2018-ci il büdcəsini gözləyən risklər – TƏHLİL

2018-ci il büdcəsini gözləyən risklər – TƏHLİL
  30 Oktyabr 2017    Oxunub:6361
Gələn ilin dövlət büdcəsi layihəsi yaxın günlərdə müzakirəyə çıxarılacaq. Növbəti ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulub ki, bu da keçən illə müqayisədə 20% çoxdur. Xərclər isə 20 905,7 milyon manat və ya 2017-ci illə müqayisədə 16,5% yüksək olacaq. Bu da olduqca yaxşı göstəricidir. Çünki 2015-ci ildən sonra dövlət büdcəsinin həcmi azaldılmışdı. Ondan əvvəlki illərdə isə artırıla-artırıla gedirdi. Bütün bunların da səbəbi aydındır.
2018-ci ilin dövlət büdcəsinin həcminin bu ildəkindən çox olacağı məlum idi. Cari il ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyə mənfi təsir edə biləcək, başqa sözlə desəm, onun dayanaqlığını sarsıdacaq göstəricilərdə pozitiv meyllər əldə olunmağa başlandı. Yəni neftin dünya bazar qiymətlərinin ucuzlaşması prosesi dayandı, xarici ticarət dövriyyəsində ixrac idxalı üstələməyə başladı, tədiyyə balansında müsbət saldo yarandı... Bunlar olduqca vacib göstəricilər idilər. Və 2017-ci il ərzində bunlar əldə olunmasa idi, uzun illər ərzində əldə etdiyimiz makroiqtisadi sabitlik pozulacaqdı. Çünki 2015-ci ildə 2 dəfə devalvasiya baş verdi. 2016-cı il ərzində manat daha 15% ucuzlaşdı. Hansı ki, bütün bunların təsirlərindən hələ də yaxa qurtara bilməmişik. Odur ki, 2017-ci il əvvəlcədən də deyildiyi kimi, dönüş ili olaraq yadda qalacaq.

Bununla belə, risklər hələ böyükdür. Bu da ondan irəli gəlir ki, neftdən asılılığımız tam bitməyib. Və bu, gələn il də əhəmiyyətini qoruyub saxlayır. Bunun üçün 2018-ci il dövlət büdcəsinə Neft Fondundan (ARDNF) daxilolmaların həcminə diqqət yetirmək kifayətdir. Belə ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub ki, 2017-ci il ərzində bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı nəzərdə tutulurdu.

Daha bir risk vəziyyəti isə odur ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji qiymətdən 12,5% və ya 5 dollar çoxdur. Səbəb gələn il dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılmasıdır. Ancaq buna tam zəmanət varmı? Sözsüz ki, yox. Çünki neftin dünya bazar qiymətinin növbəti illər ərzində məhz siyasi proseslərin təsiri altında olacağı bildirilir.

Əlbəttə, bütün bu risk halları hökumət tərəfindən də etiraf edilir. Belə ki, 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanın dövlət maliyyə idarəetməsi xarici və daxili amillərdən asılı olan bir sıra fiskal risklərlə qarşılaşa biləcəyi açıq qeyd edilib. Xüsusən də, neftin dünya bazarlarında ucuzlaşması xarici mühitdən asılı olan əsas risk amili olaraq göstərilib. Məsələn, hesablamalara əsasən, xam neftin qiymətinin 5 dollar azalması büdcə gəlirlərinin səviyyəsini 62,5 milyon manat azalması ilə nəticələnə bilər. Xam neftin qiymətinin dəyişməsi ARDNF gəlirləri vasitəsilə, həmçinin icmal büdcəyə də təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 dollar düşməsi ARDNF-nin gəlirlərinin 794 milyon manat azalmasına gətirib çıxara bilər. Bu isə o deməkdir ki, cari ildə bərpa olunan müsbət ticarət saldosu azalaraq tədiyyə balansına mənfi təsir göstərəcək. Nəticədə də manatın məzənnəsi üzərində yenidən təzyiq yaranacaq.

