“X” faktoru: Aprel ilə Oktyabrın arasında nə baş verə bilərdi? – TƏHLİL
Əgər seçki əvvəlcədən nəzərdə tutulduğu kimi, oktyabr ayında keçirilsə, İlham Əliyevin qalib gəlmək ehtimalı nə qədər idi? Azərbaycan reallığına bələd olan hər kəs bilir ki, olduqca yüksək. Seçkinin apreldə, iyulda, oktyabrda, dekabrda keçirilməsindən asılı olmayaraq, bütün hallarda onsuz da indiki dövlət başçısının qalib gələcəyi heç bir şübhə doğurmurdu.
“Müxalifəti hazırlıqsız yaxalamaq” haqqında deyilənlərə gəlincə, əgər müxalifətin hansısa potensial namizədinin reytinqi fevralda təkrəqəmli ədədlə ifadə olunursa, o, oktyabra qədərki 6 ay ərzində olduqca yüksək reytinqə malik indiki Prezidentə real rəqibə çevrilə bilməz. Belə şey olmur. Yəni seçkinin 6 ay qabağa çəkilməsinin guya müxalifət amilini zərərsizləşdirməklə bağlı olduğu ehtimalını birdəfəlik qırağa qoymaq lazımdır. Bunu müxaliflər iddia etməkdə maraqlıdırlar, çünki özlərini ciddi amil kimi göstərmək baxımından versiya onlara sərf edir: “Baxın, hakimiyyət bizdən qorxub, seçkini qabağa çəkdi”. Amma real analiz baxımından bu ehtimal heç nəyə yaramır.
Elə isə, aprel ilə oktyabrın arasında hansı bir “X” amili var ki, məhz onu qabaqlamaq və zərərsizləşdirmək üçün seçki qabağa çəkilib? Bax, bizə bu siyasi tənliyi həll etmək lazımdır.
Şübhəsiz, qərarı verən şəxslərdə bununla bağlı hansısa ciddi informasiya olub və ona əsaslanaraq, belə bir addım atıblar. Bizdə həmin informasiya yoxdur. Ona görə də, sadəcə, məntiqi metodlarla həmin “X” amilinin nə ola biləcəyini müəyyənləşdirməyə çalışaq.
Artıq dediyimiz kimi, bu amil müxalifətlə bağlı ola bilməz. Azərbaycanda “müxalifət” adına ancaq bir neçə feysbuk bloggeri var ki, onların da reytinqi reklama qoyulmuş postlar üçün ən yaxşı halda 1000 “layk”dan o yana keçmir. Bu, nəinki ciddi, ümumiyyətlə, qüvvə deyil.
Prezident İlham Əliyev son vaxtlar çıxışlarında tez-tez vurğulayır ki, Azərbaycanda sabitliyin pozulmasına heç bir daxili təhdid yoxdur, mümkün təhlükələr ancaq xaricdən gələ bilər. Nəzəri cəhətdən belə bir versiyaya baxmaq mümkündür ki, seçkilər ərəfəsində hansısa xarici qüvvələrin Azərbaycanda təxribat, yaxud iğtişaş törətmək planları olub və bu haqda ölkə rəhbərliyində informasiya var imiş. Bu, ancaq tam məxfi, “xidməti” informasiya ola bilər, bizim onunla bağlı yalnız ehtimal irəli sürməyimiz mümkündür.
Gizlətməyin mənası yoxdur ki, Azərbaycanda hakimiyyətin dəyişməsini istəyən xarici qüvvələr az deyil. Əvvəla, indiki hakimiyyət Qarabağ məsələsində qəti və tam güzəştsiz mövqe tutub, bu isə çoxlarına sərf etmir. Elə bir mürəkkəb geosiyasi məqam yaranıb ki, indi Azərbaycanın Qarabağ məsələsində "yumşalması" bir neçə böyük güc mərkəzinə sərf edərdi. Amma hər kəsə aydındır ki, İlham Əliyev hakimiyyətdə qaldıqca, bu, heç vaxt olmayacaq.
