Bank sektorunda böhrandan çıxmaq şansı yaranıb– TƏHLİL

Bank sektorunda böhrandan çıxmaq şansı yaranıb– TƏHLİL
  13 Noyabr 2017    Oxunub:4585
Bank sektorunda vəziyyət hələ düzəlməsə də, bəzi göstəricilər ümid yaradır. Növbəti ildə vəziyyətin daha da yaxşı olacağı haqda proqnozlar verilir. Məsələn, problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələciyi deyilir. Eyni zamanda, kapital dayanıqlığı bərpa olunmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində də tədbirlər görülməyə başlanacağı bəyan edilib.
Ümumiyyətlə, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımların davam etdiriləcəyi qeyd olunur.

Daha bir sevindirici məlumat isə ondan ibarətdir ki, bankların xalis mənfəti müsbət dinamika üzrə inkişaf edir, həmçinin xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il oktyabrın 1-nə 2 706,5 milyon manat təşkil edib. Bu da, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 3 721,8 milyon manat və ya 2,38 dəfə azdır, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2,35 dəfə... İndi burada Beynəlxalq Bankın (ABB) 2,266 milyard ABŞ dolları (3,85 milyard manat) həcmində xarici öhdəliyinin dövlətin öz üzərinə götürməsi məsələsinin oynadığı rolu qoyuruq kənara...

Bank sektorunun normal fəaliyyəti, başqa sözlə desəm, gəlirliyi mövcud sərbəst vəsaitləri nə dərəcədə cəlb edərək, dövriyyəyə buraxa bildiyi ilə ölçülür. Çünki hər bir bankın gəlirini bütün mənbələr üzrə qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Odur ki, bank əgər, kredit verə bilmirsə deməli, vəsaiti yoxdur, yəni onu cəlb edə bilmir, yox əgər, krediti verib onu geri qaytara bilmirsə deməli, gəliri yoxdur, ona görə də fəaliyyəti iflic vəziyyətə düşür.

Məsələ bundadır ki, keçən ayın əvvəlinə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 857 milyon manat təşkil edib. Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 824 milyon manat idi. Demək, oktyabr ərzində problemli kreditlərin həcmi 33 milyon manat artıb. Qeyd edim ki, 2017-ci ilin əvvəlində problemli kreditlərin həcmi 1 milyard 472,6 milyon manat təşkil edirdi. Fevralda bu məbləğ 1 milyard 633,1 milyon manata qalxdı. Yola salınmasına cəmi 1 ay qalan bu il ərzində yalnız, martda azalma baş verib, yəni 1 milyard 556,4 milyon manata düşüb.

Aprelin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 590,3 milyon manata, mayın 1-nə 1 milyard 594 milyon manata, iyunun 1-nə 1 milyard 739,8 milyon manata, iyulun 1-nə 1 milyard 810,7 milyon manata, avqustun 1-nə 1 milyard 812,8 milyon manata yüksəlib. Yanvar-sentyabr aylarında problemli kreditlər 384,4 milyon manat artıb.

Yeri gəlmişkən, ötən şərhimdə yazmışdım ki, hələ yaxşı ki, hökumətin ABB ilə əlaqədar yürütdüyü siyasət, yəni, könüllü restruktizasiya planı uğurla alındı və müvəffəqiyyətlə yerinə yetirilir. Yəni, ABB bağlanmadı. ABB bağlanası olsaydı, bütün bank sektoru çökə bilərdi.

2015-cil 21 fevral dekabr devalvasiyalarından sonra 13 bank bağlanıb - 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Real olaraq, mövcud banklardan 20-dən çoxunun vəziyyəti də heç də o bağlanmış bankların vəziyyətlərindən geri qalmır.
Hər halda 14-ü zərərlə işləyir.

Qeyd edim ki, bu problem, yəni kredit məsələsi neftin qiymətinin enməsi, yaxud devalvasiya nəticəsində yaranmayıb. Yəni, onun əsası 2012-ci ildən də əvvəl qoyulub: banklar kreditləri necə gəldi payladıqları dövrdə. Bu da ona görə baş verdi ki, ölkədə neftin dünya bazar qiymətləri ilə bağlı gəlir bolluğu, əhalidə banklara inam var idi, əmanət qoyanlar çox idi. Üstəlik, xarici maliyyə qurumları ölkənin maliyyə vəziyyətinin yaxşı olmasını nəzərə alaraq banklara aşağı faizlə kreditlər ayırırdılar, başqa sözlə desəm, böyük səxavət nümayiş etdirirdilər.

Neftin qiyməti düşən, ölkənin dollar gəlirləri azalan kimi “yaranın üstü” açıldı.
Girişdə qeyd etdim ki, bütövlükdə sistem üzrə bir çox göstəricilər yaxşılaşıb. Bəli, bu həqiqətən də belədir. Məsələn, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il yanvarında qeydə alınıb: 8 071,7 milyon manat və ya 4 211,7 milyon dollar... Təkrar edirəm ki, 2017-ci il oktyabrın 1-nə 2 706,5 milyon manat təşkil edib. Ancaq əsas problem vaxtı ötmüş kreditlərlə bağlıdır. Odur ki, sual olunur: nə etməli?!

Cavabı budur ki, nə banklar, nə biznes, nə də əhali bu kreditlərin ödənməsi, yaxud bağlanması işinin öhdəsindən təkbaşına gələ bilməz. Bu qədər vəsaiti birdəfəlik dövlətin üzərinə götürməsi də qeyri-mümkündür və düzgün deyil. Buna görə də problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməlidir.

Yeri gəlmişkən, bu məqsədlə ABB təcrübəsindən istifadə edilə bilər. Bunun üçün də hökumət tərəfindən kompleks tədbirləri əhatə edən böyük bir plan hazırlanmalı və bütün banklar restrukturizasiya olunmalı, problemli kreditlərin bağlanması üçün məsuliyyət əhali-Mərkəzi Bank-kommersiya bankları arasında ədalətli şəkildə bölüşdürülməlidir.

Mərkəzi Bank və ya digər dövlət qurumu kreditlərin mühüm bir hissəsini əhali adından banklara ödəyə bilər. Bunun üçün Dövlət Neft Fondunun vəsaitlərindən də istifadə oluna bilər. Əslində, ən əlverişli mənbə də elə Neft Fondudur. Bu halda əhaliyə ödəniş üçün daha uzunmüddətli dövr müəyyənləşdirmək imkanı yaranar.
Çünki bankların hazırkı vəziyyəti uzunmüddətli dövrdə ödənişləri gözləməyə imkan vermir, dövlətin isə buna imkanı var: dünya bazarında neftin qiyməti artır, iqtisadiyyat böhrandan çıxmağa başlayır. Yəni, indi sözügedən problemi dediyim yolla həll etmək üçün ən münbit şərait mövcuddur. Ən geci 2018-ci ilin birinci yarısında bu istiqamətdə konkret addımlar atılmalıdır. Əks halda, yaxın müddətli dövrdə bank sistemini böhrandan çıxarmaq çətin olacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Bank  





Xəbər lenti