14, mis-filiz konsentratları 94, avadanlıqlar, mexaniki qurğular 48, mis və ondan hazırlanan məmulatlar 54, toxuculuq məmulatları 92 % artıb. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə artıb...

Ümumiyyətlə, bu mövzuda şərhlərimdə də qeyd etmişəm ki, ölkənin postneft dövrünə gözlənildiyindən daha tez daxil olması səbəbindən iqtisadiyyatın yeni ixrac imkanlarının araşdırılması və bu sahədə mövcud potensialdan tam istifadə edilməsi məqsədilə ilk olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və ixrac missiyalarının təşkili olmaqla, ikincisi, “azexport.az” internet portalının yaradılması, üçüncüsü isə ölkənin xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi ilə çox böyük işlər görülmüş və mühüm addımlar atılmağa başlanıb. Azərbaycanın çox böyük ixrac potensialı var, sadəcə, bunu reallaşdırmaq lazımdır. Və sevindirici haldır ki, bu sahədə əldə olunan ilkin nəticələr uğurludur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Dünya-Bankı   #İqtisadiyyat  





Xəbər lenti