İlham Əliyevin bir qədər əvvəl Davosda da dediyi kimi, “Bəziləri hesab edirlər ki, Azərbaycan kimi o qədər də böyük olmayan dövlət bu dərəcədə müstəqil siyasət yürütməli deyil”. Azərbaycanın dövlət başçısı ehtiyatlı və ölçülü-biçili danışan siyasətçi, eyni zamanda peşəkar diplomatdır, heç vaxt sırf publikaya işləmək üçün nəsə demir. Onun Davosda səsləndirdiyi həmin fikir müəyyən dairələrə ünvanlanmış “Biz sizin planlarınızdan xəbərdarıq” mesajı da ola bilərdi.
Digər tərəfdən, o da istisna deyil ki, düşmən dövlət də Azərbaycanda seçkilər yaxınlaşan dövrdə cəbhə xəttində ardıcıl təxribatlar törətmək planları hazırlamış ola bilər. Ermənilər Azərbaycandan aprel döyüşünün əvəzini çıxmaq üçün fürsət axtardıqlarını gizlətmirlər. Bu qisas aksiyasını seçki ərəfəsinə salmaq ölkəmizə ikiqat zərbə vurmaq cəhdi olardı – həm hərbi, həm də siyasi. Çünki əgər aprel döyüşləri səviyyəsində toqquşmalar baş versə, onlarla hərbçimiz həlak olsa, bunun seçki prosesinə hansı təsiri göstərəcəyini təsəvvür etmək çətin deyil. İstisna deyil ki, erməni tərəfin həqiqətən də belə planı var və bu haqda kəşfiyyat məlumatları ələ keçirilib. Elədirsə, seçkiləri 6 ay qabağa çəkmək həm düşmənin planlarını pozmaq, həm də insan həyatlarını xilas etmək deməkdir.
Əlbəttə ki, prosesi tezləşdirmənin “dinc” səbəbləri də ola bilər: Məsələn, ehtimal etmək mümkündür ki, Prezident seçki keçirmək, sonra iqtidar komandasında müəyyən yenilənmə aparmaq və artıq yenilənmiş komanda ilə daha dərin islahatlara başlamaq fikrindədir. Buna görə də “yolayrıcında atları dəyişməmək üçün” əvvəlcə həmin yolayrıcını mümkün qədər tez keçməyə çalışıb. Mümkündür, amma az inandırıcıdır: çünki bu halda 6 ay heç nəyi həll etmirdi, eyni prosesin 6 ay gec baş verməsi ilə heç nə dəyişməyəcəkdi. Başqa sözlə, siyasi tənlikdə belə bir məchul da ola bilər, amma indi bizim axtardığımız "X" bu deyil. İlham Əliyev bu tip məsələlərdə hər zaman səbrli və təmkinli hərəkət edir – eynilə Ulu Öndər Heydər Əliyev kimi.
Beləcə, bizə ən real görünən ehtimal budur: Aprel ilə Oktyabrın arasında hansısa bir olduqca ciddi “X” amili var, seçkinin qabağa çəkilməsi həmin faktoru zərərsizləşdirmək məqsədilə edilib. Bu faktorun müxalifət və ya hakim komandanın daxilindəki vəziyyətlə bağlı olması çox zəif ehtimaldır. Daha inandırıcı versiya budur ki, həmin “X” amili ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hansısa hədə ilə bağlıdır. İndi əlimizdə informasiya olmadığı üçün biz bunun məhz necə bir hədə olduğunu dəqiq bilmirik, amma yəqin ki, zamanı çatanda biləcəyik. Seçkinin qabağa çəkilməsi də, güman ki, məhz həmin o “X” amilini zərərsizləşdirmək məqsədi daşıyıb.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: #Növbədənkənar-Seçki #11-aprel #İlham-Əliyev