Avropa ilə Asiyanı birləşdirən nəhəng layihə: BTQ bizə nə qazandıracaq (ŞƏRH)

Avropa ilə Asiyanı birləşdirən nəhəng layihə: BTQ bizə nə qazandıracaq (ŞƏRH)
  01 Noyabr 2017    Oxunub:7967
Tarixi İpək Yolu Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı ilə yenidən bərpa edilib. Bu, o deməkdir ki, Çindən Avropaya sərnişinlər və yüklər ən qısa yolla fasiləsiz daşına biləcək. Çin və Avropa arasındakı dəmiryolu məsafəsini 7 min kilometr azaldan və 15 gün ərzində yüklərin ünvanına çatdırılmasını təmin edəcək bu layihədən Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi dvidentlər əldə edəcək.
Layihənin Azərbaycan üçün iqtisadi tərəflərini AzVision.az-a şərh edən millət vəkili Tahir Mirkişili bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi Avropa, Qafqaz və Asiya koridorunun mühüm hissəsidir: “Bu yol həm də orta koridor adlanır. Koridor Avropa və Asiya arasında ən qısa yoldur. Layihənin Azərbaycan, eyni zamanda region ölkələri üçün iki istiqamətdə iqtisadi əhəmiyyəti var.

Birincisi, tranzit rolundan - yüklərin və sərnişinlərin daşınmasından əldə olunan gəlirdir. İlkin mərhələdə bu dəmiryolu vasitəsilə 1 milyon sərnişin və 6.5 milyon ton yükün daşınması nəzərdə tutulursa, sonradan bunu 3 milyon sərnişin və 20 milyon ton yükün daşınmasına qədər artırmaq mümkündür. Bu qədər sərnişin və yükün daşınması iqtisadiyyata 1 milyard dollardan artıq gəlir vermək iqtidarındadır. Belə bir faydanın olması, ölkələrin tranzitdən əldə edəcəyi gəlir təbii ki, layihənin iqtisadi əhəmiyyətini artırır.



İkincisi isə bu dəmir yolundan istifadə etməklə hər bir ölkə öz məhsullarını xarici bazarlara çıxara bilər. Məsələn, Azərbaycan ixracatçıları, neft-kimya sənayesi, kənd təsərrüfatı məhsulları, mebel istehsalçıları, ümumilikdə iqtisadiyyatın bir çox sahələri bu dəmir yolu vasitəsilə çox qısa və ucuz formada Avropa və Asiya bazarlarına çıxış əldə edəcək. Hər bir məhsulun qiymətində daşınma xərcləri nə qədər aşağı olarsa, məhsulun rəqabət qabiliyyəti bir o qədər yüksək olur. Məhz bundan çıxış etsək, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri məhsullarını birbaşa Türkiyə-Avropa, Çin-Hindistan bazarlarına çıxara bilməsi imkanları iqtisadiyyat üçün əlavə fayda verir”.



T.Mirkişili qeyd edib ki, layihənin yalnız Bakı-Tbilisi-Qars hissəsinə baxmaq düzgün deyil: “Çünki, bu layihə ilə yanaşı Azərbaycan ərazisindən keçən Şimal-Cənub layihəsi də reallaşmaq üzrədir. Bakı-Tbilisi-Qars dəmir yolunun Şimal-Cənub dəmir yoluna inteqrasiya olunması ilə Azərbaycan Avropa ilə yanaşı, cənub və şimal istiqamətində yüklərin daşınmasını təmin edə biləcək ki, bu da əlavə iqtisadi gəlir deməkdir. Hazırda şimalda “Vikinq qatarı” layihəsi də həyata keçirilir. Bu dəmir yolu Baltik və Qara dənizlərini portlarını birləşdirən və ildə 20 milyon ton yükün daşınmasını nəzərdə tutan layihədir. Bunun da Bakı-Tbilisi-Qars layihəsinə inteqrasiya olunması layihənin gücünü və potensialını əlavə olaraq artıracaqdır. Nəzərə alsaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başa çatmaq üzrədir. Bu limanın yük aşırma qabiliyəti 20 milyon tonun üzərindədir. Eyni zamanda orada iqtisadi zona da yerləşir. Həmin zonada istehsal sahələrinin yaranması, gömrükdən və vergidən azad sahibkarların həm də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə məhsullarını ixrac etmək imkanları bu layihəyə yalnız tranzit layihə kimi yox, iqtisadiyyatın dayanıqlı inkişafını və qeyri-neft sektorunun inkişafını təmin edə biləcək bir marşurut kimi baxmağa imkan verir”.



