Ermənistanın gerbindəki oğurluq simvollar – ARAŞDIRMA (II YAZI)

Ermənistanın gerbindəki oğurluq simvollar – ARAŞDIRMA (II YAZI)
  10 Noyabr 2017    Oxunub:35512
Birinci yazıda Nuhun gəmisinin Ermənistanın gerbində haradan və necə peyda olmasını araşdırmışdıq. İndi isə Ermənistanın gerbindəki qalxan tutmuş qartal və şir təsvirlərinin mənalarına nəzər salaq.
Qartal və şir müdriklik, qürur, dözümlülük və nəcibliyi ifadə edən rəmzlər olsa da, nə həmin simvolların, nə də onların ifadə etdiyi mənaların Ermənistana və onun tarixinə heç bir aidiyyəti yoxdur. Gerbdəki qartal və şir təsviri plagiatdan başqa heç nə deyil. Bu heyvanlar xristianlığa qədər bir çox qədim imperiyaların gerbində təsvir edilib. Onlar yüzilliklər boyunca müxtəlif hakim sülalələrin rəmzi olublar. Məsələn, Qızıl qartal – Aquila Qədim Romanın qeyri-rəsmi gerbində təsvir olunmuş, xristianlığın dövlət dini kimi qəbul edilməsindən sonra isə İsaya aid olan simvollarla əvəz edilmişdi.

Qədim tarixə malik ölkə kimi görünmək üçün hər vəchlə özünü qədim dövlətlərə, o cümlədən, Roma imperiyasına calaşdırmaq istəyən ermənilər Romaya aid bir sıra simvolları, o cümlədən, qartal təsvirini mənimsəyiblər. Guya gerbdəki qartalın və şirin caynağında tutduğu qalxandakı dörd bölmə “dörd qədim müstəqil erməni çarlığının” – Arşakilərin, Baqratidlərin, Artaşesidlərin və Rubenidlərin rəmzidir. Əvvəla, bu çarlıqların ermənilərə heç bir aidiyyəti yoxdur. İkincisi, hətta ermənilərə aid olsaydı belə, gərək bu cür “qədim dövlətçilik ənənələri olan xalq” öz rəmzlərinə malik olaydı, başqalarından gerb simvolları oğurlmazdı.

Adıçəkilən dörd çarlıqdan Arşakilər (Ərsaqilər) parfiya mənşəli olub, indiki Ermənistan ərazisi də daxil olmaqla Atropatena, İberiya və Qafqaz Albaniyasını idarə edən qədim sülalə olmuşlar. Sülalənin banisi I Arşak (Ərsaq) Parfiya dövlətinin əsasını qoymuşdu. Bizim eradan əvvəl 250/256-cı ildən eramızın 224-cü ilinədək hakimiyyətdə olan Ərsaqilər İranı yunan-makedoniya sülaləsi olan Selevkilərdən azad etmiş və öz əcdadlarını Avesta qəhrəmanlarına bağlamışlar. Avesta isə qədim azərbaycanlıların müqəddəs kitabıdır, ermənilərin yox.

Digər tarixi mənbələr onların adlarını “Ər” (igid, ərən, cəsur) və “Saq” sözləri ilə əlaqələndirərək, türk mənşəli qədim Sak tayfaları ilə əlaqələndirirlər. Bəzi mənbələrdə isə sülalənin əsasnı qoyan xalqların Xəzər dənizində şərqdə yaşayan parna tayfaları olduğu bildirilir ki, onların da ümumiyyətlə ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar Makedoniyalı İsgəndərin ölümündən sonra Parfiyaya daxil olmuş, İran və Mesopotamiya üzərində nəzarəti tədricən öz əllərinə keçirmişlər.

Ermənilərin xəstə təxəyyülünə görə, onların hətta eramızdan əvvəl üçüncü minillikdə (b.e.ə. 2492/2107 – b.e. 325-ci il) dövlətləri olub. Lakin bu, əfsanədən başqa bir şey deyil.

“Dörd erməni çarlığı”ndan biri olduğu iddia edilən Baqratidlərin də kökünü ermənilər Bibliyada adı çəkilən Qədim İsrail çarı Davidə (Davud) və onun oğlu Solomona (Süleyman) bağlamağa cəhd göstərir və bununla da özlərinin müqəddəs kitabda adı çəkilən qədim xalq olduqlarını sübuta yetirmək istəyirlər. Erməni tarixçilərinin uydurmalarına görə, guya, Baqratuni tayfası Ermənistana gətirilmiş yəhudi mənşəli əsir hansısa Şambotdan (ermənicə Smbat və ya Sumbat) başlayır.

Lakin Baqrationların mənşəyi ilə bağlı gürcülərin də öz versiyası var. Onlar ermənilərdən fərqli olaraq sülalənin kökünü eramızdan əvvəl III əsrdə hökmranlıq etmiş Parnavazianilərə - İberiya çarları sülaləsinə bağlayırlar.

Göründüyü kimi, ermənilər özlərinin qədim xalq olduğunu sübut etmək üçün öz köklərini gah parfiyalılara, gah qədim Urartuya, gah Bibliya əfsanələrinə, gah qədim gürcü knyazlarına, albanlara və s. xalqlara calaq etməyə çalışırlar. Onlar özlərinin hansı soy-kökə mənsub olduqlarını hələ də dəqiqləşdirə bilməyiblər və ya bunu aydınlaşdırmaq onlara sərf etmir.

Həqiqət ondan ibarətdir ki, Qafqazın yerli əhalisi olduqlarını iddia edən, azərbaycanlıların isə guya Altay dağlarından gəlmiş köçəri türk tayfası olduğunu bildirən ermənilərin özləri bu əraziyə gəlmə xalqdır. SSRİ dövründə Moskvada nəşr edilən “Народонаселение стран мира”, “Большая советская энциклопедия” və s. sanballı əsərlərdə ermənilərin skiflərin Hindistanı işğal etməsindən sonra Pəncab əyalətindən Bizansın şərqinə, indiki Suriya-Livan ərazisinə qaçıb gəlmiş siqin (цыган, qaraçı) tayfalarının bir şəcərəsi olduqları qeyd edilib.

Erməni tarixini araşdıran məşhur qafqazşünas akademik V.Veliçko heç bir tarixin onda erməni tarixi qədər şübhə yaratmadığını, İ.Şopen isə ermənilərin Ərməniyyənin qədim sakinləri deyil, Assuriyadan gəlmə köçəri tayfa olduqlarını yazıblar. Bu qədər yalanlar içərisində olan xalqın öz dövlət rəmzlərində qədim, sivilizasiyalı tarixdən bəhs etməsinə riyakarlıqdan, saxtakarlıqdan başqa nə ad vermək olar?!

Xalqın iradəsinin ən ali ifadəsi olan milli dövlətin və dövlətçiliyin rəmzləri onun tarixinin, ideologiyasının güzgüsüdür. Əgər bir dövlətin rəmzləri saxta, uydurma tarixi, əsassız ərazi iddialarını özündə əks etdirirsə bu, həmin ölkənin yaşama hüququnun olmadığını, sivilizasiyalı dünya və onun ən ali dəyərlərindən biri olan sülh üçün təhlükə mənbəyi olduğunu sübut edir.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Ermənistan   #Gerb   #Tarix  





Xəbər lenti