Şəkidə tükürpədici olay: Ata xəstə qızını küçəyə atıb (VİDEO)

Şəkidə tükürpədici olay: Ata xəstə qızını küçəyə atıb (VİDEO)
  11 Dekabr 2017    Oxunub:23873
Nisə Məhərrəmovanın 22 yaşı var. Onu Şəkidən paytaxta gətirən səbəb iflic xəstəliyindən əziyyət çəkən övladından doğma atasının və yaxınlarının üz döndərməsidir. Ailəsi ona qızını uşaq evinə verməyi təkid etsə də, Nisə bununla razılaşmayıb. Xəstə övladından imtina edilən 22 yaşlı ana sonda evi tərk edərək, “Ümid yeri” Uşaq sığınacağına üz tutub.
Nisə AzVision.az-ın əməkdaşı ilə söhbətində həyat yoldaşından qızının xəstəliyinə görə ayrıldığını deyib.



“Uşaq xəstə olduğuna görə atası onu qəbul etmirdi. Deyirdi, mənə xəstə uşaq lazım deyil. Bu səbəbdən də evi tərk edib, atamgilə gəldim. Ancaq orada da vəziyyət ürəkaçan olmadı. Mənə dedilər ki, uşağı qəbul etmirik, ərin saxlasın. Heç kim xəstə uşağıma sahib çıxmadı. Ailəmin təkidi ilə uşağı atasına verməyə məcbur oldum. Həyat yoldaşım uşağa baxmadı, gətirib atamın evinə qoydu ki, mənə belə uşaq lazım deyil. Çıxılmaz vəziyyətdə qaldım. Nə həyat yoldaşım, nə də valideynlərim bizi qəbul etdi. Valideynlərimə uşağımdan ayrılmayacağımı dedim. İnsan öz övladını necə ata bilər axı?!”.

Nisənin sözlərinə görə, valideynləri onu məcbur ediblər ki, xəstə körpəsini uşaqlar evinə versin, amma o, qəti şəkildə etirazını bildirib.

“Qərarımı vermişdim. Atam uşağı müalicə etdirməyə imkanının olmadığını dedi. Bildirdi ki, hara istəyirsən get, bizə uşaq lazım deyil, canın çıxsın özün saxla. Bundan sonra uşağımı götürüb Bakıya gəldim”.



Nisə rəsmi nikahda olduğu həyat yoldaşından hələ boşanmayıb. Buna baxmayaraq, o, nə övladı, nə də xanımın harada olması ilə maraqlanır.

“Uşaqdan qabaq da söz-söhbətimiz olub. Hələ nişanlı olduğumuz zaman onun ailə qədri bilməyən, özü üçün yaşayan adam olduğunu başa düşmüşdüm. Ancaq gec idi. Valideynlər nişanı qaytarmağa imkan verməzdilər. Deyirdilər, ayıbdı, bizi biabır eləmə. Böyüklərimin sözünü yerə salmadım.

Ailədə 5 uşağıq: 2 bacı, 3 qardaş. Qardaşıma zəng edib dedim ki, uşağa bağlı televiziya verilişinə çıxmışam. Əsəbiləşdi ki, niyə çıxmısan. Atam da yəqin verişişə çıxdığıma görə məndən inciyib. Ona görə də, bizi axtarmırlar. Bunan sonra evə qayıtmaq istəmirəm”.

Nisə imkanlı şəxslərə üz tutaraq, övladının müalicəsi üçün yardım istəyib: “Həkimlər deyirlər ki, uşağın sağalması üçün ümid var. Buna görə onu atmaq istəmirəm. İnanıram ki, sağala bilər. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızıma kömək etsinlər. Onu itirmək istəmirəm”.

Şahanə Rəhimli
Foto:Elvin Abdulla
Video: Əhməd Xəlilov

AzVision.az


Teqlər: Uşaq-evi   Sığınacaq  





Xəbər lenti