Millət vəkili bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsinin artmasına də səbəb olacaq: “Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsi 4.2 milyard dollar ətrafındadır. Belə bir yanaşma var ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə müəyyən müddətdən sora hər üç ölkə arasında xarici ticarət dövriyyəsi 2.5 dəfə, yəni 10 milyard dollar qədər artacaq”.

Tarixi layihə: BTQ həm də Azərbaycanın siyasi uğurudur



Bakı-Tbilis-Qars dəmir yolu xəttinin tarixi layihə olduğunu vurğulayan, politoloq, millət vəkili Elman Nəsirov qeyd edib ki, bu layihənin Azərbaycan üçün iqtisadi əhəmiyyəti ilə yanaşı çox böyük siyasi əhəmiyyəti də var:

“Bu layihənin reallaşdırılması bir daha göstərdi ki, Azərbaycan və onun dövlət başçısı ortaya siyasi iradə qoyarkən mütləq öz həllini tapır. Bakı-Tbilisi-Ceyhan neft kəmərində də, Bakı-Tbilisi-Ərzurum qaz kəmərində də eyni hal idi. Bu gün də eyni hal baş verir. Bu, bir daha onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyevin söylədiyi kimi Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, dünyada sözümüzün mənası və çəkisi böyükdür. Azərbaycan hansı sözü verirsə, bu mütləq konkret əməllə öz əksini tapır. Dəmir yolu xəttinin Azərbaycan üçün çox böyük iqtisadi və siyasi çəkisinin olduğunu bilən dünyadakı, xüsusilə ABŞ-dakı erməni lobbisi hər vəchlə çalışdı ki, bu layihə reallaşmasın. Məhz bu fəaliyyətin nəticəsi olaraq ABŞ Senatı layihənin maliyyələşdirilməsi üçün Azərbaycana vəsaitin ayrılmasının əleyhinə çıxdı. Ardınca ABŞ Dövlət Departamentindən Dünya Bankına təzyiqlər oldu ki, layihəyə vəsait ayırmasın. Hətta, o zaman ABŞ-dakı erməni lobbisi və diasporunun təzyiqi ilə ABŞ Konqresində Gümrüdən Qarsa gedən dəmir yolu xəttinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr başladı. Nəzərə alsaq ki, Gümrü-Qars dəmir yolu xəttinin uzunluğu 80 kilometrdir. Onun 66 kilometri Türkiyə ərazisinə, 14 kilometri isə Ermənistan ərazisinə düşürdü. Məhz bu layihənin işə salınması üçün müəyyən təzyiqlərə oldu. Amma, bunların heç biri baş vermədi, baş verə də bilməzdi. Çünki, Ermənistan işğala son qoymadan Azərbaycanın təşəbbüsçüsü olduğu heç bir layihədə iştirak edə bilməz”.



E.Nəsirov vurğulayıb ki, BTQ-nın işə düşməsi ilə Azərbaycanın iqtisadi gücü artdıqca, şübhəsiz dünyada siyasi gücü də artacaq: “Eyni zamanda Azərbaycanın hərbi gücü də artacaq. Çünki, bu layihənin işə düşməsi ölkəmizə əlavə valyuta ehtiyatlarının gəlməsi deməkdir. Azərbaycanın bu dəmir yolundan ilk illərdə mimumum gəliri 50 milyon dollar olacaq. Lakin, 2034-cü ildə bu xətt üzərindən 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Deməli, bu zaman Azərbaycanın gəlirləri də artacaq.

