Mebel sənayesi üçün yaxşı imkanlar yaranıb - TƏHLİL

Mebel sənayesi üçün yaxşı imkanlar yaranıb - TƏHLİL
  22 Dekabr 2017    Oxunub:12356
Qeyri-neft sektorunun özəlliklərindən biri odur ki, çoxlu sahələri var və həmin sahələrin də hər birinin inkişafı üçün ölkədə güclü xammal bazasının olması tələb edilmir. Əsas odur ki, bazara daxil ola biləsən. Bazarda mövqe qazandınsa, fəaliyyət istənilən halda mümkündür. Mebel istehsalı və satışı məhz belə sahələrdəndir.
Xatırladım ki, keçən ilin yanvarında regionların 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına aid konfransda Prezident İlham Əliyev yerli istehsala məxsus məhsullara üstünlük vermək lazım gəldiyini vurğulayaraq, qeyd etmişdi ki, ölkəmizdə yüzlərlə mebel şirkəti var və onların istehsal etdikləri məhsulların keyfiyyəti heç də xarici mebellərdən fərqlənmir. Bunun üzərindən artıq 2 ilə yaxın vaxt keçir. Ötən müddətdə ölkədə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, iqtisadiyyatın bu qolunun bütün istiqamətlər üzrə irəliləməsinə, artım əldə olunması və ölkədən ixrac məhsullarının çeşidinin genişləndirilməsi işlərinə ciddi diqqət yetirilir və bu, bir nömrəli vəzifəfəyə çevrilib.

Bəs, ölkədə mebel istehsalı hansı vəziyyətdədir? Azərbaycan mebel brendləri rəqabətə həqiqətənmi davamlıdırlarmı?

Mebel və ümumiyyətlə, bunun kimi digər məişət əşyaları ən çox tələb olunan məhsullar sırasındadır. Odur ki, ölkəmizin istər paytaxtı Bakı şəhərində, istərsə də rayon mərkəzlərində hər addımdan bir mebel satış salonlarına rast gəlinir. Bu, o deməkdir ki, mebel çox gözəl biznes sahəsidir.

Əvvəllər bu sahədə idxal malları üstünlük təşkil edirdi. Çünki ilk dövrdə onların həm qiymətləri sərf edirdi, həm də yerli analoqları yox idi. Lakin çox qısa müddət ərzində bu sahədə yerli istehsal obyektləri yarandı və beləliklə də, müvafiq sənaye formalaşdı. Hazırda ölkədə minlərlə böyük və kiçik mebel istehsalçısı var. Bu da ondan irəli gəlir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə əhalisinin mebelə tələbatının hazırda 80%-ə yaxın hissəsi məhz yerli istehsal hesabına ödənilir.



2017-ci ilin yanvar-avqust aylarında ölkədə 24,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib, təkcə mebel istehsalı 20,2% artıb. Bu isə o deməkdir ki, yerli mebel sənayesi istehsalına məxsus mallar xarici analoqları ilə müqayisədə daha yaxşı reallaşdırılır. Səbəb ondan ibarətdir ki, yerli mebellər həm qiymətinə görə sərfəlidir, həm də keyfiyyətinə görə heç də çox da geri qalmır. Bununla belə, yenə sual yaranır ki, yerli mebellərə tələbat qənaətbəxş səviyyədədirmi?

Mebel və onun kimi digər məişət əşyaları ən çox tələb olunan məhsullar sırasındadır. Və yerli mebel məhsulları da, dediyimiz kimi, pis reallaşdırılmır. Lakin tələbatın varlığı həm da alıcılıq qabiliyyətinin olması demək deyil. Yəni bir çox məqamlar tədiyyə qabiliyyətli tələbdən asılıdır. Azərbaycanda mebel alınması üçün adambaşına düşən xərc Avropa ölkələrilə müqayisədə olduqca aşağı səviyyədədir. İnkişaf etmiş ölkələrdə evdə və ofisdə istifadə olunan mebellər demək olar, hər 3-4 ildən bir dəyişdirilir. Ölkəmizdə isə bu rəqəm təxminən, 10-15 ildən birdir. Ölkə vətəndaşlarımızın maddi vəziyyəti ən çox yerli mebellər almağa imkan verir. Buna görə də satış, yəni reallaşdırma səviyyəsi yaxşı vəziyyətdədir. Çünki ən yaxşı yerli mebelin alınması aşağısı 1000-2000 manatdan yuxarı başa gəlir. Xarici analoqlar üzrə isə bu rəqəm 6000-7000 manatdan başlayır.

Odur ki, hesab edirəm, Azərbaycanda mebel istehsalı sahəsini daha da təkmilləşdirmək və inkişaf etdirmək olar. Belə ki, buna ölkəmizdə münbit şərait mövcuddur. Söhbət, həm bazardan gedir, həm işçi qüvvəsindən, həm də xammaldan.

Yeri gəlmişkən, bir daha təkrar edim ki, xammal əsas şərt deyil. Dünyada əsas mebel istehsalçısı kimi tanınan ölkələrə diqqət yetirsək, onların özlərində xammalın kənardan alındığının şahidi olarıq. Məsələn, dünya ağac ehtiyatlarının 25%-dən çox hissəsi, yəni 1/4-i Rusiya ərazisində yerləşir. Amma rus mebel sənayesi öz məhsullarıyla dünyada Çin, Sloveniya, Rumıniya, Macarıstan və İtaliya kimi ölkələrin mebelçilərindən geri qalır və onlar qədər tanınmır. Çünki, əsas keyfiyyətdir. Müvafiq texnologiyaların əldə olunması, birgə müəssisələrin yaradılması və sair yollarla bu sahədə çox böyük nailiyyətlər əldə etmək mümkündür. Ümumiyyətlə, qeyri-neft sektoru sahələri sırasında mebel sənayesinin bizdə böyük perespektivləri olduğu danılmaz faktordur.

Daxili bazarın ötəri təhlili bunu da deməyə əsas verir ki, yerli mebel istehsalına aid məhsullara tələbat getdikcə, azalmaq əvəzinə daha da artan tendensiya üzrə inkişaf edir və edəcək. Bu isə sözügedən sahəyə xüsusi diqqət və yanaşma tələb edir. Belə ki, əgər bu gün biz, daxili tələbimizin 80%-ni yerli istehsal hesabına ödəyə biliriksə, demək, dünya bazarlarına da çıxa bilərik və istər-istəməz, bu haqda da düşünməliyik. Bunun üçünsə keyfiyyətə böyük diqqət yetirmək tələb olunur. Yəni, yerli istehsala məxsus mebel məhsullarının xarici analoqlaru ilə müqayisədə yüksək rəqabətqabiliyyətliliyinə nail olmalıyıq.

Ümumiyyətlə, ölkədə mebel sənayesinin inkişafı üçün bir sıra dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var və bunun görülməsi böyük effekt verə bilərdi. Düşünürəm ki, hökumət bu sahədə düşünməli və nəzərə alınmalıdır ki, ölkədə mebel sənayesinə əgər xüsusi diqqət yetirilərsə, yaxın 3-4 ildən sonra "Made in Azerbaijan" brendi altında ən çox tanınan məhsullarımız sırasında mebellərimiz də mühüm yer tutacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Yüngül-Sənaye   #Mebel  





Xəbər lenti