Xarici mühitdən asılı olan risklərdən digəri kimi beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin kəskin arta biləcəyi faktoru göstərilib. Çünki bu, xarici dövlət borcuna xidmət xərclərini, həmçinin xarici borclanma xərclərini də artıracaq. Bu isə öz növbəsində dövlət büdcəsi xərclərinin nəzərdə tutulduğundan daha çox, həmçinin dövlət və özəl sektorların xərclərinin də artımasına, mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxaracaq.

Ancaq bunları qoyaq kənara... Əsas məsələ fikrimcə, daxili mühitdə baş verə biləcək risklərdir. Bu mənada, ən böyük risk isə ölkənin bank sektorundadır. Bank sektorunda mövcud olan problemlər həll olunmamış qalır. Sadəcə olaraq, ümumi iqtisadi atmosferdə nisbətən sabitlik yarandığından sektorda böhranlı vəziyyət "şiddətini" hiss etdirmir.

Şərhlərimdə də qeyd etmişəm ki, ölkəmizin bank sektorunda problemlər hələ illər öncədən yaranmışdı: istehlak kreditlərinin necə gəldi paylanması, xarici maliyyə qurumlarının səxavətli olmasından böyük zövqlə və həvəslə yararlanılması və sair kimi amillər sistemi çoxdan uçuruma aparırdı. Beynəlxalq Bankın (ABB) timsalında bu, əyani əksini tapdı. 2012-ci ildən etibarən bütün bunlar narahatlıq doğurmağa və ciddi nəzarət tədbirlər görmək lazım gəldiyi haqda danışılmağa, istehlak kreditlərinin verilməsinə dair şərtlərin sərtləşdirilməsinin zəruri olduğu vurğulanmağa başlandısa da, gec idi.

Bankların nizamnamə kapitallarını tədricən artırmaq tələbi, kreditləşdirməni sərtləşdirilmək və sair kimi tədbirlər müsbət addımlar idi. Mərkəzi Bank (AMB) tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması haqda tələbi, habelə onların nizamnamə kapitalları həcminin 10 milyon manatdan 50 milyona qaldırılması barədə öncə (2012-ci ilin iyul ayının 25-də verilən qərara əsasən) 2014-cü ilin əvvəlinədək, sonra isə 1 il uzadılaraq 2015-ci ilin yanvarın 1-dək uzadılması qərarlarını nəzərdə tuturam.

Ancaq bunlara bir az əvvəldən start verilməli idi. Odur ki, neftin qiyməti 2014-cü ilin iyununda düşməyə başlayan kimi "yaranın üstü" açıldı. Və birinci də, təbii olaraq məhz, ABB üzrə "biabırçı" vəziyyət üzə çıxdı. Hazırda bütün banklara güclü maliyyə dəstəyi tələb olunur. O səbəbdən ki, banklar kredit verə bilmirlər. Çünki əvvəla, iqtisadi aktivlik yoxdur. İkincisi, real sektorda risk səviyyəsi yüksəkdir. Üçüncüsü, manata inam əvvəlki kimi deyil. Kredit vəsaitləri də ucuz başa gəlmir: Əhalidən 12-15%-lə əmanət cəlb edən bank biznes kreditini bundan aşağı faizlə necə verməlidir ki?! AMB-in uçot dərəcəsi isə 15% səviyyəsindədir. Xarici maliyyə qurumlarından da əvvəlki kimi vəsait cəlb etmək mümkün deyil. Odur ki, sual yaranır: banklar ucuz pulu hardan almalı və onu real sektorda risk səviyyəsi də yüksək olduğundan neçə faizdən verməlidilər ki, qazanc götürsünlər?!

Odur ki, bütün bunlar tezliklə həllini tapmalıdır. Əks halda, əmanətlərin sığortalanması, habelə bank-maliyyə sisteminin restrukturizasiyası kimi amillər ilə əlaqədar xərclərin artması dövlət büdcəsi üçün təhlükə yarada bilər. Eyni zamanda, bank-maliyyə sistemində yarana biləcək öhdəliklər də büdcənin xərc yükünü artırmaqla, makroiqtisadi sabitlik üçün təhlükə yaradar. Xarici risklərin mövcudluğu bizdən asılı olmasa da, daxili məsələlərin həlli özümüzdən asılıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Büdcə-2018  





Xəbər lenti