Bakı-Tbilis-Qars dəmir yolunun işə düşməsinə beynəlxalq təşkilatlardan, xüsusilə Avropa İttifaqından gələn dəstək bir daha bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycan necə bir nəhəg layihəyə imza atıb və bununla da Avropa və Asiya arasında ən qısa və etibarlı yolu təmin edib. Bu səbəbdən Avropa və Asiyada Azərbaycanın siyasi çəkisi daha da artmış oldu. Ən böyük siyasi çəki ondadır ki, bu layihə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin növbəti səhifəsinin açılması deməkdir”.

Azərbaycana qarşı məkrli plan baş tutmadı...



Millət vəkili Sahib Alıyevin fikrincə, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsiylə Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilməsi yolunda sonuncu sayılmasa da, ən mühüm addımlardan biri atılmış oldu: “Bununla da ölkəmiz hər il 50 milyondan bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır. Əlbəttə, bu önəmlidir. Ancaq bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir”.

S.Alıyev xatırladıb ki, 10 il bundan öncə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin özülü qoyular-qoyulmaz Azərbaycanla Türkiyənin qarşı-qarşıya gətirilməsinə yönəlmiş "futbol diplomatiyası" deyilən bir oyun ortaya atılıb: “Bunun ardından da hardasa 2008-ci ilin avqustunda Ermənistanda Gümrü-Qars dəmir yolu xəttində təmirə başladıldı. Bunda məqsəd Bakı-Tiflis-Qars dəmir yolu xəttininin önəmini heçə endirmək idi. Həm də təkcə iqtisadi baxımdan yox. Əgər Gümrü-Qars dəmir yolu xətti işə düşsəydi, Azərbaycanın və təkcə Azərbaycanın deyil, elə Türkiyənin də bundan aldığı geosiyasi zərbə iqtisadi zərərdən qat-qat artıq olacaqdı. Amma rəsmi Bakının sərt və qətiyyətli davranışı, böyük türk xalqının təpkisi nəticəsində bu məkrli plan baş tutmadı, Sürix protokollarıyla birgə hara lazımdırsa, ora da getdi”.



Millət vəkili deyib ki, bu planın məkrliliyini daha yaxşı anlamaq üçün 1899-cu ildə işə salınan həmin Tiflis-Gümrü-Qars dəmir yolu xəttinin hansı məqsədlə çəkilməsinə diqqət yetirmək gərəkdir: “Bu dəmir yolunu ikinci Nikolay çəkdirmişdi. Məqsəd də Türkiyəni Qarsdan başlayaraq İstanbula qədər Rusiyaya birləşdirmək idi. Bəli, Tiflis-Gümrü-Qars dəmir yolu xətti ilk növbədə hərbi-siyasi məqsədlərə xidmət edirdi. Burada Türkiyəylə Rusiyanı birləşdirən yoldan yox, Türkiyəni Rusiyaya birləşdirmək yolundan söhbət gedirdi və bu plandada ən mühüm yer haylara ayrılmışdı. Plan alınmadı. Rusiya birinci dünya savaşında uduzdu, inqilab baş verdi. Sonra SSRİ yardıldı. SSRİ-nin yaradılmasıyla da Güney Qafqazın xəritəsini dəyişdirərək Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistan etdilər. Azərbaycanla Türkiyə arasında hay anklavı yaratdılar. Bununla da təkcə Azərbaycanı Türkiyəylə deyil, Altayları Anadoluyla birləşdirən zəncir qırıldı. Bu gün belə demək mümkünsə, polad qollarla həmin zəncir yenidən birləşdirilir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: BTQ   Azərbaycan  





Xəbər lenti